Özünün qədim tarixi abidələri, mədəniyyət elementləri ilə zəngin olan Qarabağ bölgəsi nəinki Azərbaycanda, həmçinin bütün dünyada unikal bir ərazidir.
Azərbaycanın qədim tarixi və mədəniyyət ocaqlarından biri olan Qarabağda son 200 ildə məskunlşamış ermənilər bütün vasitələrdən istifadə edərək zaman-zaman bölgənin tarixini saxtalaşdırır, buradakı qədim mədəni irsə sahib çıxmağa cəhd edirlər. Saxtakar erməni “tarixçiləri” Qarabağ torpaqlarının ermənilərə məxsus olmasını "sübut edən faktlar" toplayır, “hüquqi sənədlər” hazırlayır, ermənilərin ərazi işğallarına qanuni don geyindirməyə çalışırlar. Erməni "tarixçi" və "arxeoloqları” Qarabağın alban xristian abidələrini “erməni abidələri” kimi qələmə verməyə çalışır, hətta guya qədim mənbələrdən istifadə edərək, bütövlükdə Kür və Araz çayları arasındakı ərazilərin "əzəli erməni torpaqları" olduğunu sübut etmək istəyirlər. Halbuki, ermənilər nəinki Qarabağda, hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə məskun olmamışlar və bu maddi mədəniyyət də onlara aid ola bilməzdi. Qarabağ tarixi və mədəniyyəti Azərbaycan xalqına məxsusdur və bütün dövrlərdə bu belə olub.
Qarabağın qədim mədəniyyət tarixi
Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərir ki, Qarabağda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaradıblar və onlardan biri də memarlıqdır.
Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı qayaüstü rəsmlər, zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyilə nadir olan xalçaçılıq sənəti, zərgərlik əşyaları və s. daxildir.
Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik tapıntılar Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada V əsrin başlanğıcında alban əlifbası icad edilib. Bununla əlaqədar təhsil ocaqları yaranıb ki, bunun da əsas mərkəzi Qarabağın qədim şəhəri Bərdə idi. Ermənilər Alban tarixinə yiyə çıxmaq üçün bu əlifbaya da sahiblənmək istəsələr də, həmin əlifbanın erməni dili və əlifbası ilə heç bir bağlılığı olmadığı sübut olunub.
Qarabağ mətbəxi Azərbaycan kulinariyasına da öz töhfəsini verib. Bu bölgənin mətbəxi Qarabağ kətəsi, Bərdə nanı, Xan plovu, Qarabağ dolması kimi spesifik xörəkləri ilə tanınır.
Memarlıq və tikinti mədəniyyəti
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər- alban xristian dini abidələri yaradılıb.
Ağdərədə Amaras (qədim türk dilində bu söz "ağ hun" deməkdir), Ağdamda Govurqala (qeyri müsəlman-alban xristianlığına məxsus qala), Laçında (Ağoğlan), Kəlbəcərdə (Haşavəng (Xudavəng), Çahartağ) alban xristian məbədləri, həmçinin Xocavənd alban kilsəsi (Sos kəndi), Ağcabədinin Təzəkənd yaşayış məntəqəsindəki üçnefli bazilikalı bina, Bərdə şəhərində aşkar olunmuş 3 yarım dairəvi apsidalı məbəd Azərbaycanın Qarabağ bölgəsinin tikinti memarlığını, eləcə də tarix və mədəniyyətini səciyyələndirir.
Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən digər memarlıq abidələri–məscidləri, məqbərələri, sarayları, kilsələri, məbədlər, pirlər, qəbirüstü abidələri Azərbaycan xalqına məxsusdur.
Məşhur Qarabağ xalçaları
Əbəs yerə deyil ki, indi dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvr, Vaşinqtonun Metropoliten, həmçinin, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının, həmçinin Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq məktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar 4 qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli. Bu xalçalar Qarabağın Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa yerlərində istehsal olunurdu.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbinin mərkəzi Şuşa idi. Bu dövrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları–"Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng–boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
Etnoqrafik və estetik xüsusiyyətlər
Bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixi var. Qarabağlıların zəngin yaradıcılığında ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Təbiidir ki, onların məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir.
Qarabağ xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Arxeoloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixini öyrənməyə imkan verir. Bütün bunlar isə xalqımızın min illərdir yaşatdığı spesifik ənənəvi mədəniyyət elementləridir.
Xalq sənətkarlığının tarixi
Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Qarabağdan aşkar edilmiş hər bir arxeoloji material, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı bütün əşyalar – tikinti materialları, məişət əşyaları, süfrə qab-qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin, naxışların həkk olunması baxımından qarabağlıların həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür.
Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.
Bu bölgədə sənətkarlığın inkişafında yeraltı ehtiyatların da böyük rolu olub. Qarabağın zəngin dəmir fılizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynayıb.
Dulusçuluq isə Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlayıb. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.
Qarabağ musiqi və teatrın beşiyi kimi
Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsrlik ənənələri var. Qarabağ musiqi sənətində muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
Təsadüfi deyildir ki, Qarabağ milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir Qarabağlı ədəbiyyat nümayəndələrinin yaratdıqları ədəbi əsərlər Azərbaycan mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur.
Qarabağda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb.
Xüsusən, bu torpaqlarda neçə min ildir ki qeyd edilən Novruz bayramı şənliklərində xalq teatrının qədim və çox maraqlı bir forması təşəkkül tapıb. Qarabağ professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb. Bunun sayəsində XIX əsrdən başlayaraq əvvəl Şuşada sonra Ağdamda professional teatr yaranıb və çox səmərəli fəaliyyət göstərib.
Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin zəngin irsini təşkil edir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşdı. Bu dövrdə Rusiya-Azərbaycan bədii və mədəni əlaqələrinin güclənməsinin təsiri altında Qarabağ incəsənətində tədricən keyfiyyət dəyişiklikləri baş verdi və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin meydana çıxması ilə nəticələndi.
Sovet dövründə Qarabağ mədəniyyəti daha da inkişaf etdi. Lakin erməni işğalı nəticəsində son 30 ildə bölgənin mədəni inkişafına son qoyulmuşdu. İndi işğaldan azal edilmiş Qarabağda qədim və zəngin mədəniyyətin şölələri yenidən alovlanacaq.
Öz zənginliyinə və öz unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olub və olacaqdır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.