“İlk növbədə ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması vacibdir” ÖZƏL-MÜNASİBƏT

30 Noyabr 2020 15:00 (UTC+04:00)

“Beynəlxalq hüquq və eləcə də beynəlxalq konvensialara uyğun olaraq iki ölkə arasında münasibətlərin və eləcə də iqtisadi münasibətlərin bərpa olunması üçün ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və ərazi bütövlüyünə hörmət eməsi çox vacibdir”. Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Ermənistanın iqtisadiyyat nazirinin ölkələr arasında bazarlara çıxış barədə söylədikləri, bunun mümkünlüyü barədə SİA-nın suallarına verdiyi cavabda deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan üçün ölkənin ərazi bütövlüyü ən proiritet məsələlərdən biridir və artıq nəzərə alaq ki, biz ikinci Qarabağ savaşındakı böyük qələbədən sonra Ermənistanla Azərbaycan arasındakı sərhədlərin tanıdılması və sərhədlərin müəyyənləşdirilməsi prosesinə daxil olmuşuq: “Artıq Kəlbəcərdən Ermənistan silahlı qüvvələri çıxarıldı, azad olundu, Azərbaycan Ordusu, hərbçisi, əsgəri, vətəndaşı Kəlbəcərdədir. Eyni zamanda ikinci Qarabağ savaşı zamanı da Ermənistan-Azərbaycan arasında olan sərhədlərin bir qismi ordumuz tərəfindən azad olunub. Artıq Laçının təhvil verilmə prosesidir və praktik olaraq bundan sonra, Ermənistan-Azərbaycan arasındakı sərhədlərin məhz əvvəlki, Sovet dövründə olan sərhədlərə uyğun olaraq müəyyənləşdirilməsi prosesini müşahidə edəcəyik.

Digər mühüm məqam, təbii ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və ona hörmətlə yanaşmasıdır. Azərbaycan əslində, regionda sülhün tərəfdarıdır. Azərbaycan bütövlükdə, regional inkişafda maraqlı olan ölkədir. Bunun üçün təbii ki, xüsusən də ölkələrinin bir-birinin ərazi bütövlüyünə beynəlxalq hüquq çərçivəsində hörmət etməsi və onu rəsmi olaraq tanıması gərəkir.

Əslində, Ermənistanın işğalçı siyasəti uzun müddət Ermənistanın özü üçün iqtisadi və siyasi problemlər yaradıb. Uzun müddət Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğalda saxlaması bir tərəfdən təbii ki, bizim həmin ərazilərə Ermənistan siyasi rəhbərliyi tərəfindən, ordusu tərəfindən ciddi ziyanın vurulmasına gətirib çıxarıb. Digər tərəfdən isə həm də Ermənistanın özünün iqtisadi inkişafını ciddi şəkildə məhdudlaşdırıb. Ona görə də işğalçı siyasət və işğalçı yanaşma Ermənistanın iqtisadi baxımdan inkişafına mane olan əsas səbəblədən biridir. Təbii ki, pis idarəetmə, korrupsiya, rüşvətxorluq və digər problemlər də Ermənistan iqtisadiyyatının inkişafına mane olan səbəblərdir. Ona görə də düşünürəm ki, Ermənistan ümumiyyətlə, gələcəkdə inkişaf etmək istəyirsə, regional proseslərdə hansısa bir formada iştirak etmək niyyətindədirsə, birmənalı şəkildə beynəlxalq hüquq prinsplərinə uyğun olaraq digər ölkələrin və təbii ki, nəzərə alsaq ki, konflikt Ermənistanla Azərbaycan arasındadır, Azərbaycanın ərazi bütövlüyünü tanıması çox vacibdir.

Ümumiyyətlə, əməkdaşlıq üçün, ölkələrin bir-birinin bazarına çıxış əldə etməsi üçün ilk növbədə ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması vacibdir. Konfliktə bu kontekstdən də təbii ki, əgər nəzər salsaq, konfliktin Ermənistan iqtisadiyyatına ziyanları var idi. O baxımdan düşünürəm ki, Ermənistan növbəti mərhələdə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, regionda özünün bir şəkildə iştirak edə biləcəyi və iştirakda maraqlı olduğu əməkdaşlıq mərhələsi, digər ölkələrlə, digər region ölkələri ilə əməkdaşlıq mərhələsi haqqında düşünə bilər.

Artıq bazarlara çıxış imkanları və birbaşa Ermənistanın digər qonşu ölkələrin, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqədardır. Təbii ki, Ermənistan Azərbaycan üçün kiçik bir bazardır. Azərbaycan bazarı, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış qonşu ölkələr üçün prioritetdir, vacibdir. Amma bütün hallarda əməkdaşlıq üçün ilk növbədə beynəlxalq hüquq prinsplərinə əməl edilməsi, təbii ki, Ermənistanın işğalçılıq siyasətinin tamamən dayandırılması və Azərbaycanın ərazi bütövlüyünü tanıması əsas şərtdir”, deyə Vüqar Bayramöv bildirib.