"Azərbaycanın cavab addımları Fransa dövlətinin davranışından asılı olacaq" ÖZƏL-MÜNASİBƏT

26 Noyabr 2020 14:27 (UTC+04:00)

"Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə layihəsi qəbul edəcəyi gözlənilən idi. 44 günlük hərbi əməliyyatlar zamanı Fransa prezidenti Makronun sərgilədiyi qərəzli mövqe, bu ölkədə münaqişə ilə bağlı obyektiv yazılar hazırlayan jurnalistlərin təzyiqlərlə üzləşməsi gediaştın belə bir istiqamət alacağını ehtimal etməyə imkan verirdi. Bütün bu addımlar Fransa hakimiyyətinin erməni diasporunun və lobbisinin təsiri altında olduğunu tam çılpaqlığı ilə ortaya qoyurdu. Məhz bu faktor qəbul olunan sənədin mətnindən də açıq-aydın hiss olunur". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, sənəddə və onun qəbulu ilə bağlı aparılan müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında olan əlaqələrin inkişafından narahatlıq qabarıq formada əksini tapıb: "Real mənzərə ondan ibarətdir ki, iddia olunduğu kimi senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyi o qədər də maraqlandırmır. Onları narahat edən Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsidir. Belə olmasaydı, Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin Ermənistan və Azərbaycan olması arxa plana keçirilməz, qətnamədə Türkiyənin adı daha çox çəkilməzdi.

Burada diqqət ediləsi məqam hərbi əməliyyatlar zamanı guya Azərbaycanda türk əsgərlərinin olması, Ermənistan baş nazirinin və ətrafının, eləcə də ermənipərəst mətbuatın bu yalanı qabartmasıdır. Məhz bu xətt qətnamədə açıq hiss olunur və sənədin qəbulunda erməni barmağının olması bir daha təsdiqini tapır.

Müzakirələr zamanı əvvəlcədən planlaşdırılmış ssenariyə uyğun davranılması da nəzərdən yayınmamalıdır. Ermənipərəst senatorlara söz verilməsi, digərlərinin çıxışına imkan yaradılmaması xətti tutulmuşdu vəSenatda qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə yadda qaldı.

Çıxışlarda belə bir sənədin qəbulu üçün erməni lobbisindən tapşırıq alındığı açıq büruzə verilirdi. Çünki çıxış edənlər nə baş verməsindən tam məlumatsız idilər. Müzakirələrdə Senatın bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbərinin olmaması qırmızı xəttlə keçdi. Bəzi senatorların militarist bəyanatları buna əyani sübutdur. Senator Stefan Ravie çıxışında Fransadakı erməni gənclərin vətənlərinə dönərək vuruşmaq istədiklərini, onlara yolun açılmasının vacibliyini, Fransa QHT-lərinin isə bu işdə onlara yardımçı olmalarını vurğulayıb. Tam məlumatsızlıq və sifarişlə hərəkət! Münaqişənin detalları haqqında heç bir bilgisi olmayan, xüsusilə hazırkı mərhələdən, nüvafiq bəyanatın imzalanmasından xəbərsiz olanların dirijor çübuğu ilə xoru... Çıxışları belə dinləməyən, iclas boyu telefonları ilə oynayan senatorların səsvermədə fəal iştirakı və sadalanan faktlar açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatın Senatda tamaşaya qoyulması idi.

Təkcə o faktı qeyd edək ki, layihəninin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Və nə yazıq ki, Fransa başbilənlərini, sənədin müəlliflərini, həm də ona səs verənləri indi daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Münaqişənin indiki vəziyyətindən xəbərsizlik də bundan irəli gəlir və sənədin mətnində münaqişənin bütün tarixi, siyasi və hüquqi aspektləri təhrif edilir.

Xatırlatmaq yerinə düşər ki, bir neçə il əvvəl Senat eyni mətni Fələstinə münasibətdə qəbul etmişdi. Həmin plagiat mətnin indi xırda dəyişikliklərlə Azərbaycana qarşı qəbul edilməsi Senatın sifariş icra etməsinin daha bir əyani göstəricisidir.

Başqa bir məqam: Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli, həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız və yalnız təxribat kimi qiymətləndirilə bilər.

Dürüstlük, demokratiya Fransa Senatına yol tapsaydı, müzakirələr başqa şəkildə olardı.

Senat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqunluğunu pozub ədalətli mövqe ortaya qoyardı.

Senat Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə münasibət bildirərdi. Fransa Senatı Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham etməzdi.

Fransa Makron və onun kimilərinin ucbatından özünün ən utancverici tarixini yaşayır. Qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün biabırçı bir addımdır. Fransa öz kirli tarixindən dərs almalı olan bir nömrəli ölkədir. Fransa Senatının müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı.

Bir sözlə, Azərbaycanla Fransa arasındakı münasibətlərə ciddi xələl gətirən siyasət ortadadır. Rəsmi Parisin bu siyasətə yenidən baxması üçün imkanları itirilməyib. Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir və Senatın qərarları tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsinin olmaması faktdır. Amma bu sənədin siyasi anlamını arxa plana keşirtmək üçün əsas ola bilməz!

İndiki halda Fransa çabalarının arxasından qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq kimi niyyət boylanır. Fransanın hazırkı cəhdləri həm də bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Reallıq budur ki, Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır.

Amma Fransa dərk etmək istəmir ki, belə davranışları ilə artıq ATƏT-in Minsk Qrupunun həmsədri olan vasitəçi mandatına tüpürüb. Məhz vasitəçi olan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, illərdir Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini möhkəmləndirdi. Və haqlı olaraq Fransanın vasitəşiliyinə son verilməsi üçün hüquqi prosedurlara başlanılması tələbləri səslənir. Fransanın Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Löman da sənədin Fransanın dövlət mənafeyinə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun olmadığını etiraf edib.

Təbii ki, müstəqil siyasət yürüdən Azərbaycana bu yolla təzyiq etmək mümkün olmayacaq. 44 gün ərzində Azərbaycanın qətiyyətli addımları bunu bir daha isbat etdi ki, rəsmi Bakı ilə təzyiq dili ilə danışmaqla nəyəsə nail olmaq mümkün deyil! Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz!

Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və artıq rəsmi şəkildə bunun adi kağız parçasından başqa bir şey olmadığı vurğulanıb.

Münasibətlərin yaxın gələcək üçün inkişafı Fransa dövlətinin davranışlarından asılı olacaq. Rəsmi Paris təcili şəkildə Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməsə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə etməsə, münasibətlərin tamamilə pozulmasına günahkar ölkə elə Fransa özü olacaq! Azərbaycanın cavab addımları üçün həm siyasi, həm də iqtisadi rıçaqları yetərlidir".