Uşaq hüquqlarının müdafiəsi sahəsində çevik mexanizm formalaşdırılacaq - ŞƏRH

27 Noyabr 2020 17:11 (UTC+04:00)

Dövlət başçısının Sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" ölkəmizdə uşaqlara dövlət qayğısını daha bir təzahürüdür

Ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir. Uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi-siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir. Bu gün ölkəmizdə uşaq hüquqları sahəsində ən müasir qanunvericilik bazası formalaşmışdır. Bütövlükdə Azərbaycan qanunvericiliyi bütün vətəndaşlar kimi uşaqların da hüquq və azadlıqları üçün təminatları nəzərdə tutulur. Valideyn himayəsindən məhrum olmuş, əlil uşaqların, müxtəlif səbəblər nəticəsində yararsız həyat şəraitinə məruz qalan uşaqların müdafiəsini gücləndirir. Azərbaycanda uşaq hüquq və azadlıqlarının qorunması istiqamətində onlarla qanun qəbul edilib və ölkəmiz beynəlxalq konvensiyalara qoşulub.

Noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi görülən işlərin davamıdır. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir. Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Bu gün ölkədə uşaqların üzləşdikləri problemlərin aradan qaldırılması diqqət mərkəzindədəir. Bu problemlərin həll edilməsi bütövlükdə uşaqlara olan qayğıdır. Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur. Uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi də diqqətdən kənarda qalmayıb. Uşaqların sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər həyata keçiriləcək. Təbii ki, uşaq sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyüyərsə, ölkənin parlaq gələcəyi də bir o qədər inkişaf edər.

Ölkəmizdə uşaqlara, gənc və yeniyetmələrə göstərilən dövlət qayğısının artması və bu sahənin daim diqqət mərkəzində saxlanılması bu amala xidmət edir.

Erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlərin görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması diqqətdə dayanan məsələrdən ki, onlar üçün geniş şərait yaradılıb. Uşaqların tibbi müayinə olunmaları, ərzaq təminatı və s. diqqət mərkəzindədir. Fəaliyyət Planında valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi də yer alıb. Təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılacaq. Dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını müdafiə etmək üçün müasir tələblərə uyğun dəstək xidmətləri təmin ediləcək.

Fəaliyyət Planında göstərilən tədbirlərin icrasına tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir. Əlbəttə ki, ölkəmizdə uşaqların müdafiə sistemini gücləndirilməsi istiqamətində ölkəmizdə ardıcıl olaraq tədbirlərin həyata keçirilməsi onların sağlamlığına, xoşbəxt və firavan yaşamasına istiqamətlənib.

Nəzakət ƏLƏDDİNQIZI