Azərbaycan Fransaya nota verib

26 Noyabr 2020 19:20 (UTC+04:00)

Noyabrın 26-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən SİA-ya bildiriblər ki, görüşdə noyabrın 25-də Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim olunub.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa diplomatının diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin rəsmi Parisin diqqətinə çatdırılacağını bildirib.