Rusiyalı hərbi ekspertdən ŞOK AÇIQLAMA

26 Noyabr 2020 12:58 (UTC+04:00)

Yuri Lyamin: “Düşünürəm və ümid edirəm ki, bənzər hallar olmayacaq”

“Ermənistan hazırda barıt çəlləyini xatırladır: daxili destabillik artır və bu çox rahat şəkildə daxili partlayışla əvəzlənə bilər. Və mən rəhbərliyin yalan danışıqlarından sonra erməni əhalisinin hiddətini də anlayıram. Münaqişədə minlərlə insan məhv oldu, onlar isə kimlərinsə oğul övladları, ataları idi. Bu baxımdan, Cənubi Qafqazın böyük hissəsini təşkil edən Dağlıq Qarabağda bu yaxınlarda hər hansı sabitliyi dəqiq olaraq gözləmək olmaz”. SİA xəbər verir ki, elə də xoş olmayan fikirləri “Moskovski Komsomolets”ə rus hərbi eksperti Yuri Lyamin deyib.

Lakin onun sözlərinə görə, erməni tərəfinin partizan hərəkatına başlaması ehtimalları da ciddi proqnoz hesab edilə bilməz. Belə ki: “Azərbaycanın nəzarəti altına keçən rayonlarda elə də çox erməni əhalisi qalmayacaq. Sadəcə partizanlıq etməyə adam olmayacaq. Bundan əlavə, bizim sülhməramlılara hücum etmək o deməkdir ki, həmin cəhdlər ermənilərin Azərbaycanın zərbələri altına düşməsi ilə nəticələnə bilər. Əlbəttə, mən hadisələrin bu cür inkişafının tamamilə inkar olunmayacağını da deyə bilərəm. Ancaq düşünürəm və ümid edirəm ki, bənzər hallar olmayacaq”.

“Xatırlamaq lazımdır ki, Azərbaycan həmin vaxt ağır məğlubiyyətə məruz qalması ilə yanaşı, yalnız Dağlıq Qarabağa deyil, həm də böyük əksəriyyəti azərbaycanlılar yaşayan yeddi ətraf rayonlar üzərindəki nəzarətini də itirmişdi”

Digər tərəfdən, pozitiv fikirlərə də yer alan Lyamin davam edib ki, Bakı 27-30 il əvvəl aldığı məğlubiyyətin revanşını alıb: “Bu ən əsas nəticədir. Burada xatırlamaq lazımdır ki, Azərbaycan həmin vaxt ağır məğlubiyyətə məruz qalması ilə yanaşı, yalnız Dağlıq Qarabağa deyil, həm də böyük əksəriyyəti azərbaycanlılar yaşayan yeddi ətraf rayonlar üzərindəki nəzarətini də itirmişdi. Bir milyondan artıq insan öz evlərini tərk edərək, qaçqınlara çevrilmişdi”.

“Bütün bunlardan sonra Ermənistanla Azərbaycanın münasibətləri müharibənin nəticələri prizmasında müəyyən edilirdi. Azərbaycan birmənalı olaraq Ermənistandan qisas almaq üçün yaşayırdı. Bakı nəhəng hərbi quruculuq işlərinə başladı və bu quruculuq son 15 ildə öz intensivliyi ilə müşahidə olundu. Bu, postsovet məkanında Azərbaycan dövlətçiliyinin milli layihəsinin əsası idi”, rusiyalı hərbi ekspert vurğulayıb.

“Erməni tərəfinin təbliğatı çox pis təqdim olundu”

Müharibənin gedişatı ərzində dezinformasiyaların yayılması məsələsinə də münasibət bildirən Lyamin qeyd edib ki, dezinformasiya və təbliğat istənilən müharibələrdə iştirak edənlər tərəfindən tətbiq edilir: “Bu həmin elementdir ki, “informasiya müharibəsi” adlandırılır. Başqa məsələ isə budur ki, erməni tərəfinin təbliğatı çox pis təqdim olundu. Nəticədə həmin təbliğat mənzərənin ağırlığını təsəvvür etməyən öz əhalisinə qarşı işləməyə başladı və bu hətta erməni hərbçilərinə qarşı da işlədi. Xüsusilə, sıravilərə və aşağı heyətə pis təsir edirdi. Onlar baş verənləri anlamırdılar. Bu isə dərhal hərbi əməliyyatlara təsir edirdi”.

