Vətən müharibəsinin Naxçıvan şəhidləri: KAPİTAN SEYMUR CABBAROV

30 Noyabr 2020 14:06 (UTC+04:00)

"Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür" deyən ölkə rəhbərimiz, Cənab Ali Baş Komandan İlham Əliyev bütün varlığı ilə hər zaman ölkə vətəndaşlarının, Azərbaycan gəncliyinin, qeyrətli vətən oğullarının yanında olmuş, xalqının, millətinin gələcəyi naminə hər şərait yaratmışdır. Vətən - doğma diyar, ana yurd, babaların, dədələrin əmanəti, tariximiz, ənənəmiz, azadlığımız...Bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkan. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Vətənimizin atributları bizim üçün müqəddəsdir. Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımızın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkündür.

Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvolun dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırdığının fərqinə varmış olarıq.

Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin oxşamasıdır. Xalqımızın güc və qüdrət nərəsi olan himnimiz oxunurkən hörmət əlaməti olaraq ayağa qalxıb, bərabər oxuyuruq. Onun verdiyi güc ilə başımız ucalır. Himnimizin hər bir misrası və hər bir kəlməsi qəhrəman ata-babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir. Əgər bir xalqın, millətin vətəni müəyyən olundusa, bundan sonra bu torpaqda yaşamağın məsuliyyəti birə beş artacaqdı. Belə vətən məsuliyyətli, bayrağımızın qırmızısına qanını qatan vətən qeyrətli igid oğullarımızdan biri də Seymur Cabbarovdur. 16 mart 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olan kapitan S.Cabbarov 1993-cü ildə Ramiq Abbasov adına orta məktəbin 1-ci sinifinə getmiş, 2001-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmiş, 2001-2004-cü illərdə Heydər Əliyev adına hərbi liseydə təhsil almışdır. Bitirdiyi il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmiş, elə həmin ildə Müdafiə Nazirinin əmrinə əsasən Leytenant hərbi rütbəsi alaraq, Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunun dinləyicisi təyin edilmişdir. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunu bitirmiş, Azərbaycanın Gəncə, Gədəbəy, Füzuli, Naxçıvan, Ağcabədi və Beyləqan kimi bölgələrdə xidmətdə olmuşdur. Şəhid kapitanın vətənə yadigar iki övladı qaldı – qızı Sevinc və oğlu Nihad. Vətən müharibəsinin qəhrəman şəhidi Seymur Cabbarovun ömür-gün yoldaşı Maral Cabbarova sevdiyi insanla olan müqəddəs sevgisi haqqında “Hürriyyət”ə verdiyi müsahibə, şəhidimizi həyat yoldaşı, ata, qəhrəman vətən oğlu kimi daha dolğun, səmimi ifadə edir: “Müharibə” sözünü eşidən kimi ağlıma ilk gələn 2020-ci ilin ilk anları olur. Biz həmin vaxt Naxçıvanda idik. Hər kəs kimi atəşfəşanlığa baxırdıq. 1-2 dəqiqə keçmədi qaça-qaç başladı, hərə bir tərəfə dağıldı. Alovlar başımıza tökülürdü, hamı qaçırdı. Biz də həmin vaxt o hadisəni yaşayanlardan biri olduq. Mən qızımla ağlıyırdım, Seymur bizi sakitləşdirirdi. Nihad isə nə olduğunu başa düşmürdü, atasının qucağında sakitcə durmuşdu. Amma hiss olunurdu ki, çox qorxmuşdu. Mən o hadisəni yaxınlarıma danışanda deyirdim ki, mən özümü müharibədə hiss etdim. Seymur da gülə-gülə mənə baxıb deyirdi “Sən müharibə görmüsən? Sən nə bilirsən müharibə nədi?” Mən də “televizorda görmüşəm” dedim. Baxıb mənə, gülümsədi. O an qəlbimdən heç yaxşı şeylər keçmədi. Həmişə deyirlər ki, Yeni ili necə qarşılasan, həmin il qarşıladığın kimi keçər. O qəlbimdən keçən pis düşüncələri susdura bilmirdim. Əl açıb dua edirdim ki, Allahım, sevdiklərimlə sınama məni. O televizorda gördüyüm müharibə gərçək oldu və yarımı məndən aldı. Onunla ilk yolumuzun kəsişdiyi günü heç unutmaram.7 iyul 2009-cu il idi. Biz bir -birimizi heç görməmişdik. O akademiyanı bitirmişdi. İlk təyinatını Gəncəyə vermişdilər. Evdə valideyinləri Seymura “artıq sən də ailə həyatı qurmalısan deyirmişlər”. Onun da ən böyük arzusu birinci maşın almaq olub. Deyirmiş ki, birinci maşın alım, sonra ailə həyatı quraram. Ailəsinin təkidini görən Seymur “Qız tapın, evlənim. Amma elə qız olsun ki, mən hərbiçiyəm, hər yerdə başımı uca tutan olsun”, – deyib. Qohumlarından biri məni göstərib. Mən həmin vaxt NDU-nun riyaziyyat fakültəsinin ikinci kurs tələbəsi idim. Mənə dedilər ki, bəs, belə bir oğlan var, hərbçidir, nə deyirsən, görmək istiyirsən? Mən çox düşündüm və “hə” dedim.

