Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - ŞƏRH ÖZƏL

29 Noyabr 2020 10:41 (UTC+04:00)

"Azərbaycan XXI əsrin müharibəsini apardı və XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə etdi. "Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq", deyən Ali Baş Komandan İlham Əliyevin hər bir əsgər və zabitinin 44 günlük Vətən müharibə dövründə ən ümdə arzusu 30 ildir həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq oldu. Mərd oğullarımız bu tarixi missiyanı şücaətlə yerinə yetirdi. Lakin təəssüf ki, Birinci Qarabağ müharibəsi və ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, itkisiz müharibə olmur. Mürəkkəb coğrafi şəraitdə, relyefdə müharibə daha böyük itkilərə səbəb olur. Dağlıq Qarabağın bir çox əraziləri müdafiə üçün ideal şəraitə malik olduğuna görə ordumuz üçün əlavə çətinliklər qaçılmaz olub. Mənfur düşmən qarşı tərəfə maksimum itki vermək məqsədi ilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istahkamlar tikib. Azad olunan Ağdam, Füzuli rayonlarında istehkamların vizual müşahidəsi bu sistemin yaradılmasına uzun illər və böyük məbləğdə vəsait sərf edildiyini aydın göstərir. 21-ci əsrin müharibələri hər nə qədər daha öncəki əsrlərdə və illərdə olan müharibələrdən fərqlənsə də bu tipli hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsi mütləq şərtdir. Təsadüfi deyil ki, ayrı-ayrı vaxtlarda düşmənin müdafiə səddini yararaq torpaqların işğaldan azad olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvədə 15 min, hətta 20 min nəfər itki verəcəyi proqnozlaşdırılırdı. Qeyri rəsmi statistikaya əsasən Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağ uğrunda döyüşlərdə 15-20 min insan həlak olub. SSRİ-nin Əfqanıstana təcavüzü, ABŞ-Vyetnam müharibəsi, NATO qüvvələrinin Əfqanıstan və İraqda, Rusiyanın Çeçenistanda anti-terror əməliyyatları və digər müharibələrin təcrübəsi də böyük sayda insan itkisinin olduğunu deməyə əsas yaradırdı. Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoydu". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, hər nə qədər Ermənistan hökuməti növbəti dəfə öz ictimaiyyətini aldadaraq müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia etsə də kadrların təhlili zamanı Ermənistanın itkilərinin ən azı 10 min nəfər civarında olduğu aydındır: "Digər tərəfdən, Ermənistan hökuməti yalnız Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır. Lakin Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunulmur, onlar hesablanmır. Müharibənin digər bir üzü itkin düşən şəxslərlə bağlıdır. Bəzən həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkünsüz olub. Bu baxımdan da həmin şəxslərin axtarılıb tapılması zaman tələb edir. Hər nə qədər çətin olsa da müharibədə əzizləri itkin düşmüş vətəndaşlarımızın səbirli olması arzuolunandır. Müharibədə vuruşan hər bir əsgər və zabit hər birimizin ən əzizi, canı-qanıdır. Biz bu gün varıqsa onlara görə varıq".

Ekspert deyib ki, müharibənin digər bir üzü itkin düşən şəxslərlə bağlıdır: "Bəzən həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkünsüz olub. Həmin şəxslərin axtarılıb tapılması zaman tələb edir. Hər nə qədər çətin olsa da müharibədə əzizləri itkin düşmüş, cəsədləri tanınmaz hala düşmüş vətəndaşlarımızın səbirli olması arzuolunandır. Bütün bu çətinliklərə baxmayaraq onlarla bağlı xüsusi araşdırma aparılır, lazım gəldikdə isə hətta genetik müayinə həyata keçirilir. Azərbaycan dövləti onların tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün mümkün işləri görəcək".

Ş.Həsənova vurğulayıb ki, sözünün imzası qədər dəyəri olan cənab Prezident İlham Əlyev hər zaman hərbçilərlə bir yerdə olacağını dəfələrlə bildirib: "Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bundan sonra da bu iş davam etdiriləcək. Düşünürəm ki, bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir".