Rıza Çalımbay: Bu qədər zədə və itkilərə rəğmən, mükəmməl mübarizə apardıq

27 Noyabr 2020 00:55 (UTC+04:00)

"Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, mükəmməl mübarizə apardıq. Komandamla qürur duyuram. Bizim üçün gözəl oyun oldu".

SİA xəbər verir ki, bu sözləri Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Vilyarreal"la ən çətin oyunlarına çıxacaqlarını bildirib: "Tək qorxumuz zədə və liqa görüşləridir. Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik. Çətin mövsüm keçiririk. Ümid edirəm ki, hər şey yaxşı bitəcək".