Bizim həyətimizdə mağazamız var idi. Seymur həmin mağazaya gəldi, bir şeylər aldı. Əslində isə məqsədi məni görmək idi. Təsadüfən bir-birimizə baxdıq, göz-gözə gəldik və həmin an bizim hekayəmiz başladı…

Düzdü, hərbiçilər evdən çıxanda da, evə gələndə də ailəsi ilə görüşürlər. Biz o anı çox sevirdik. Atamızın evə gəlişi sanki bir dünya idi. Elə ki, ayaq səslərini eşidirdik, tez sıra ilə düzülürdük, kim birinci öpəcək atanı deyə yarış keçirirdik. Seymur 26-sı zəng etdi ki, “paltarlarımı hazırla, gəlirəm götürəm, gedəm təlimə. 1 həftəlik təlimimiz başladı”. Mən də tez yemək hazırladım, bir də sevdiyi şirniyyatdan hazırladım. Gəldi əl-üzünü yudu, yeməyini yedi. Dedi “bu gün çox hərəkətdə olmuşam, ona görə ayaqlarım şişib, ağrıyır”. Ayaqlarına krem sürtdük. Əynini geyindi, hazırlaşdı. Evdən çıxanda həmişəki kimi uşaqları və məni öpdü, o an mən ona dedim ki, bəs şirniyyatla çay içmədin axı, heç olmasa apar əsgərlərlə birgə ye. “Çox adam var orda, hansı birinə verim”, -deyə cavab verdi. Mən də cavabımda “Seymur, ürəyimdə qoydun həvəsimi, necə sevinə-sevinə hazırlamışdım”, – dedim. Görüşüb getdi. Gecə saat 2-3 arası idi. Zəng vurdu ki, qapını aç. Qapını açan kimi ilk sözü “Maralım, sən dedin ki, şirniyyat yemədin, ürəyimdə qaldı, bax, sənin o sözün üçün gəldim, çay gətir içək”. Mən də sevincək çay gətirdim, şirniyyatla çayını içdi. “Onsuz da orda yer yoxdu, 2 saat evdə yatım, birazdan gedərəm”, – deyib yatdı. Saat 05:00-da durub getdi. Gedəndə mənim alnımdan öpdü, məni təbrik etdi. Çünki 27-si bizim evliliyimizin 11 ili tamam olurdu. Mənə dedi ki, “gəlim, hədiyyəni alacam”. Mən də “sən özün mənə hədiyyəsən, heç nə istəmirəm”, – dedim. Seymur mənim ən dəyərli varlığım idi. Bir-iki addım atmışdı, təkrar mənə baxıb dedi: “Özündən, uşaqlardan muğayət ol. Uşaqlarıma yaxşı bax”. Nə bilərdim ki, onun son vidasıdı, onu bir də görməyəcəm. İkimizin də qayğıkeş, diqqətçil, qonaqpərvər olmağımız bir-birimizi tamamlayan xüsusiyyətlər idi. Bizi tanıyanların hamısı bunu yaxşı bilir. Elə bir rayon yoxdu ki, bizim orda dostumuz olmasın. İkimiz də gəzməyi, yeni yerlər kəşf etməyi sevirdik. Yaxın qohumlarından biri mənə dedi ki, təlimdə olanda Seymur ona deyirmiş ki, ilk məzuniyyətimdə uşaqları Qarabağa aparacam.

