İtaliyanın “Napoli” klubuna məxsus stadiona Dieqo Maradonanın adı veriləcək

30 Noyabr 2020 02:38 (UTC+04:00)

İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna əfsanəvi Dieqo Maradonanın adı veriləcək.

SİA-nın məlumatına görə, bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib: “Bir çox möhtəşəm ideyalar var idi. Amma yekunda bu ad olacaq: Dieqo Armando Maradona stadionu”.

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən əfsanəvi Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.