Sürətlə artan sonsuzluq: milli genefondumuzu necə xilas edə bilərik? - ARAŞDIRMA

27 Noyabr 2020 12:38 (UTC+04:00)

Sonsuzluq m demoqrafik problemləri skinləşdirir, m ailə institutumuzu dağır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, 100 il əvvəl sperma sayı bir mililitrdə 100-120 milyon olduğu halda, hazırda əksər kişilərdə bu rəqəm 15 milyona düşüb. Bu isə o deməkdir ki, hər 100 cütlükdən ən az 15-də sonsuzluq əlamətləri müşahidə edilir. Bəzi ölkələrdə bu rəqəm 30 faizdən çoxdur. Alimlər hesab edirlər ki, bu proses bütün dünyada ciddi demoqrafik problemlər yaradacaq və problemin qarşısını almaq mümkün olmasa, bu tendensiya insan nəslinin tədricən kəsilməsi ilə nəticələnə bilər. Bəs bunun səbəbləri nədədir, problemin qarşısını necə almaq olar?

Sonsuzluğa səbəb olan faktorlar hansılardır?

Dövrümüzün bəlası hesab edilən sonsuzluğun yaranmasına bir çox səbəb göstərilir. Amma ən çox ekoloji təsirlər– havanın, suyun, ətraf mühitin çirkliliyi və süni qidalar əsas gətirilir. Xüsusilə də kənd təsərrüfatında istifadə edilən dərmanlar, fabrik və zavod tullantılarının yaratdığı ekoloji çirklilik zamanla nəsilartırmadakı performansa təsir edir.

Son illərdə sürətlə artan piylənmənin sonsuzluq nisbətlərində də təsirli olduğu danılmazdır. Həkimlər insan orqanizmində normal çəkidən artıq hər 10 kilonun sonsuzluq riskini artırdığını deyirlər.

Kişilərdə sperma sayının sürətlə azalmasının səbəblərinə gəlincə isə, araşdırmaya görə siqaret, alkoqol, narkotik, iqlim dəyişiklikləri, süni qidalanma, stress kimi faktorlar əsas səbəblərdir. Modern həyatın “töhfəsi” olan bir çox amillər insan fiziologiyasına ciddi təsir edir, bu təsir özünü daha çox nəsilartırmada büruzə verir. Bir çox qidaların tərkibində istifadə edilən bəzi hormonlar isə kişilərdə estrogen hormonuna çevrilərək ciddi formada sperma sayını azaldır.

ÜST-ün araşdırmasına görə, çox yaxın gələcəkdə süni mayalanma üsulu ilə doğulan körpələr normal yolla dünyaya gələn uşaqlardan çox olacaq. Qeyd edək ki, hazırda dünyada süni mayalanma ilə dünyaya gələn 6 milyondan çox insan var və bu rəqəm hər il xeyli artır.

Androloq: “Hər 10 cütlükdən azı 8-də problem kişilərdə olur”

Rəsmi məlumatlara görə, Azərbaycanda yeni ailə quran cütlüklərin 13 faizi, qeyri-rəsmi məlumatara görə, 25 faizi sonsuzluq problemi ilə qarşılaşır. Azərbaycan ailələrində sonsuzluq probleminin əsas səbəbləri qadınlarda yumurtalıq, uşaqlıq borusu xəstəlikləri, kişilərdə isə sperma zəifliyi hesab edilir.

Ölkəmizdə boşanmaların əsas səbəblərindən biri sonsuzluq hesab edilir. 2016-cı ildə ölkədə boşanmış 13.114 nəfərin 6.146-ı uşağı olmayanlar olduğu halda, 2017-ci ildə 14.514 boşanma halının 6.444-ü bu şəxslərin payına düşüb. 2018-ci ildə Azərbaycanda 14.857 boşanma halı qeydə alınıb ki, onun da yarıdan çoxu sonsuz ailələrin payına düşüb. Keçən il isə ölkədə uşağı olmayan 6.559 nəfər boşanıb.

Əgər 2000-ci ildə hər 100 min nəfər qadından 17.9 faizi sonsuzluğa görə qeydə alınırdısa, 2019-cu ildə bu rəqəm hər 100 min nəfərin 34.4 faizidir. Bu, həddən artıq ciddi artımdır və çox mənfi bir prosesdir.

