1988-ci ilin noyabrından 2020-ci ilin noyabrına...

29 Noyabr 2020 22:39 (UTC+04:00)

O noyabrın qışı daha soyuq, şaxtası qılıncdan daha kəsərli idi. O noyabrda gedənlər bir də geri dönməyəcəkdi. Tərk edilmiş yurdlar kimsəsiz, nigaran ruhlara, yiyəsinin iyini canına çəkmiş, zəncirindən açılmış itlərə, bir zamanlar gur yanan ocağın nağıl yuxusuna məst olan pişiklərə qalacaqdı. Yurdun hər qarışına yazılmış tariximizi silmək, milyon illik ocaq yerlərimizi yerlə-yeksan edib yerinə xaç basdırmaq istəyənlərin əlindəki silahının insaf üzü yox idi. Bu kinin, bu nifrətin bir adı vardı: bu gün də hələ çarəsi tapılmayan erməni xəstəliyi...

“Qonşun pisdi köç, qurtar”la da iş bitmirdi. Hara köçəydik, niyə köçəydik? Axı yurdun o başı da Vətən idi, bu başı da. Vətəndən-Vətənə başlanan köç bir millətin faciəsi deyildimi?

Sən demə, bizi bir ulduz altında birləşdirənlər sonumuzu bizdən yaxşı bilirlərmiş. Sən demə, bir millətin köç ssenarisi çoxdan yazılıbmış. Bizi köçürmədilər e, pərən-pərən etdilər, millət yollarda, buzlu dağ aşırımlarında pələsəng oldu...

1905-1906,1918-1920,1948-1953 və 1988-ci ilin soyuq noyabrı. Taleyimizlə barışsaq da, yurdsuzluqla, Vətənsizliklə barışa bilmirdik. Hər noyabr ayı gələndə içimizdəki nisgilimiz göyərir, qaysaq tutmayan yaramız yenidən qanayır. İndi Ermənistan adlanan dədə-baba yurdlarımıza günlərin birində dönərik deyə əzrayıla can verməyir yaşı yüzü haqlayanlar.

Düşmən elə azğınlaşdı ki, Qarabağı və ətraf rayonları da işğal etdi. Daha bir köç də ölümlərə yol açdı. Dünyanın Azərbaycan dramını izləyənlərin nə canı yandı, nə də ki, bu gedişə “Dur!”,-dedilər. Yalan vədlərlə, yazışmalarla, diplomatik masalardakı oyunlarla gözümüzə kül üfürüb, erməniyə isə “Vur!”, -dedilər. Bu otuz ili canımız dişimizdə gəzdik. Mübariz İbrahimov ruhumuzun ölmədiyinə inandırdı bizi. Düşmənin yuxusunu ərşə çəkən mübarizlər boy verdi içimizdən. Lələtəpəyə bayraq sancanda keçilməzləri keçməyə təpərimizin olduğunu gördük, yağmalanan torpaqlarımızda düşmənin havadarlarının köməyi ilə möhkəmləndiyinin bir daha şahidi olduq. Əllərini çəkəndə düşmən sabun köpüyü kimi suyun üzündə qaldı...

2020-ci ilin mübarək sentyabrında Vətən müharibəsinə başladıq. Müharibənin elə ilk günlərindəcə düşmən darmadağın edildi. Duruş gətirəcəyini zənn edən İrəvanın Xankəndi ilə arasındakı bağı elə ilk həmlədəcə qoparan ordumuz tarixi zəfərin ilk cümləsini oktyabrın 4-də Cəbrayılda yazdı. Bizi heç kim dayandıra bilməzdi, çünki müharibəni, antiterror əməliyyatını öz sərhədlərimiz daxilində aparırdıq. “Dayan”ın, “dur”un israrları qısamüddətli atəşkəslərlə müşahidə olunsa da Gəncənin bombalanması, Bərdə qətliamı düşmənin soyqırımlarda mahir olduğunu bir daha sübut etdi. On yeddi oktyabrda Füzili sevincinin sədası 20 oktyabrda Zəngilanda eşidiləndə Ermənistan hökuməti MİNSK qrupunu müharibəni dayandırmaq üçün sözün əsl mənasında cana yığdı. Şimal qonşumuz Rusiya sözünü kəsə dedi: “Müdaxilə edə bilmərik, çünki müharibə tarixi Azərbaycan ərazisində aparılır və biz onun ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.

Fransa isə bu illər ərzindəki susqunluğunu bu dəfə erməni əziləndə qoruyub-saxlaya bilmədi. Necə deyərlər, ermənidən betər erməni oldu. Amma çıfayda...

Qubadlıda Azərbaycan əsgəri bayraq sancırdı. Xudafərinin azadlığına qovuşmasını Arazın o üzündəki Vətən sevdalıları coşqu ilə qeyd edirdilər. Addım-addım, qarış-qarış azad edilən torpağın sevincini milyonların sevinci ilə eyniləşdirmək olmaz. Topraq azadlığına, ona özgürlük bəxş edənə qovuşanda duasını, şükranlığını mələklər eşidir...

