Şirin Məlikova “Selvedge” Dünya Sərgisinin seçim komissiyasında iştirak üçün dəvət alıb

28 Noyabr 2020 11:30 (UTC+04:00)

Tekstil planetimizdə yaşayan hər bir insanın mədəni irsinin əhəmiyyətli hissəsini təşkil edir və bəşəriyyətin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Bütün bu ənənələri dəyərləndirməyin vacibliyini nəzərə alaraq, gələn ilin 31 avqust və 4 sentyabr tarixlərində “Selvedge” Dünya Satış Sərgisi təşkil ediləcək. Geyim mədəniyyəti və yaradıcılığının bayramı olan bu sərgidə dünyanın istənilən ölkəsindən sənətkarlar iştirak edə bilərlər. Onların təqdim etdiyi məhsul kolleksiyaları hər qitədən olan mütəxəssislər tərəfindən ayrı-ayrı kateqoriyalar üzrə qiymətləndiriləcək.

SİA-nın məlumatına görə, “Selvedge” jurnalı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova ikinci “Selvedge” Dünya Sərgisinin seçim komissiyasının işində iştirak etmək üçün dəvət olunub.

Orijinallığına, dizaynına, davamlılığına, sənətkarlıq xüsusiyyətlərinə, keyfiyyətinə və s. görə hakimlərdən müsbət rəy alan tekstil istehsalçılarının kolleksiyaları sərgidə nümayiş etdiriləcək. Tədbirdə 50-dən artıq ölkənin tekstil ənənələri təqdim olunacaq və sənətkarların hər biri üçün bərabər imkanlar yaradılacaq.

Bu il olduğu kimi, “Selvedge 2021” - Dünya Satış Sərgisi də onlayn təşkil olunacaq və tədbir çərçivəsində virtual seminarlar, danışıqlar, panel müzakirələri baş tutacaq. Azərbaycan Milli Xalça Muzeyi sənətkarları, dizaynerləri, şirkətləri, qeyri-hökumət təşkilatlarını, kooperativləri və qeyri-kommersiya təşkilatlarını Selvedge 2021 - Dünya Satış Sərgisində iştirak etməyə dəvət edir.