Androloq Natiq İsayevin sözlərinə görə, dövrümüzdə kişi sonsuzluğu qadın sonsuzluğuna nisbətən daha çox yayılıb: “Süni mayalanma üçün müraciət edən hər 10 cütlükdən ən azı 8-də problem kişilərdən, daha konkret desəm, sperma ilə bağlı problemlərdən qaynaqlanır. Amma onların əksəriyyətinin yaxınları, ailə böyükləri qadının sonsuz olduğunu düşünürlər, onu ittiham edirlər. Amma etiraf etmək lazımdır ki, qadınların sonsuzluq problemi daha çətin həll olunur, nəinki kişidə. Əgər kişidə toxum yoxdursa, müalicə ilə həll etmək olur, əgər toxum azdırsa, bir dənə də olsa tapıb mayalandıra bilirik. Amma qadındakı problemi belə asanlıqla aradan qaldırmaq olmur, dolayısı ilə ailələrin çoxu qadın sonsuzluğuna görə dağılır”.

Statistikaya görə, sonsuzluğun təxminən 40 faizinə səbəb kişilərdir, 30 faiz qadınlar, 30 faizində isə həm qadın, həm də kişilərdəki problemlər səbəb olur. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkəmizdə 400 mindən çox insan sonsuzluqdan əziyyət çəkir.

Alimlər: “Coca-Cola” və energetic içkilər kişiləri xədim edir

Danimarkada aparılan araşdırma bir neçə il öncə dünya mətbuatında əks-səda doğurmuşdu. Araşdırmanın mövzusu çox insanın “bəh-bəh”lə içdiyi “Coca-Cola” idi. Nəticələr açıqlananda məlum oldu ki, 2 ay ərzində hər gün 1 litr “Coca-Cola” içən 2 min könüllü kişinin sperma sayında kəskin azalma var. Belə ki, 27-30 milyon sperm sayı olan insanlarda 2 aylıq “Coca-Cola” qəbulu bu sayı 15-16 milyona endirir.

Kanada alimlərinin apardığı oxşar araşdırma da təxminən etnik nəticəni ortaya qoymuşdu, bu içkini bir neçə ay qəbul edən könüllülərin sperma sayı 30 faiz azalmışdı.

Həkimlər sperma qatili olan “Coca-Cola”nın hazırlanmasında istifadə edilən “kola qozu”nu əsas səbəb göstərirlər. Bu qoz əvvəllər yalnız Amerikada bitirdi və onu hindu döyüşçülərə məcburi yedirdirdilər. Səbəbi də o idi ki, əsgər cinsi istəyinin ardınca gedərək ordudan yayınmasın. Yəni, kişiləri təbii yolla xədim edirdilər. Qeyri-rəsmi məlumatlara görə, hazırda Amerika hərbçilərinə bu qoz gizli şəkildə yedirilir.

Bundan başqa, energetik içkilərin də sonsuzluğa səbəb olduğu qeyd edilir. Bu tip içkilərdən qəti şəkildə aralı durmaq lazımdır.

Həkim: Modern geyimlər insanı sonsuz edə bilər

Sonsuzluğun səbəblərindən biri də geyim faktorudur. Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyyət almasına səbəb olur ki, bunun nəticəsində də rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur.

Həddindən artıq dar geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq öz funksiyasını itirərək qadın sonsuzluğuna gətirib çıxarır. İndi ailə quran hər 10 cütlükdən 4-ü həkim müalicəsi olmadan uşaq sahibi ola bilmir.

Yeri gəlmişkən, dar şalvarlar kişilərdə də sonsuzluğa səbəb olur. Belə geyim kişilərdə yumurtalıqların bədənə daha yaxın yerdə dayanmasına səbəb olur.

Həkim Ziyad Sultanov deyir ki, bu, sonsuzluq yaradan səbəblərdən biridir: “Yumurtalar bədəndən daha aşağı temperaturda olmalıdır, amma dar geyim onları bədənə möhkəm sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bunun nəticəsində də sperma hüceyrələrinin hərəkətliliyi və sayı kəskin surətdə azalır. Dar geyim hətta sperma yollarının bağlanmasına da səbəb olur. Dar geyimdə saatlarla oturaq işdə işləyən ofis işçiləri, uzaq yol gedən sürücülərdə sonsuzluğa daha çox rast gəlinir”.

