“Bütün dünyada koronavirusla bağlı təhlükəli vəziyyət yaranib” ÖZƏL - RƏY

26 Noyabr 2020 15:42 (UTC+04:00)

Ölkəmizdə getdikcə koronavirusa yoluxanların sayı artmaqdadır və ölüm halları da çoxalır. Bütün bunlar vətəndaş məsuliyyətsizliyin nəticə olduğunu söyləmək olar. “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirdi ki, artıq bütün dünyada koronavirus pandemiyası ilə bağlı təhlükəli vəziyyət yaranib: “Hətta bəzi ekspertlər üçüncü dalğa ilə bağlı da xəbərdarlıq edirlər. Ölkəmizdə də mövcud durum ürəkaçan deyil. Əgər bir neçə ay əvvəl gündəlik yoluxanların sayı 300-400 nəfər idisə, indi bu rəqəm 2000-3000 civarındadır. Yəni çox qısa müddət ərzində virusa yoluxma tempi 10 dəfəyə yaxın artıb. Buna müvafiq olaraq dövlət səviyyəsində pandemiyaya qarşı mübarizə ilə bağlı qaydalar yenidən sərtləşdirilib. Cərimələrin miqdarı artırılıb. Vətəndaşların daha məsuliyyətli olması üçün inzibati qaydada mümkün olan qərarlar verilib. Lakin əvvəllər olduğu kimi, yenə də pandemiyanın yayılmasının qarşısının alınmasında ən mühüm və zəruri vasitə məhz vətəndaş məsuliyyətidir”.

S.Seyidova təəssüf hissi ilə bildirdi ki, bu gün evində özünü karantinə alan xəstələrin icazəsiz halda küçəyə çıxma, digər vətəndaşlarla təmas hallarına rast gəlinir: “Bu addımı atan vətəndaşlar üzərlərinə düşən məsuliyyəti, ətrafdakı insanlar üçün hansı təhlükəni yaratdıqlarının fərqinə varmırlar. Mövcud qaydalara uyğun olaraq maskadan istifadə etməyən vətəndaşlarımız da var. Tətbiq olunan qadağalarla bağlı ictimai nəqliyyatda, xüsusilə də avtobuslarda yaşanan sıxlığı nəzərə alaraq maskalardan istifadənin nə qədər mühüm olduğu aşkardır. Vətəndaşlarla yanaşı, müvafiq qurumlar da bu sahədə nəzarət tədbirlərini gücləndirməlidirlər. Maskadan istifadə etməyən vətəndaşlara qarşı ictimai qınaq mexanizmi də işə düşməlidir. Daha geniş şəkildə maarifləndirmə tədbirlərinə ehtiyac duyulduğunu hiss edirik. Bu səbəbdən, yaranmış təhlükənin miqyasının qarşısını almaq üçün vətəndaş məsuliyyəti anlayışının ciddi şəkildə qavranılması istiqamətində birgə çalışmalıyıq”.