Millimizin baş məşqçisi kimə səs verəcəyini açıqladı

27 Noyabr 2020 14:51 (UTC+04:00)

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin FIFA-nın “The Best” mükafatı üçün hansı futbolçuya səs verəcəyi bəlli olub. SİA-nın məlumatına görə, 64 yaşlı mütəxəssis bu barədə "Sportowefakty" nəşrinə müsahibəsində deyib.

İtaliyalı baş məşqçi bildirib ki, səsvermədə Almaniya "Bavariya"sında çıxış edən Polşa millisinin hücumçusu Robert Levandovskinin adını yazacaq: "Birincisi, son vaxtlar onu ən yaxşı hesab edirəm. İkincisi, nəhayət nəsə dəyişməlidir. Son illərdə dəfələrlə Messi və ya Ronaldu bu ada layiq görülüb. Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır. Çünki Levandovski uzun müddətdir zirvədədir. Digər mövqelərə gəldikdə isə, Məhəmməd Salah və Kriştianu Ronaldunun oyununa valeh oluram. Xüsusilə portuqaliyalı məndə böyük təəssürat yaradır. O, qeyri-adi futbolçudur".

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil olunacaq. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.