Şəhidlik zirvən mübarək, Mahsun!

27 Noyabr 2020 14:49 (UTC+04:00)

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində igid gənclərimiz rəşadətlə vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib, lazım olanda Vətən yolunda həyatlarını belə qurban verməkdən çəkinməyiblər. Belə gənclərdən biri də Lənkəran Regional Elmi Mərkəzinin işçisi Mahsun Zahir oğlu Bağırzadədir.

Sentyabrın 27-də başlanan Vətən Müharibəsinin ilk günlərindən könüllü kimi cəbhəyə yollanan Mahsun pulemyotçu kimi düşmənə qan uddurub. Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərin birində Mahsun Zahir oğlu Bağırzadə qəhrəmancasına şəhid olub.

Şəhid Mahsun Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub.

Orta təhsilini Xanbulan kənd adına orta məktəbində alıb. Həqiqi hərbi xidmətini Mahsun Ağdam bölgəsində keçirib, pulemyotçu hərbi ixtisasına yiyələnib.

İgid əsgərimiz bu ilin iyulunda baş vermiş Tovuzda sərhəd toqquşması zamanı könüllü cəbhəyə yazılıb. O zaman orduya çağırılmasa da, sentyabrın 27-də başlayan Ordumuzun əks-hücum əməliyyatı zamanı Lənkəran hərbi komissarlığına gedib və istəyinə çatıb. Beləliklə Mahsun II Qarabağ müharibəsinin içtirakçısı olub və Füzuli istiqamətində gedən azadlıq müharibəsində döyüşlərə atılıb. Qardaşı Mahir Bağırzadə Mahsun haqqında belə deyir: “Onu yola salanda gülə-gülə söylədi ki, qəti narahat olmayın, onlara gücümüzü göstərməyin əsl vaxtıdır, erməni işğalçıların dərsləri verilməlidir ki, bilsinlər, kim kimdir.” – demişdi Mahsun.

Mahsunun sorağı öncə Ağcabədidən gəlib, sonra Füzulidən. Fürsət tapan kimi zəng edirmiş. Atası özünə yer tapa bilmir. Deyir: “Elə bil özü, gülə-gülə Şəhid olmağa getdi”...

Şəhidimizin əsas döyüş yolu Füzulidən keçib. Bir sıra kəndlərin alınmasında mahir pulemyotçu kimi ermənilərə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib. Füzulidə olanda ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Sonuncu dəfə qardaşı ilə də danışıb; ağır döyüşlər getdiyini, ordumuzun qəhrəmanlığı sayəsində düşmən hərbi qüvvələrinin qaçdığını bildirib. “Onları iti qovan kimi qovuruq, qaçırlar qorxaqlar. Murdar ayaqları bir də bu torpağa dəyməyəcək” – deyib Mahsun.

Sonra 10 günə qədər Mahsundan xəbər gəlməyib. Atası Zahid sözünə davam edir: “Hardasa ürəyimə dammışdı ki, öğlumun başında nə isə var, lakin yenə də ümidimi itirməmşdim. Yalnız noyabrın 6-da Mahsunun şəhid olması xəbəri bizə çatdırıldı. O düşmənin pusqusuna düşmüş sona qədər vuruşaraq qəhrəmancasına həlak olmuşdu. Çox çətindi ... amma şəhid adı ilə əbədi bir ad qazandı oğlum. O, bizim səcdəgahımızdır. Bundan sonra, o tək mənim deyil, bütün Azərbaycanın oğludur.”

Mahsunun canından əziz bildiyi Vətən torpağına tapşırılarkən, onunla vidalaşmağa gələnlərin sayı-hesabı olmayıb... Rayon rəhbərliyi, hərbi komissarlıq, işlədiyi AMEA Lənkəran REM-nin kollektivi, rayonun sayılıb seçilən ziyalıları və əlbəttə, dogma kəndin sakinləri qəhrəman övladlarını son yola salmağa gəlmişdilər…

Mahsunun həlak olması xəbəri işlədiyi AMEA Lənkəran Elmi Mərkəzində də böyük hüznlə qarşılanıb, hamının sevimlisi olan Mahsunun şəhid olması onları da dərin kədərə qərq edib. Lənkəran REM-nin direktoru, professor Fərman Quliyev Mahsunun işgüzar olmaqla yanaşı, hamının sevimlisi olduğunu, verilən bütün tapşırıqları həmişə yüksək səviyyədə yerinə yetirdiyini söyləyir. “Çalışqanlığı ilə böyükdən-kiçiyə hamının hörmətini qazanmışdı. Belə gənc yetişdirdiyinə görə Bağırzadələr ailəsinə minnətdarığımı bildirirəm.”

Onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır.

İndi xalqımız ordumuzun tarixi qələbəsini qeyd edir. Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin müdrik siyasəti nəticəsində artıq qoşunlarımız bir güllə atmadan Ağdamı, Kəlbəcəri azad ediblər, İnşallah dekabrın 1-də isə Laçın rayonu da azğın düşmənlərdən azad olunacaq. Bu zəfərdə Mahsun Bağırzadənin də öz payı var. Tarix yazılanda, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə onun da adı çəkiləcək. Bu isə hər kəsə qismət olmur. İşğalda olan Vətən torpaqlarını azad olunması üçün həyatını qorxmadan fəda edənlər bu haqqa sahib olurlar – ölümünü gülə-gülə qarşılayan Mahsun Bağırzadə kimi oğullarımız!

Şəhidlik zirvən mübarək, Mahsun!

Sərraf Talıbov,

AJB-nin üzvü