“Ermənilər Nikolizm xəstəliyinə yoluxub” Mikael Minasyan

27 Noyabr 2020 15:04 (UTC+04:00)

“Ermənistanda yaşayan insanlar, ermənilər Nikol Paşinyanı hakimiyyətə gətirdilər və bunun ardınca da könüllü şəkildə Nikolizmə yoluxdular. İndi Nikol ortadan götürülməli və erməni cəmiyyəti özünü sağaltmalıdır." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Müqəddəs Taxtdakı keçmiş səfiri, tarix elmləri namizədi Mikael Minasyan cümə axşamı öz Facebook səhifəsində yazıb.

“Yazıçı Qabriel Qarsia Markesin “Elan olunmuş ölüm xronikası” adlı bir povesti var. İndi Ermənistandakı vəziyyət hamının nə olacağını bildiyi bu hekayəyə bənzəyir. İki il yarım müddət bundan əvvəl də Nikol ilə döyüşürdüm, çünki nə olacağını bilirdim. Bu mübarizəm heç vaxt hakimiyyət uğrunda olmayıb. Hakimiyyətin yüksəlmək və həzz almaq üçün bir taxt deyil, həyata keçirilməli bir vəzifə, borc olduğuna dair eyni fikrə sadiq qalmağa davam edirəm.

İki il yarım müddətdir ki, Nikol ölkəni davamlı olaraq böyük bir diplomatik, hərbi, iqtisadi və sağlamlıq fəlakətinə aparır. Buna qarşı mübarizə aparan bir neçə nəfərə xain damğası vuruldu və pis adam adlandırıldı. Lakin, cahilliyin lideri dərhal aradan götürülməsə, tezliklə erməniləri yeni fəlakətlər zənciri, vətənin məhv edilməsi ilə bağlı yeni bir reallıq gözləyir.

İndi Ermənistan özünü dərin və hərtərəfli bir çöküşdə tapacaq. Ölkə böyük fəlakət zonasına çevriləcək. Bunun məsuliyyəti Nikol və onunla eyni sırada olan insanların üzərindədir. Çünki, Nikol Paşinyan bunun qarşısını ala bilərdisə də almadı. Heç almaq istəmədi də. İstəmədilər, çünki Nikolun tələsinə düşdülər və manipulyasiyanın qurbanı olduqları üçün qaraya da ağ olacağını bəyan etdilər. “Əgər Nikol deyilsə, onda kimdir?” deyə Mixail Minasyan bildirilib.