Hərbçi xanımı hər zaman dözümlü, səbrli, qürurlu olmalıdı. Çünki hərbi həyatı çox çətin, məsuliyyətli bir o qədər də şərəfli bir həyatdır. Mənim üçün hər dönəmi çətin olub. Tez-tez yer dəyişirdik, yorulmuşdum köçməkdən. Bəzən oturub “yoruldum artıq”, – deyib hönkür-hönkür ağlayırdım. Ən çətini Gədəbəydə olub, onda uşaqlar balaca idi. Qızımız 3 yaşında, oğlumuz isə təzə doğulmuşdu. Evin heç bir şəraiti yox idi. Qaz çəkilməmişdi o kəndə. Odun peçi yandırırdım.Su olmurdu, çaydan su daşıyırdım. Ev bir az dağ ətəyində idi, çay isə aşağıda. Suyu evə qaldıranda çox əziyyət çəkirdim. Qar dizdən olurdu. Qış vaxtı paltarları çayda yuyurdum. Yadımdan heç çıxmaz. Nihad hələ dünyaya gəlməmişdi, Sevinc isə 2 yaşında idi. Sevinc bərk xəstələnmişdi. Seymur da posta qalxmışdı. İşıqlarımız qış olanda hansısa xəttdən qopub düşürdü, çox vaxtı işıqsız qalırdıq, şam yandırırdıq.O gün yenə işıqlar söndü. Sevincə dərman verdim ki, qızdırması düşsün. Baxdım ki, bir az yaxşıdı. Hava qaralırdı, mənsə çaydan su gətirməli, bir də odun yarmalı idim. Getdim həyətə, odun yardım, suyu götürdüm, qalxdım evə. 10 dəqiqə çəkdi o işlərim. Evə girən kimi Sevinci əzizləməyə başladım. Ev qaranlıq idi, şam yanırdı. Gördüm Sevinc mənə heç bir reaksiya vermir. Qaçdım üstünə ki, qızım sudurqa keçirir, quruyub, sadəcə gözləri baxır. Aldım qucağıma, qışqırdım, qonşumuz gəldi. Özümü itirmədim, əlimi saldım boğazına üzünə su vurdum. Həmin an Sevincdən səs çıxdı. Aldım qucağıma, ağlaya-ağlaya tanımadığım kəndin yollarına düşdüm. Kömək istədim, sağ olsunlar, kənd camaatı kömək etdilər. Evə gəldik. Seymur isə heç nədən xəbəri yox halda dağdan düşürdü. Evə çatdı. Dedim yazıqdı deməyim olanları. Seymur mənə dedi ki, “Maral, Allah məni qurtardı, dağda qar çox idi. Az qala uçurumdan aşağı düşürdüm, uşaqlar saxladı məni”. Mən də onu Sevincin halından xəbərdar etdim. Səhərə kimi yatmadıq, gah ağladıq, gah da bir-birimizə təsəlli verdik. Həmin gün Allah iki sevdiyimi mənə bağışladı. Çətin günlərimiz, yaxşı günlərimizdən çox olub. Amma həmişə öhdəsindən gəlməyi bacarmışıq. Amma biz bir-birimizi tamamladığımız üçün hər bir halda o problemi aradan qaldırmağı bacarırdıq.

Biz 11 ildi ailəli idik. Demək olar ki, 11 ilin 5 ilini biz ailə kimi yaşamışıq. Çünki Seymur ya kursda, ya təlimdə, ya da dağda olurdu. Mən Naxçıvana gəlirdim, o qalırdı Gədəbəydə. Aylar sonra gəlib bizi aparırdı yanına. Biz bir-birimizdən çox ayrı qalmışıq. Axırıncı dəfə 2020-ci ilin yanvar ayında təyinatını Naxçıvandan Beyləqana verdilər. O, ayın 15-i getdi, biz isə qaldıq Naxçıvanda. Dedi ev tutanda deyəcəm gəlin. Günlərimizi sayırdıq, 1 günümüz 1 il kimi keçirdi. Mart ayında pandemiyaya görə yollar bağlandı, nə o gələ bildi, nə biz gedə bildik. Telefonla görüntülü danışırdıq. Uşaqlar burda ata həsrətindən ağlıyırdı, o da orda bala həsrəti ilə sızlayırdı. 8 ay ayrı qaldıq, sanki 8 il oldu. Avqust ayında Seymurun dayısı oğlu bizə bilet aldı. Allah ondan razı olsun. Avqustun 12-si həsrətimiz bitdi, qovuşduq. Çox gözəl və unudulmaz bir gün oldu. Uşaqlar atalarına sarılmışdı, o da uşaqlara. Ağlamamaq əldə deyildi. Allah heç bir övladı atasız qoymasın. Bizim başımıza gələn heç kimin başına gəlməsin. Övladlarım artıq atalarının əbədi gedişini qəbul ediblər. Bilmirəm, bəlkə də mənə elə gəlir. Amma mən Seymursuzluğu qəbul etməmişəm. Mənə onsuz nəfəs almaq, yaşamaq çox çətindi. Bəzən düşünürəm ki, övladlarım məni bu halda görməmək üçün qəbul edirmiş kimi görünürlər. Çünki gözlərini məndən ayırmırlar. Qorxurlar, düşünürlər ki, özümə qıyaram. Ancaq mən atasız qalan körpələrimi anasız qoymaram. 2-3 həftə bundan qabaq mən bir yaxın qohumla danışırdım. Ağlayaraq “Seymur yoxdu, ölüb”, – dedim. Qızım Sevinc bu sözümü eşidib mənə qışqırdı: “Ana, atam ölməyib, şəhid olub. Şəhidlər ölmür, onlar yaşayır”. O an qızıma baxdım və öz-özümə dedim ki, qızım atasının gedişiləmi belə böyüyüb, ya mən fərqində deyilmişəm onun böyüdüyünün. Nihad da mənə deyir ki, “Ana, atamın ruhu mənə keçib, bundan sonra mən sizə ata olacam”. Bəzən düşünürəm ki, gələn-gedən var, başları qarışıqdı, bir qədər zaman keçəndən sonra ataları üçün darıxsalar, mən nə edəcəm? Mən atalarını necə əvəz edəcəm? Çox çətin dözülməz bir dərddi. Seymur həmişə deyirdi ki, hərbçi xanımı dözümlü olar. Məgərsə bu günlər üçün deyirmiş. Seymurun şəhid olması haqqında da məlumatım var. Zəng vurduq, yanında olanlarla danışdıq. Yanlarına mərmi düşüb, 3 nəfər torpaq altında qalıblar. Onu çıxaranda sağ imiş, su istəyib. Yanlarında o an su olmayıb. Onu çıxaran əsgər yağışdan islanan torpağı sıxıb, bir damla su verib Seymuruma. Müqəddəslər kimi şəhid olan şəhidim də son anında su istəyib, “balalarım” deyib gözlərini əbədi yumub. Bu haqda danışa bilmirəm, çox çətindi, mən əzab çəkirəm. Seymur II Qarabağ müharibəsinə 1 həftə qalmış Mübariz İbrahimovdan, Polad Həşimovdan evdə çox danışdı. Onların necə şəhid olmağından danışdı. Birdə ki, 2015-ci ildə “kombat”ı olan, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan Rasim Məmmədovdan danışdı. Mən onun Facebookda yazdığı yazılardan gördüm ki, o, qisasla yaşayırmış. Seymur bir paylaşımında “Qısasın yerdə qalmayacaq, Cənab mayor. Mənim mərd, cəsur, igid, qorxmaz, qəhrəman “kombat”ım, qazi oğlu Rasim Məmmədov, sənin qisasını biz alacağıq və mən inanıram ki, sizin ruhunuz da o an bizimlə birlikdə vuruşacaq”, – deyə yazmışdı.

