“Hakimiyyəti əlimizdən almalarına imkan vermərik” Nikol Paşinyan

27 Noyabr 2020 16:41 (UTC+04:00)

Milli ləyaqəti qorumaq vacibdir, xüsusilə Ermənistanın indiki çətin vəziyyətində, zərbə altında qaldığı zamanda. SİA Ermənistana məxsus armenianeport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

"İndi ən başlıcası ölkədəki daxili sabitliyi təmin etmək və imzalanmış bəyanatın bəndlərini yerinə yetirməkdir", deyə Nikol Paşinyan bəyan edib.

Nikol Paşinyanın müraciəti zamanı deyib ki, imzalanan bəyanata görə, Ermənistan qüvvələrini Kəlbəcər bölgəsinin təhvil verilməsi nəticəsində yaranan Azərbaycanla yeni sərhəddə yerləşdirməlidir. Qeyd edib ki, sərhədlər yalnız Rusiya sülhməramlılarının deyil, həm də Azərbaycan hərbçilərinin köməyi ilə nizamlanır.
Nikol Paşinyan vurğulayıb ki, müharibə zamanı dövlət strukturlarının yalan danışdıqları üçün xalqın rəsmi məlumatlara inamını itirməsi barədə çox danışılır. "Bu doğru deyil. Mən və dövlət qurumları həmişə döyüş meydanında baş verənlər barədə məlumat vermişik. Şuşada, Hadrutda döyüşlər olduğunu demədikmi? Başqa bir şəkildə məlumat ötürməliydik?”, deyə Nikol Paşinyan sual edib.

Eyni zamanda, Nikol Paşinyan daxili qüvvələri hakimiyyətə qarşı dezinformasiya yaymaqda günahlandırıb.
“Onlar Ermənistanda hakimiyyət çatışmazlığı, yoxluğu görünüşü yaratmağa çalışırlar. İqtidara dönmələrini təmin etmək istəyirlər. Buna imkan vermərik. Hakimiyyəti əlimizdə saxladığımıza görə deyil, xalq bunu istəmədiyinə görə, hakimiyyəti əlimizdən almalarına imkan vermərik ”, deyə Nikol Paşinyan bir daha utanmadan xalqın adından danışıb.

Ermənistanın baş naziri siyasi qüvvələrə də öz hədə mesajlarını verib.

“Siyasi qüvvələr Qarabağdakı müharibənin bitməsini öz siyasi məqsədləri üçün istifadə etmək istəyirlər. İqtidara qanla gəlmək istəyirlər. Xaosa yol verməyəcəyik”, deyə Paşinyan bildirib.