Roland Kobia: “Eurovision” təkcə mahnı müsabiqəsi deyil, burada siyasi məqamlar da var”

18 May 2011 10:48 (UTC+04:00)

Bu gün Bakıda "Şərq Tərəfdaşlığı" proqramı iki il sonra – nailiyyətlər və çağırışlar" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda giriş nitqi söyləyən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (VCF) Azərbaycandakı Əlaqələndiricisi Vügar Bayramov iki il ərzində qurumla Azərbaycan arasında mövcud olan münasibətlərdən danışıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə "Şərq Tərəfdaşlığı" proqramı və onun əsas məqsədləri barədə məlumat verib: "Bu proqram hər bir ölkə ilə Assosiativ saziş imzalanmasını nəzərdə tutur. Assosiativ saziş Avropa İttifaqı ilə daha dərin əməkdaşlıq formasıdır, bu sazişdən ən yüksək forma Avropa İttifaqına üzv qəbul olunmaqdır. "Şərq Tərəfdaşlığı" proqramı və assosiativ saziş viza rejiminin sadələşdirilməsini nəzərdə tutur ki, bu da insanlar arasında əlaqələri intensivləşdirməyə imkan verəcək. Proqram çərçivəsində mayın 3-də yeni strukturun – "Evronest" proqrama üzv ölkələrin Parlament Assambleyasının ilk iclası keçirilib".

O, qeyd edib ki, bu proqramın əsas məqsədi siyasi baxış, sərhəd prinsiplərindən uzaqlaşmaq cəhdi, regiona sülh, stabillik və çiçəklənmə gətirmək səyləridir. Səfir həmçinin Azərbaycanın "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi etməsini qızıl imkan adlandırıb: ""Eurovision" təkcə mahnı müsabiqəsi deyil, burada siyasi məqamlar da var. Bu qızıl imkandır, çünki bütün diqqət Azərbaycana yönələcək. Ümidvarıq ki, Azərbaycan bu imkandan ölkənin daha da modernləşdirilməsi üçün istifadə edəcək".

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əlimirzamin Əsgərov çıxışında bildirib ki, "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni səviyyəyə çıxarıb. O bildirib ki, proqramın əsas məqsədlərindən biri viza rejiminin sadələşdirilməsidir. Konfransda müzakirələr "demokratiya, idarəetmə, stabillik və sərhədlərin idarə olunması", "iqtisadi inteqrasiya və Avropa İttifaqının siyasətinə uyğunlaşma", "energetika, iqlim dəyişiklikləri və ətraf mühit", "insanlar arasında əlaqələr" panelləri üzrə davam edəcək. Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edirlər.