Mənim igid, cəsur, mərd, qorxmaz şəhid yarım qisasını almaq istədiklərinin qisasını layiqincə qəhrəmanlıqla aldın, sənin də ruhun şad olsun, qisasın alındı. Uğrunda canından keçdiyin Qarabağ azad olundu (https://www.hurriyyet.org/xeber/onsuz-n%C9%99f%C9%99s-almaq-yasamaq-m%C9%99n%C9%99-cox-c%C9%99tindir/).

Ancaq o sevgi dolu günlərin işığı sizin və övladlarınızın yollarını nurlandıracaq. Cismən sizi tərk edən Seymurun ruhu hər zaman sizinlə olacaq. Əziz bacım sən övladların üçün yaşamalısan, yaşamağa məcbursan. Çünki atalarının onlar üçün qurduğu arzulları, xəyalları çox idi. Ən böyük arzusu övladlarının xoş günlərini görmək və onlara gözəl gələcək bəxş etmək olsa da, igid qardaşım bunu görə bilmədi. Amma sən ANA müqəddəsliyinlə iki balanın xoş gün-güzəranını təmin etməklə, qəhrəman atalarının ruhunu şad edə bilərsən, etməlisən. Sən bunu bacaracaqsan. Mütləq bacaracaqsan. Hər zaman oğluna vətənpərvər, güclü, qürurlu olmağı öyrədən, “mənim davamçım”, “igidim” deyə səsləndiyi vətən oğlunu, gələcəyin cəsur əsgəri – Nihadı vətənpərvər ruhda böyüdüb, yetişdirmək artıq bundan sonra birinci ata, sonra da ana kimi sənin öhdəliyinə düşür. Başını dik tut əziz bacım. Hərbiçilərimizin qələbəsinin bir payı da onlarla çiyin-çiyinə bu həyatı yaşayan xanımlarının payına düşür. Əslində bu qalibiyyətdə bütün şəhidlərimizlə yanaşı onların ailələrinin –valideynlərinin, övladlarının, ən əsası isə xanımlarının payı var. Seymur torpaqlarımızı yağı düşməndən azad etməklə ən böyük arzusuna qovuşdu. Oktyabrın 3-ü Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Canından Vətənə can verərək VƏTƏN oldu. Ruhun şad, məkanın cənnət olsun bütöv Azərbaycanın qəhrəman oğlu!

Aynur Səfərli, DİN Polis Akademiyasının əməkdaşı, leytenant