"Aşıq musiqisinin inciləri" layihəsi davam edir

30 Noyabr 2020 14:45 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzi (BMM) "Aşıq musiqisinin inciləri" layihəsini davam etdirir. SİA-nın məlumatına görə, layihənin növbəti təqdimatı Kəlbəcərli aşıq Allahverdi Qəmkeşə həsr olunub.

Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. O, oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiyadan gəlir. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir.

1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün kəlbəcərlilərlə birgə cənnət yurd-yuvasından didərgin düşür. 2008-ci ildə çox nəfis tərtibatda, aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin “Ön sözü” ilə “Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə” kitabı nəşr olunub. Allahverdi Qəmkeş 2002-ci ildə vəfat edib.