"Qətnamə mənasız kağız parçasından başqa bir şey deyil" ÖZƏL-MÜNASİBƏT

30 Noyabr 2020 10:15 (UTC+04:00)

“Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə Azərbaycan üçün mənasız kağız parçasından başqa bir şey deyil. Döyüş meydanında məğlub olan düşmənin himayədarlarının bu cür ucuz vasitələrə al atması gözlənilən idi. BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa bu cür addımlarla açıq-aydın beynəlxalq hüququn normalarına qarşı çıxış edir”. Bu fikirləri SİA-ya millət vəkili Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi neytral mövqe nümayiş etdirməyi öz boynuna götürmüş Fransa hazırda tam ermənipərəst mövqe tutub və Azərbaycana qarşı yönəlmiş işğalçılıq faktını dəstəkləyir. Bu qətnamənin Fransa Senatının Rəyasətində qəbul edilərək plenar iclasa ötürülməsi Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Bu addım BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs verib, bununla da Fransa öz-özünü inkar edir. Bu sənədin Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin səyi nəticəsində tərtib olunması açıq-aşkardır. Senatın qərarına münasibət bildirən Fransa Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Parisin qondarma qurumu birtərəfli tanıması Fransanın özü də daxil olmaqla heç kəsə fayda verməz. Fransa hökuməti də başa düşür ki, bu qətnamənin bir kağız parçasından heç bir fərqi yoxdur. Çünki Azərbaycan öz süverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Deputat qeyd edib ki, Fransa Senatının qəbul etdiyi qətnamənin Azərbaycan üçün hüquqi yükü olmasa da, Fransanın Minsk qrupundakı fəaliyyətini kölgə altına aldı: “Hazırda Fransa siyasətçilərinin bir qismi Qarabağ məsələsində beynəlxalq hüququn yox, erməni əsilli seçicilərin marağının təminatçısına çevrilib. Bu, sadəcə, Ermənistanın məğlubiyyət acısına təsəlli üçün Fransa Senatının bir jestidir”.