“Rəsmi kanallardan belə məlumatlar yayılırdı ki, guya işlər elə də pis getmir, hətta tez-tez “hər şey yaxşıdır, döyüşürük, müqavimət göstəririk, mühasirəyə alıb məhv edəcəyik” kimi boşboğazlıqlar edilirdi. Həqiqətdə isə bu cür yöndəmsiz təbliğat və dezinformasiyalarla kiçik rütbəli komandirlər cəbhədəki real mənzərəni anlamırdılar. Buradan isə böyük itkilər yaranırdı – geriyə qayıtmayan itkilər”, deyən rusiyalı hərbi ekspert əlavə edib ki, müharibədə təbliğat və dezinformasiya olmalıdır, lakin bu məsələlər elə bir həddə çatmamalıdır ki, o yalanlara özünü də inandırasan. Erməni təbliğatında isə məhz bu cür alındı.

“Bakı ümumiyyətlə bu məsələni münaqişənin tam başa çatması dövrünə qədər sirr saxladı”

Rəsmi Bakının müharibə zamanı apardığı informasiya müharibəsində uğurlar əldə etdiyini deyən Lyamin bildirib: “Bakı bu istiqamətdə işlərini normal dozalarla görürdü. Hətta geri alınmış yaşayış məntəqələri həmin məntəqələrin alınması faktından kifayət qədər gec xəbər verilirdi. Buna səbəb isə geri alınmış məntəqələr itirilərdisə, həmin vəziyyət əhali arasında qıcıq yaratmamalıydı. Azərbaycan ordusunun itkilərinə gəlincə, Bakı ümumiyyətlə bu məsələni münaqişənin tam başa çatması dövrünə qədər sirr saxladı. Yəni situasiya erməni tərəfindən tamamilə fərqli idi.

Azərbaycan ordusunun Şuşanı azad etməsi məsələsinə də toxunan Lyamin deyib ki, erməni tərəfi son ana qədər Şuşanın itirilməsi barədə açıq danışmırdı: “Bu isə Dağlıq Qarabağın strateji əhəmiyyətli şəhəridir. Onlar şəhərin itirilməsini son ana qədər etiraf etmirdilər. Hərbi əməliyyatlar başa çatdıqdan sonra erməni rəhbərliyi etiraf etdi ki, noyabrın 5-də şəhərin bir qismi itirilmişdi, 7-də isə tamamilə azərbaycanlı silahlı qüvvələrinin əlinə keçib. Ancaq bu barədə deyilmirdi”.

“Azərbaycan ordusu cənubda zərbə qrupu topladı və dağıdıcı zərbə endirdi”

“Yalan informasiyanın olmaması situasiyanı soyuq başla qiymətləndirməyə imkan verdi və zamanında əks-hücumların təşkil etməsinə mümkünlük yaratdı”, deyən hərbi ekspert bildirib və azərbaycanlılardan fərqli olaraq bütün bunların erməni hərbi rəhbərliyində olmadığını deyib. O, daha bir fakt göstərib: “Cəbhənin İrana yaxın olan cənub hissəsi. Oralar düzənlikdir, qarşı tərəfin hücum təşkili üçün idealdır. Hələ müharibəyə qədər bir çox ekspertlər haqlı olaraq hesab edirdilər ki, bu yer Azərbaycanın zərbə endirməsi üçün ən ehtimal olunandır. Bəli, bu hər kəsə aydın idi, hətta ekspertlərə! Ancaq erməni və Qarabağ komandanlığına aydın deyildi. Nəticədə nə baş verdi? Azərbaycan ordusu cənubda zərbə qrupu topladı və dağıdıcı zərbə endirdi. Bundan sonra hücumlar sərhəd boyu davam etdi. Sual yaranır: əgər bütün bunlar müharibəyə qədər aydın görünürdüsə, onda nəyə görə əlavə müdafiə istehkamları qurulmamışdı, məsələn Dağlıq Qarabağa olan keçid ərazisində? Yox, heç nə edilməmişdi...”.

“Azərbaycan əksinə, müdafiə xətlərini yardıqdan sonra işini uğurla davam etdirdi”, deyən Lyamin bildirib ki, ordu cənubda daha bir cinah zərbələri endirdi: “Onlar sadəcə Şuşaya tərəf cənubdan getməyə başladılar. Azərbaycan piyadaları qismən müqavimətlə qarşılaşaraq dağlıq ərazilərlə irəlilədi. Belə təəssürat yaranır ki, Azərbaycan piyadaları şəhərin kənarlarındakı kəndlərə çıxarkən, erməni rəhbərliyi Şuşaya keçən cinahın yarılmasını sadəcə görməyib”, rusiyalı hərbi ekspert bildirib.

Rövşən RƏSULOV