“Fransa biznesi Azərbaycanda müəyyən vəsaitlər itirəcək” KOROTÇENKO

26 Noyabr 2020 16:39 (UTC+04:00)

“Fransa senatının hökumətə Azərbaycanın ərazisindəki “DQR” feyk rejiminin “müstəqilliyini” tanımasını əks etdirən tövsiyə qətnaməsi Parisin Dağlıq Qarabağ tənzimlənməsindən çıxmasının konstatasiyasıdır”. SİA xəbər verir ki, bu barədə “Milli müdafiə” jurnalının baş redaktoru, Rusiyanın tanınmış hərbi eksperti İqor Korotçenko “Vestnik Kavkaza” saytına danışıb.

“Fransanın növbəti təxribatı onun növbəti qərəzini və özünü ATƏT-in Minsk qrupundan kənarda qoymasını göstərdi. Bir tərəfdən qətnamə siyasi korrupsiya faktoru fəaliyyəti və Fransadakı erməni lobbisinin canfəşanlığı ilə qəbul olunub. Digər tərəfdən, bu, Azərbaycanın ünvanına açıq şəkildə qeyri-dost aksiyası və təhqirdir”, deyə Korotçenko vurğulayıb.

“Fransa əvvəllər də balansı qorumayıb və Ermənistanın maraqlarına lobbiçilik edib, indi isə bu, bir daha özünü təsdiqlədi, bu dəfə senatdakı deputat çoxluğu ilə. Hüquqi nöqteyi-nəzərdən baxarsaq, qətnamə əhəmiyyətsizdir, siyasi tərəfdən isə o Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir imkanını bərqərar etmək cəhdidir, ancaq Paris əməldə həmsədrlik missiyasından imtina edib”, İqor Korotçenko diqqət çəkib.

Onun sözlərinə görə, qətnamə Rusiyanın və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir təsir göstərməyəcək, baxmayaraq ki, qalmaqallı sənəd məhz bu istiqamətə hesablanmışdı. “Qətnamə Rusiyanın münaqişənin tənzimlənməsi ərazisindəki iştirakına heç bir təsir göstərməyəcək. Rusiyalı sülhməramlılar orada sülhü təmin edirlər. Fransız hərbçiləri isə heç yaxın da dayanmırlar”, “Milli müdafiə” jurnalının baş redaktoru vurğulayıb.

“Bütünlükdə isə bu, sadəcə, Parisin maraqlarına vurulacaq ağılsız seçimdir. Çox yəqin ki, Azərbaycan müvafiq nəticələr çıxaracaq, Fransanın partnyor, ya da rəqib olması müəyyən ediləcək. Fransa biznesi Azərbaycanda müəyyən vəsaitlər itirəcək və Bakının milli maraqların müdafiəsi üçün necə tələb olunursa, məhz o cür addım atacağına əsasları var”, Korotçenko sonda bildirib.

Rövşən RƏSULOV