“Ermənilər törətdikləri vəhşiliklərə görə cavab verəcəklər” RƏY-ÖZƏL

30 Noyabr 2020 15:12 (UTC+04:00)

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanan bəyanatın bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur. Sənəddəki qrafikə əsasən 28 il işğal altında qalan Laçın rayonu Azərbaycana qaytarılacaq. Ağdam və Kəlbəcər rayonları kimi Laçın da bir güllə atılmadan tam nəzarətimiz altına keçəcək”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev bildirib.

C.Şahverdiyev deyib ki, işğal altında olan rayonlarımızın itkisiz azad edilməsi Azərbaycanın düşmən üzərində tam qələbəsi və Ali Baş Komandan Cənab İlham Əliyevin Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatların sübutudur: “Ermənilər işğal altında saxladıqları rayonlarımızı tərk edərkən misli görünməyən vəhşiliklərə əl atıblar. Evləri yandırıblar, tarixi abidələrimizi dağıdıblar, ekoloji terrora əl atıblar, bir sözlə torpağımızın üstündə nə vardısa hamısını yerlə- yeksan ediblər. Düzdür, bu, milyardlarla manat ziyan deməkdir. Dağıdılan rayonlarımızın bərpasına illər lazım gələcək. Azərbaycan hökuməti həmin rayonlarda həyatı bərpa edəcək. Soydaşlarımız tarixi yerlərinə qaytarılacaq, həyat öz axarı ilə davam edəcək. Amma bu vəhşiliklərə görə ermənilər cavab verəcəklər”.

C.Şahverdiyev onu da əlavə edib ki, Prezidentin apardığı müdrik siyasətin nəticəsində Dağlıq Qarabağ sərhədi boyu bütün ərazilər Azərbaycana qaytarılır. Qarabağda sülh prosesi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülhməramlı qüvvələrin iştirakı ilə həyata keçiriləcək: “Azad edilən bütün rayonlarımıza qaçqınlarımız qayıdacaq. İctimaiyyəti daha çox Xankəndi, Xocalı və Xocavənddə həyatın necə bərpa ediləcəyi düşündürür. Bilməliyik ki, Sovet dövründə DQMV var idi, status və müəyyən hökumət var idi, indi heç biri yoxdur. Xocavənd, Xankəndi, Xocalı Azərbaycanın rayonlarıdır. Bu rayonlara dövlət strukturları hökumətimiz tərəfindən formalaşdırılacaq, rəhbərlər təyin olunacaq. Axı, həmin rayonlar da Azərbaycanın tərkibində qalır, Azərbaycanın əraziləridir. Qaçqınlarımızın oralarda yerləşdirilməsi hökumətimizin tam nəzarəti ilə həyata keçiriləcək. Orada yaşayanlar Azərbaycan vətəndaşları olacaq və hamının da hüququ Azərbaycan Konstitusiyası çərçivəsində qorunacaq. Qarabağn işğaldan azadlığı uğrunda yüzlərlə şəhid verilməyib ki, adıçəkilən üç rayon nəzarətsiz qalsın. Həmin rayonlar da Azərbaycanın tarixi yerləridir. Həmin ərazilərdə Ermənistan dövlətinə heç bir idarəetmə verilmir və verilməcəyək də. Qarabağ Azərbaycandır!”