Fransız ikiüzlülüyü… - ŞƏRH

27 Noyabr 2020 13:49 (UTC+04:00)

Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır

Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü bərpa etməsi hələ də bəzi qüvvələri, Fransa kimi ölkənin rəhbərliyini ciddi narahat edir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı. Bu addımları ilə Avropada özlərini demokratiyanın carçısı və müdafiəçisi kimi təqdim edən Fransanın Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdləri qəti şəkildə pislənir, işğalçıya dəstək verən Parisin son davranışları hiddət doğurur.

Özünü və niyyətlərini Minsk Qrupunun pərdəsi altında gizlədən fransızlar Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra danışmağa başlayıblar. Xüsusilə də, rəsmi Paris bu gün də həmin "tarixi yol"u tutub. Bu ölkə indi də noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulması, ermənilərin yenidən qarşıdurmalara, müharibəyə getmələri üçün əlindən gələni edir. Ancaq bir həqiqəti anlamır ki, Fransanın son iki ayda etdiyi bütün cəhdlər axırda ona gətirib çıxaracaq ki, Qarabağda qalan beş-on min tör-töküntü millətçi erməni də bezib bu torpaqlardan rədd olub gedəcək. Xüssilə də, Fransanın bu gün Makronun rəhbərliyi ilə sərgilədiyi ermənipərəst mövqeyi, Azərbaycanın haqq, ədalət işinə qarşı apardığı siyasət birbaşa sülhə təhlükədir. Və belə olan halda, Fransa Dağlıq Qarabağ münaqişəsilə bağlı bitərəf mövqe tutduğunu nə qədər iddia etsə də, bu ölkənin əslində ermənipərəst siyasət yeritməsi istər-istəməz özünü büruzə verir.

Azərbaycan Prezidenti İlham Əliyev bu cür addımlar səbəbindən aradakı diplomatik münasibətlərin belə dayandırılmasına gətirib çıxara biləcəyini dəfələrlə qeyd edib.

Bəs Fransa hökuməti bunun altını çəkməyə hazırdırmı? Ermənilərə bu cür "təəssübkeşlik"ləri üzündən Fransanın nüfuzu, ATƏT-in Minsk qrupundakı həmsədrliyi sual altına düşəcəyini prezident Emanuel Makron dərk edirmi? Dərk etsəydi Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbul etməzdi. Ancaq bu qətnamənin heç bir əhəmiyyəti yoxdur, adi bir kağız parçasıdır.

Hikmət Hacıyev: “Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərək deyib ki, Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür. Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub. İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur. Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür.

Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.

Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir. Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq".

H.Hacıyev onu da vurğulayıb ki, Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır: “Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır. Qətnaməni Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi hesab edirik. Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik və təqiblər bizə vaxtı ilə bu ölkədə hökm sürmüş və bu gün də davam edən antisemitizmi xatırladır. Fransa Senatı məqsədyönlü şəkildə döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan çəkinir, daha çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir”.

H.Hacıyev, həmçinin bildirib ki, Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir: “Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır. Təəssüflə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa nə qədər paradoksal olsa da, bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Fransanın son vaxtlar bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı riyakar siyasət aparması Azərbaycan tərəfində ciddi narahatlıq və suallar doğurur”.

“Fransa Senatı əgər ədalət, beynəlxalq hüquq barədə bu qədər “narahatdır”sa, onda onun BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı”,-deyən H.Hacıyev bildirib ki, bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk: "Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir”.

Göründüyüü kimi, Fransa bu cür addımlarla açıq-aydın beynəlxalq hüququn normalarına qarşı çıxdığını sübut edir.

Kağız parçası…

Ötən gün Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə Azərbaycan üçün mənasız kağız parçasından başqa bir şey deyil. Çünki döyüş meydanında məğlub olan düşmənin himayədarlarının bu cür ucuz vasitələrə al atması təəccüb doğurmadığı kimi, gözlənilən idi. Və BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa bu cür addımlarla açıq-aydın beynəlxalq hüququn normalarına qarşı çıxış etməklə tam ermənipərəst mövqe nümayiş etdirir. Bir daha Azərbaycana qarşı işğalçılıq siyasətini sübut edir. Həmçinin, bu addımla BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Çünki həmin qətnamələrə səsverən Fransa olub və bu gün isə öz-özünü inkar edir.

Senatın qərarına münasibət bildirən Fransa Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Parisin qondarma qurumu birtərəfli tanıması Fransanın özü də daxil olmaqla heç kəsə fayda verməz. Fransa hökuməti də başa düşür ki, bu qətnamənin bir kağız parçasından heç bir fərqi yoxdur. Çünki Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Qeyd edək ki, Qərb dəyərlərindən, beynəlxalq hüquqdan dəm vuran fransızlar bu günə qədər Mins Qrupunun həmsədri kimi heç nə ilə yadda qalmayıb, 30 ilə yaxın bir müddət ərzində haqqları, hüquqları pozulan Azərbaycanlıların müdafiəsinə nəinki qalxmış, Ermənistana işğalçı dövlət kimi hər hansı bir sanksiyanın tətbiq edilməsini müzakirəyə çıxarmamışdır. Makronun «Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq». bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq. Və bu gün bir daha bunu göstərdi.

