Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin üzvləri Ərsin Tatarla görüşüb

30 Noyabr 2020 15:02 (UTC+04:00)

Şimali Kipr Türk Respublikasında (ŞKTR) fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə ŞKTR prezidenti Ərsin Tatarla görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə cəmiyyətinin sədri Orxan Həsənoğlu, üzvləri – professor Fəxrəddin Məmmədov, tanınmış bəstəkar, professor Cavanşir Quliyev, həkim Bəxtiyar Məmmədov və azərbaycanlı iş adamı Tural Əliyev iştirak ediblər.

Prezident seçkilərində uğur qazanması münasibətilə Şimali Kiprdə yaşayan soydaşlarımız adından Ə.Tatarı təbrik edən cəmiyyətin sədri O.Həsənoğlu Azərbaycanın tarixində önəmli hadisələrin baş verdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əzəli torpaqlarımızı işğaldan azad etdiyi, bu nəticənin əldə olunmasında qardaş Türkiyə və Şimali Kipr xalqının mənəvi dəstəyinin daimi hiss edildiyi barədə danışıb.

2021-ci ildə ciddi layihələrin icra ediləcəyinə diqqəti cəlb edən cəmiyyət sədri qeyd edib ki, Gazimağosa şəhərində Qarabağ parkının açılması, Lefkoşa şəhərində Heydər Əliyev prospektinin və Alsancaq bölgəsində yerləşən Azərbaycan məhəlləsinin yenidən qurulması nəzərdə tutulub. Bundan başqa, cəmiyyət gələn il gerçəkləşdirilməsi gözlənilən Türk Vizyon Film Festivalına sponsorluq edəcək və Bakı şəhərində Kipr konfransı keçiriləcək.

Professor Fəxrəddin Məmmədov adada yaşayan soydaşlarımız və onların uğurlu fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, artıq Şimali Kiprdə çoxlu sayda azərbaycanlı ailələr yaşayır.

Ə.Tatar qonaqları salamlayaraq bu görüşün təşkil olunmasına görə təşəkkür edib. Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin adada fəaliyyətindən məmnunluq duyduğunu bildirən Ə.Tatar deyib: "Hər bir azərbaycanlı burada fəxri böyükelçidir".

ŞKTR-nın prezidenti əlavə edib ki, Azərbaycanın Qarabağ savaşında sərgilədiyi milli iradə Kipr türklərini çox sevindirib: "Möhtərəm Prezident İlham Əliyevin cəsarətli addımları Dağlıq Qarabağ müharibəsində zəfər əldə olunması ilə nəticələndi. Biz hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduq. Bundan sonra da Şimali Kipr Türk Respublikası qardaş Azərbaycanın yanında olacaq".

Görüşün sonunda ŞKTR-nın prezidentinə xatirə plaketi təqdim edilib.