Yollar, ümidlər, arzular Şuşaya aparırdı. O Şuşa ki, tarixdə dəfələrlə düşmən həmləsinin və hiyləsinin qurbanı olmuşdu. 1992-ci ilin mayında Xarı bülbül düşmən əsgərlərinin ayaqları altında can vermişdi. Xanın quş qanadlı səsini boğmuşdular, Üzeyir bəyin, xan qızı Natavanın heykəllərini güllələmişdilər. Bu illər ərzində Şuşanı haylaşdırmaq üçün nələr etməmişdi erməni təbliğat maşını. Aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi-mədəniyyət abidələrimiz Ermənistana daşınmışdı, xaricdə keçirilən bütün tədbirlərdə Şuşa qədim erməni şəhəri kimi təqdim olunmuşdu. Düzdür, gücümüz çatan, sözümüz keçən yerdə ağızlarından vurub əsl həqiqəti az da olsa lal, kor və kar dünyaya çatdıra bilmişdik.

Və etiraf edək ki, bu 44 gündə biz İlham Əliyev fenomenini də yenidən kəşf etdik. Onun qüdrətli bir sərkərdə, siyasət meydanını bölüşən nəhənglərin yanında boyu hər zaman ucada olan diplomat olduğunu da gördük. Ötən illər ərzində ordumuzun güclənməsi, xalqımızın rifah halının yüksəldilməsi, ən əsası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapması üçün gecəli-gündüzlü necə böyük bir zəhmətlə, yanğı ilə Vətənin xidmətçisi kimi çalışdığına da şahidlik etdik. O, nəyi dedisə, nəyə imza atdısa onu da etdi. Hər çətinin öhdəsindən xalqına güvənərək gəlməyi bacardı.

Xalqa dəfələrlə müraciətində torpaqlarımızı azad etmək yolunda apardığı mücadilədə onun da qarşısını almaq üçün hansı əngəllərin olduğunu qorxmadan, çəkinmədən dilə gətirdi. Biz zamanlar “Heydər baba, xalqı bu bəladan qurtar”,- deyən XALQ indi “Cənab Ali Baş Komandan, dayanma, irəli get, müharibə bitməsin, biz səninləyik”,- deyirdi.

Noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa edilən müraciətin mənasını çözmək elə də çətin deyildi. Bunca illər ərzində Vətən torpağı uğrunda qanları tökülənlərin ruhunu sevindirmək üçün dövlət başçımız xalqa məhz o ruhsal məkandan müraciət etməyi düşünmüşdü. And yerimiz Şuşanın işğaldan azad edildiyi xəbərini Ali Baş Komandanın dilindən eşitmək 50 milyondan çox olan bir xalq üçün daha böyük qələbələr qazanmağa çağırış idi.

Gözləri dolmuş, bu xəbəri hər birimiz kimi illərdir gözləyən VƏTƏNDAŞ olaraq Prezident deyirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”...

10 noyabr. Bütün Türk dünyasının, dünya Azərbaycanlılarının qələbə ayı. 1988-ci ildən bu yana apardığımız mübarizədə və nəhayət, Vətən savaşında biz qalib gəldik. Dizini yerə gətirdiyimiz düşmən məğlubiyyətini etiraf etdi.

“Qarabağ Azərbaycandır və nida!”,- deyən Ali Baş Komandanın VƏTƏN və XALQ qarşısında verdiyi sözə əməl etməsi, hərb və siyasət meydanında qələbəmizlə yekunlaşdı. O gün bütün Azərbaycan ayaqda idi. O gün göy üzü də şəhid ruhları ilə sevinirdi.

Qələbə günündə hələ birinci Qarabağ savaşında mərmi udmuş ayağını, əlini, gözünü düşmənə əsir düşməsin deyə öz əlləri ilə torpağa basdıran qazilərin sevincini, bugünlərdə Qələbə sorağını eşidib yatdığı xəstəxananın pəncərəsini açıb sağ qolunun yoxluğunu unudan əsgərin sol qolunu ürəyinin üstünə qoyub Vətən sağ olsun dediyini yazmaqda qələm acizdir.

Qələbəmiz dünya hərb tarixinin möcüzəsidir. Hələ bundan sonra Azərbaycan əsgərinin haqq uğrundakı mücadiləsindən cild-cild kitablar yazılacaq. Daha beli bükük, başı aşağı gəzməyəcəyik. Hər yerdə biz qalib ölkənin VƏTƏNDAŞIYIQ sözünü ürəklə deyəcəyik.

Sözardı: Bizi 1988-ci ildə indiki Ermənistandan, tarixi Azərbaycan torpaqlarından noyabrda köçürmüşdülər, özü də zorla. Ermənilər isə maşınlarda onların olmayan torpaqların ağaclarını kəsib, quşunu, böcəyini yandırıb 1993-cü ilin aprelində işğal etdikləri Kəlbəcəri tərk edirlər. O köçlə, bu köçün fərqini dünya yaxşı görür. Dünən olduğu kimi, bu gün də səsini çıxarmır, susur...

Və bir zaman elimizin şair oğlu Sücayət böyük bir uzaqgörənliklə və ağrı ilə deyirdi...

Sücaət, neyləyək, baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər.

Hafiz Təmirov,

polis polkovnik-leytenantı