"Paşinyanın əli azərbaycanlıların qanına batıb" - ŞƏRH ÖZƏL

26 Noyabr 2020 14:56 (UTC+04:00)

"Ermənistanda cəmiyyət bir neçə fikir ayrılığı yaşayır. Ter Petrosyanın tərəfdarları bildirir ki, biz vəziyyətin bu yerə gələcəyini bilirdik. Bir hissə isə etiraz bildirir və deyir ki, bu nəticə ilə sonlanacağını bilirdiksə, niyə biz bu qırğından sonra razılaşmanı imzaladıq? Gərək bunu müharibəsiz, itkisiz edərdik. Empatiya qurduqda Paşinyanı çox qınaya bilmirəm. Belə bir söz var ki, Lider cəmiyyətin fikrini dəyişdirməyi bacaracaq insan olmalıdır. Lakin Paşinyanda bunu görmək mümkün deyil". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloqun sözlərinə görə, Ermənistanda milliyətçi, faşist zehniyyət o qədər güclüdür ki, hər insan ona qarşı çıxa bilməz: "Qarşı çıxdıqda isə nəticəni Ter Petrosyan nümunəsində görə bilərsiniz. Paşinyan erməni xalqı tərəfindən seçilmiş baş nazir olsa belə, Ermənistandakı milliyətçi, faşist ideologiyanı dəyişdirmək imkanları yox idi. İndiki şərtlərlə Paşinyan öz cəmiyyətini heç vaxt sülh müqaviləsinə hazırlaya bilməzdi. Paşinyanın maksimum edə biləcəyi şey 5 rayonun təhvil verilməsi müqabilində Qarabağa yüksək statusun verilməsi idi. Bu şərtlərlə də biz razı olmayacaqdıq. Ermənistan cəmiyyəti gələn yaza seçkilər olmasını gözləyir. Lakin nə olacağını əvvəlcədən proqnozlaşdırmaq bir qədər çətindir".

Ekspert bildirib ki, hər nə olsa belə Paşinyanla bağlı nəticə dəyişməz olaraq qalır: "Paşinyan müharibə cinayətkarıdır. Bərdəyə, Gəncəyə, Tərtərə atılan raketlərin hər birindən o xəbərdar olub. Ona görə də, bu məsələdə siyasi məsuliyyət Paşinyanın üzərinə düşür. Çünki Paşinyan Azərbaycanda mülkü əhaliyə qarşı törədilən terror aktına görə cinayət işinin açılması ilə əlaqədar heç bir prokurora göstəriş verməyib. Ona görə də biz rahatlıqla deyə bilərik ki, Paşinyanın əli azərbaycanlıların qanına batmış bir siyasətçidir".

F.Mehdiyev vurğulayıb ki, Ermənistanın bu gündən sonra inkişafı yalnız Azərbaycanla uzlaşmaqdan keçir: "Ermənistan bizimlə uzlaşarsa, regional kommunikasiya xəttlərinə qoşulacaq, ticarətə başlayacaq. Beleliklə, bu onların iqtisadiyyatına da müsbət təsir göstərəcək".