Lukaşenkodan Moskvaya “afərin” MÖVQELƏR

26 Noyabr 2020 14:09 (UTC+04:00)

Belarus prezidenti: “Biz də məhz bu cür mövqeni dəstəkləyirik”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ermənistan, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həll olunmasındakı rolunu pozitiv qiymətləndirib və deyib ki, bu regiondakı qanlı müharibə Moskvanın davamlı fəaliyyəti nəticəsində başa çatıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır və qeyd edir ki, Lukaşenko bu sözləri Minskdə - Rusiya XİN-nin rəhbəri Sergey Lavrovla görüşündə deyib.

“Qafqazda baş verənlərlə bağlı sizi təbrik etmək olar, afərin olsun sizlərə”, deyən Belarus prezidenti bildirib ki, artıq Qarabağda insanlar ölmür. “Qafqazda münasibətlər normallaşır və bu çox pozitiv və yaxşı işarədir. Biz də məhz bu cür mövqeni dəstəkləyirik”, Lukaşenko bəyan edib.

O, bildirib ki, əvvəldən Qafqaz regionun problemlərinə bələddir və mövzunu da yaxşı bilir. Belə ki, bu barədə Rusiya, Ermənistan və Azərbaycan rəhbərlikləri ilə danışıb.

“Mən çox məmnunam ki, böhran məhz bu cür həll olunub, necə ki, onun haqqında sonuncu dəfə Piterdə (Peterburqda) də müzakirə etmişdik. Ona görə də mən sizi ürəkdən təbrik edirəm”, Belarus respublikasının rəhbəri vurğulayıb.

Ərdoğan Qarabağda türk və rus sülhməramlılarının müştərək missiyası barədə fikir bildirmişdi

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı ötən gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edərək vurğulamışdı ki, məhz Rusiya, Türkiyə və Azərbaycan Dağlıq Qarabağda sülhün təmin edilməsinin qarantları olacaqlar.

“Biz ədalətsizliyin kənarlaşdırılması üçün böyük zəhmətlər çəkdik, hansı ki, bu ədalətsizlik Qarabağda 30 il idi ki, davam edirdi”, deyən Ərdoğan qeyd etmişdi ki, o Putinlə apardığı telefon danışığında da Qarabağla bağlı atılacaq növbəti addımları müzakirə edib.

Xatırladaq ki, Ərdoğan noyabrın 11-də Ankara və Moskvanın Qarabağda nəzarət mərkəzinin yaradılması barədə memorandum imzalandığını, memoranduma görə birgə şəkildə sülhməramlı missiyasını həyata keçirəcəklərini demişdi.

Buna qədər isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ankara və Moskva Azərbaycan ərazisində Qarabağ üzrə monitorinq mərkəzində müştərək iş aparacaqlar. RİA Novosti Peskovun “sülhməramlıların müştərək işi barədə söhbət getməmişdi”, fikrinə də diqqət çəkib.

Rövşən RƏSULOV