Hər kəs, eləcə də faransızlar bilməlidir ki, Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.

Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var.

Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Lakin fransızlar indiki kimi meydana çıxıb bəyanatlar vermir, erməniləri sülhə məcbur etmirdi. Unudulmamalıdır ki, Fransa özü soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil.

Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədovun sözlərinə görə, yaxın keçmişində müstəmləkəçi olan Fransanın indi hansısa «azadlıqlar»dan danışması absurddur. Deputat Fransanın öz tarixinə nəzər salmasını məsləhət bilib: “Əslində Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır. Çünki bu ölkənin tarixinə nəzər saldıqda Fransa nəinki Avropa, ümumilikdə dünya dövlətləri içərisində özünün işğalçılıq və müstəmləkəçilik siyasəti ilə seçilib. Yəni bu istənilən ölkədə kitablardan oxunması mümkün olan tarixdir. Heç kim bunu Fransaya şər-böhtan kimi demir, yazmır. Fransanın tarix boyu Şimali Afrika, Asiya, hətta Şimali Amerikada törətdiyi soyqırımlar, qırğınlar və apardığı işğalçılıq siyasəti səngiməyib. Bu ölkə müstəmləkəçiliyi ilə seçilib və xüsusən də Afrikada fransız hərbçilərinin dinc sakinlərə hansı vəhşiliklər etməsi ilə bağlı yüzlərlə fakt mövcuddur. Ötən əsrin əvvəllərinə nəzər saldıqda görərik ki, indi özünə Avropanın demokratik dövləti deyən Fransa Türkiyəni belə parçalamağa çalışırdı, burada ermənilərə dövlət yaratmaq planları var idi. Hər cür murdar əməllərə əl atdılar ki, bu plan reallaşsın. Hətta Fransa ordusunun tərkibində sayı minlərlə olan erməni legionu yaradılmışdı. Dinc sakinlərin, türklərin qırğınına da məhz silahlandırılmış erməni dəstələri səbəb olmuşdu. Əgər ermənilərin özlərinin dediyi kimi həmin dövrdə etdikləri qələtlərə görə itkilər veriblərsə, bu gün Ermənistan Türkiyədən yox, Fransadan təzminat istəməlidir. Çünki onları qırğınlara təhrik edən, Türkiyəyə qarşı qaldırıb torpaq iddiasına salan Fransa idi".

"Qondarma erməni soyqırımını tanıyıb nə qələtlər etdilər ki?! Dırnaqarası soyqırımı qəbul etməyənlərə Fransa ərazisində cərimə kəsəcəklərini dedilər. Bununla nəyəsə nail oldularmı?",- deyən millət vəkili bildirib: "Bu ölkənin belə siyasi hikkələri, separatizmi, yalançı soyqırımı dəstəkləyən hərəkətləri elə Fransanın özündə faşizmin dirçəlişini göstərir. Rəsmi Parisin son davranışları sülhə ciddi təhlükədir və zənnimcə, onun müttəfiqləri, xüsusən də ABŞ kimi ölkələr Fransanın bu siyasətini müzakirə edib Makronu yerində oturtmalıdır».

Artıq Qarabağ münaqişəsinin bitdiyini deyən deputat, Fransanın yenidən problemi gündəmə gətirib regionu qan çanağına çevirməkdə marağının nələrdən ibarət olduğunu anlamadığını söyləyib: "Cənab Prezident dünən xalqa müraciətində bu məsələlərə toxunaraq çox gözəl siyasi mesajlar səsləndirdi. Yəni bu cür davranışlar bizim üçün əlavə baş ağrıdan, boş-boş söhbətlərdən başqa bir şey deyil. Əgər ermənilər fransızların "fətva"ına gedib məlum bəyanatın bəndlərinin pozulmasına görə, orada qarşılarına qoyulan tələblərin yerinə yetirilməməsi istiqamətində nələrsə edəcəksə, onqat cavablarını qalacaqlar. Nə qədər döyüş meydanında məhv ediliblərsə, ondan da artıq itkini görəcəklər. Əgər ermənilər bundan sonra da dövlət kimi mövcud olub yaşamaq istəyirlərsə, bizim keçdiyimiz son dərslərdən sonra ağıllarını başlarına yığmalıdırlar. Fransanın və digər onun kimi fitnəkar dövlətlərin “fətva”sına getməsinlər. Düşdükləri hazırkı ağır iqtisadi-sosial və siyasi vəziyyətdən çıxmaq üçün yollar axtarsınlar".

R.HÜSEYNOV