Kompüterinizi qucaqlamayın!

Nyu-York dövlət xəstəxanasının bir qrup alimi notbuk və netbukların diz üstündə işlədilməsinin sonsuzluq faizini artırması ilə bağlı araşdırma aparıblar. Dizinizdə və qucağınızda işlətdiyiniz zaman kompüterinizin içində istilik dərəcəsi bəzən 70 dərəcəni keçə bilir. Bu istilik isə çox zaman kişilərin qasıq bölgəsinə təsir edərək, yumurtaların normal temperaturu keçməsinə səbəb olur. Bundan əlavə kompüter diz üstündə saxlandığı müddətdə kişilər ayaqlarını bir-birinə qısaraq otururlar ki, bu da yumurtaların bədənə yapışaraq temperaturunu yüksəltməsinə səbəb olur. Temperaturu normal dərəcəsindən çox yüksələn yumurtaların nəsilartırma fəaliyyəti isə dayanmış olur.

Xüsusilə də, oyun üçün istifadə edilən yüksək göstəricili notbuklar kişilərdə sperma sayını 40 faizədək azalda bilir. Nəzərə alsaq ki, bu gün dünyada 150 milyon insan kompüterdən qucağında istifadə edir, onda faizi hər gün artan sonsuzluq probleminin səbəbini qismən də olsa tapmış oluruq.

Sonsuzluqdan necə qorunmaq olar?

Bizdən asılı olmayan səbəbləri (məs. ekoloji) kənara qoymaqla, özümüzdən asılı olan məsələlərə diqqət etməklə sonsuzluq bəlasından qorunmaq olar. Bunların bir çoxunu yuxarıda göstərdik. Ən əsası, düzgün və təbii qidalanma, fiziki hərəkətlilik və stresdən uzaq olmaqdır. Həkimlər bu 5 şərtə riayət edilməsinin vacibliyini bildirir.

1. Sağlam və keyfiyyətli qidalanın

Sonsuzluğun qarşısını alan ən yaxşı üsul düzgün qidalanmaqdır. Buna görə uşaq sahibi olmaq istəyən cütlüklər təbii qidalanmalıdır, süni emal qidalarından mümkün qədər aralı durmalıdırlar. Ədviyyatlardan istifadə edin.

2. Stressi həyatınızdan çıxarın

Stresli həyat da sonsuzluğa səbəb ola bilir. Buna görə həmişə pozitiv əhvalda olmağa çalışın. Neqativ enerji bütün orqanları sıradan çıxarır və cinsi sistemə də zərər vurur.

3. Yuxu rejiminə əməl edin

Daimi və keyfiyyətli yuxu sonsuzluğu müalicə etməkdə olduqca təsirlidir. Hər gecə bioloji saatla və 8 saatdan az olmayaraq yatmalısınız. Tam qaranlıq və səssiz şəraitdə, isti olmayan otaqda yatmağa çalışın.

4. İdman və fiziki hərəkət edin

Hormonal səviyyəni nizamlamaq üçün çox ağır olmayan gimnastik idman hərəkətlərini gündəlik olaraq etmək lazımdır. Bunu edə bilmirsinizsə, müxtəlif fiziki işlərlə məşğul olmaq lazımdır. 2 saatdan artıq oturmayın. Dar şalvar geyinmək zərərlidir.

5. Zərərli vərdişlərdən uzaq olun

Narkotika, siqaret, alkoqol kimi zərərli vərdişlər sonsuzluğun yaranmasına gətirib çıxarır. Buraya radiasiya dozası, kimyəvi maddə qəbulu (bir çox dərmanlar qəbul etmək və ya boya sexində respiratorsuz işləmək) və davamlı ağırlıqqaldırma ilə məşğul olmağı da daxil etmək olar.

Ən yaxşısı sonsuzluğa gətirən səbəbləri vaxtında aradan qaldırmaqdır, çünki sonradan müalicəsi çox çətin və bahalı olur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.