Bizim Paşinyanlar, yaxud... SİYASİ RAKURS

25 Noyabr 2020 14:39 (UTC+04:00)

Xalqın gözü tərəzidir!

Azad edilmiş Qarabağın 30 il boyunca işğala səbəb olmasının, çaıb-talanmasının əsas günahkarlarının 90-cı illərin naşı siyasətçilərinin olması kimsəyə sirr deyil. Hakimiyyət qovğalarından tutmuş daxili hərc-mərcliklərə, silahlı qarşıdurmalara, vətəndaş müharibəsinə qədər cərəyan edən hər bir hadisənin arxasında xəyanət (!), satqınçılıq (!), yüksək vəzifə hərisliyi (!) kimi halların nəticəsi idi ki, 27-30 il sonra qəhrəmanlıq salnaməsi yazan Ordumuzun - əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin qanları bahasına azad olunmuş torpaqlarımız məhz həmin illərdə düşmən tapdağına məruz qalmışdı. Xüsusilə, Xalq Cəbhəsinin xarici ölkələrin xüsusi xidmət orqanlarına, fondlarına işləyən agentlərinin suçları hesabına yadelli düşmənin həyasızlıqları altında inləyən Qarabağımızın ah-naləsi eşidilmədi, itirildi. Və bütün bu böyük itkilər cəmi 1 illik (!) AXCP-Müsavat cütlüyünün iqtidarı zamanında baş verdi – torpaqlarımız hansısa gizli danışıqlar masalarında satıldı, amma o zamanlar yenicə yaradılmış ordumuzun mərd, igid əsgərləri, zabitləri bütün bunlardan xəbərsiz olaraq, son damla qanınadək döyüşdü, canını Qarabağda qoydu. Uğursuz və satqın hakimiyyət, eləcə də onun “liderləri” xalqın hiddəti, nifrini ilə qovulduqdan sonra adlarını “müxalifətçi” qoyaraq xəyanətkarlıq, satqınçılıq xislətlərini davam etdirməyə başladılar – ora-bura işləməklə, şər-böhtanlar atmaqla, “millət” şüarları altında erməni dəyirmanına su tökməklə.

Təbii ki, onlara sərf etməyən daha bir fakt Ulu Öndər Heydər Əliyevin xalqın dəstəyi, tələbi, çağırışı ilə hakimiyyətə gəlməsi idi. Və nə yaxşı ki, Heydər Əliyev Azərbaycanın xilaskarlıq missiyasını öz çiyinlərinə aldı. Əks halda, bugünlərdə biz Gəncəni də, Mingəçeviri də, digər bölgələrimizi də, bütövlükdə isə Azərbaycanı itirməli olacaqdıq, bu birmənalıdır!

Erməni baş nazirinin mövcud halını vaxtilə AXCP-Müsavatın halını yaşaması kifayət qədər deməyə zəmin yaradır – bu gün ermənilərin Paşinyanı varsa, bizim də Paşinyanlar var

Bunun isə daha bir səbəbi var və həmin səbəbi hazırda kapitulyasiyaya uğramış, çalxalanan, dağılan Ermənistanla eyniləşdirmək kifayət qədər mümkündür. Daha dəqiq desək, əgər 27-30 il əvvəl Azərbaycanda hansı hadisələr baş verirdisə, bu gün bu hadisələr çarəsiz qalmış məğlub Ermənistanda təkrarlanır. Səbəb isə Sorosdur, amerikalı milyarder, rəngli, yaxud qeyri-rəngli inqilablar, qanlar, qadalar hesabına külli maddiyyatlar əldə edən Corc Soros. Və çünki bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Sorosun vasitəsi ilə hakimiyyətə gəlsə də, artıq ikiillik hakimiyyətini itirmək üzrədir. Bənzərliklər çoxdur, ancaq bir bənzərlik erməni xalqına müyəssər olmayacaq – onların ümummilli liderləri olmayıb və bundan sonra da olacağı mümkün deyil. Bunun üçün gərək köklü, tarixi olan bir xalq olasan. Bizim isə Ulu Öndərimiz, Ümimmilli Liderimiz Heydər Əliyev adlı əbədiyaşar liderimiz və Onun layiqli siyasi varisi, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı, Sərkərdəsi, alternativsiz Lideri İlham Heydər oğlu Əliyevimiz var!!!

Eləcə də, erməni baş nazirinin mövcud halını vaxtilə AXCP-Müsavatın halını yaşaması kifayət qədər deməyə zəmin yaradır – bu gün ermənilərin Paşinyanı varsa, bizim də Paşinyanlar var, onlar Xalq Cəbhəsinin, müsavatçıların tör-töküntülü “liderləri”, “başbilənləridirlər”.

Ali Baş Komandan: “Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti”

Beləliklə, keçək bu mətləblərin izahına və bu izahları məhz cənab Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışı ilə şərh edək. Dövlət başçımız çıxışı əsnasında vurğuladı ki, əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi: “Öz laxlamış hakimiyyətlərini (AXCP-Müsavat cütlüyünü) saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti”.

Məgər belə deyilmi? Məgər bu ifadələrin hər birinin altından qalın və qırmızı xətlər çəkmək olmazmı? Əlbəttə ki, olar və lazımdır – gələcək tarixlərimizə həkk olunması üçün, gələcək nəsillərimizə izah etmək üçün zamanında kimlərin satqın, xəyanətkar, dövlət düşməni olduğunu, kimlərin isə xilaskar, müzəffər qalib olduqlarını anlatmaq üçün...

Budur məntiqi reallıq, danılmaz gerçəklik və tandem!

Yenidən qayıdaq Paşinyanlar məsələsinə. Dövlət başçımız çıxışında qeyd etdi ki, Xalq Cəbhəsinin “başbilənləri” heç bir siyasi savadları olmayan, müxtəlif yerlərdən, küçələrdən toplaşmış adamlar olublar. Necə ki, hərbi xidmət keçməyən, jurnalistlikdən o tərəfə haqlaya bilməyən, siyasi savadı olmayan, ora-bura şər atan, sonunda isə Sorosun qucağında (xalqının deyil!) hakimiyyətə yiyələnən Nikol Paşinyan kimi. Burada da mütləq mənada cənab İlham Əliyevin fikrini sitat gətirmək tam yerinə düşür: “Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər".

Budur məntiqi reallıq, danılmaz gerçəklik və tandem! Yəqin ki, dövlət başçımızın bu çıxışından narahat olanlar tapılacaq və tapılır da. Amma belələrinin narahatlıqları xalqı narahat etmir. Çünki xalqın gözündə onların ələkləri-ələnib, xəmirləri isə yoğrulub. Xalqın gözü isə tərəzidir...

Rövşən RƏSULOV