“Türkiyədən Azərbaycana könül körpüsü” - FOTOLAR

30 Noyabr 2020 14:02 (UTC+04:00)

Deputat Jalə Əliyevanın həmtəsisçisi olduğu mərkəzin keçirdiyi beynəlxalq konfrans Həsən bəy Zərdabinin vəfatının 113-cü ildönümünə həsr olunub

Həsən bəy Zərdabi İrs Mərkəzi, “EKO Avrasiya” beynəlxalq təşkilatı, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, maarifçilik cərəyanının ən fədakar simalarından olan Həsən Bəy Zərdabinin vəfatının ildönümünə həsr olunmuş anım tədbirləri həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçiləri – deputat Jalə Əliyeva, Zərdabi nəslinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov, mərkəzin idarə heyətinin sədri Seymur Bayramov Həsən bəy Zərdabinin Fəxri xiyabandakı məzarını ziyarət edib, böyük ziyalının xatirəsini anıblar.

Mərkəzin üzvləri, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın məzarlarını da ziyarət ediblər.

Daha sonra Azərbaycan və Türkiyə deputatları, ziyalılar və bələdiyyə sədrlərinin iştirakı ilə “Türkiyədən Azərbaycana könül körpüsü” adlı beynəlxalq onlayn videokonfrans keçirilib.

Həsən bəy Zərdabi İrs Mərkəzinin idarə heyətinin sədri Seymur Bayramov konfransı giriş sözü ilə açaraq yeni təsis edilmiş mərkəzin qısa zamanda həyata keçirdiyi layihələr, gələcək plan və məqsədlər haqqında konfrans iştirakçılarına məlumat verib. Keçmişimiz, bu günümüz və gələcəyimizin ən önəmli tarixi hadisəsi - Qələbəmizin əsl səbəbkarları olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq bildirilib, babalarımızın ruhunun əsirlikdən qurtulduğu, irsimizin və dəyərlərimizin öz tarixi sahiblərinə qovuşduğu qeyd edilib. Azərbaycan və Türkiyə QHT-ləri, diaspor və media təşkilatları ilə birgə informasiya müharibəmizin birgə əməkdaşlıq çərçivəsində daha səmərəli şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Deputat, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyeva Azərbaycan və Türkiyənin əzəli və əbədi dostluq, qardaşlıq əlaqələrinin tarixi əhəmiyyəti haqqında danışaraq, bütün dövrlərdə, hətta sovetlər dönəmində də Türkiyənin Azərbaycanı heç bir zaman unutmadığını, bu iki ölkənin qəlbinin hər zaman birlikdə vurduğunu bildirib. 44 günlük ədalət mübarizəmiz zamanı da Türkiyə Respublikasının dövlət, hökumət, parlament olaraq, eyni zamanda, media ilə birlikdə bütün dünyaya Azərbaycanın yanında olduqlarını bəyan etməsinin önəmindən danışıb. Jalə Əliyeva bildirib ki, “XXI əsr türk əsri olacaq” deyənlər yanılmayıblar. Bu günlərdə yaşadığımız böyük zəfərlərlə, Türkiyənin və Azərbaycanın ayrılmaz tellərlə bir-birinə bağlanması ilə hər iki ölkənin prezidentlərinin - İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsində artıq XXI əsrin türk əsri kimi yadda qalacağını qeyd edib. Azərbaycan dövlətinin qarşılaşdığı haqsız, qərəzli münasibət və təzyiqlərə baxmayaraq, öz qətiyyəti və əzmkarlığı ilə mənfur düşmənə qalib gəldiyini vurğulayan çıxışçı Fransa Senatının bədnam qərarına da toxunub. Jalə Əliyeva bu qərarı, münaqişə başlanandan bəri Fransanın tutduğu təktərəfli ermənipərəst mövqenin davamı kimi qiymətləndirərək, həmin qərarı həm də 1000 il əvvəl Fransanın Şərqə, türk torpaqlarına qarşı həyata keçirdiyi Səlib yürüşlərinin məntiqi davamı kimi şərh edib.

Həsən bəy Zərdabi nəslinin nümayəndəsi Nüsrət Məlikov Zərdabi irsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Videokonfransın təşkilat komitəsinin üzvü “EKO Avrasya” təşkilatının idarə heyətinin sədri Hikmet Eren Zərdabi irsinin təkcə Azərbaycanda deyil, bütün türk dünyasında təbliğ olunması istiqamətində layihələrin icra olunmasının əhəmiyyətini qeyd edib. O, şanlı qələbə münasibətilə sevinc hisslərini qonaqlarla paylaşıb.

TBMM-in üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan xalqının iradəsindən və əzmindən, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qələbə ruhundan söz açaraq həqiqət və ədalətə kar, kor, lal olan bəzi dövlətlərin qərəzli münasibətləri, xüsusilə Fransa Senatının qəbul etdiyi ədalətsiz qərar haqqında öz fikirlərini bildirib.

Türk dünyasının tanınmış siyasətçisi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Fransa Senatının qərarının təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyə dövlətinin gündən-günə artan gücü qarşısında düşdükləri qorxu kimi qiymətləndirib.

Deputatlar Aqil Məmmədov, Ceyhun Məmmədov, Naqif Həmzəyev işğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi və 44 günlük müharibə dövründə mülki əhalimizin mütəmadi olaraq erməni terroru və cinayətləri ilə hədəfə alındığını bildirərək, Türkiyənin mənəvi dəstəyi haqqında söz açıblar.

TBMM-in üzvü İbrahim Aydemir, Ərzurum şəhərinin İspir rayon bələdiyyə sədri Əhməd Coşqun işğaldan azad olunmuş ərazilərdə Azərbaycan və Türkiyə birgə əməkdaşlığı çərçivəsində ictimai, sosial, iqtisadi layihələrin uğurlu nəticələr verəcəyinə inamlarını ifadə edərək, dostluq və qardaşlıq əlaqələrinin daim inkişaf etdirilməsi təşəbbüslərinə hazır olduqlarını söylədilər. İşğaldan azad olunmuş şəhər və rayonların Türkiyənin tarixi şəhərləri ilə qardaşlaşması istiqamətində təkliflərin hazırlanmasının vacibliyi xüsusi vurğulanıb. O da bildirilib ki, Zərdab və Karaman şəhərlərinin qardaşlaşması üçün danışıqların uğurla davam etməsi növbəti səmərəli toplantıların keçiriləcəyinə əminlik yaradır.

Konfrans zamanı Həsən bəy Zərdabi İrs Mərkəzi və “Eko Avrasya” təşkilatı arasında əməkdaşlıq protokolu imzalanıb.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, Zərdab rayon bələdiyyəsinin sədri Ramil Əliyev, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz, yazıçı-jurnalist Öndər Qaraqartal birgə əməkdaşlıq çərçivəsində uğurlu, davamlı layihələrin reallaşmasını və səmərəli əməkdaşlıq əlaqələrini iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinə müsbət töhfə verəcək amil kimi qeyd ediblər.