Bizim yumruğumuz bizim birliyimizdir - ŞƏRH

25 Noyabr 2020 11:53 (UTC+04:00)

Prezident İlham Əliyev: “Bu gün dünyada güc amili həlledici rol oynayır”

“Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm”.

Bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bu gün dünyada güc amili həlledici rol oynayır, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır: “Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

Bəli, bu gün məhz o gücünü, birliyin nəticəsidir ki, 30 il işğalçı Ermənistanın çirkin niyyətlərini alt-üst ktdi. Və Ali Baş Komandanımız İlham Əliyev cənablarının yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində, xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.

“Biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik”

Prezident İlham Əliyev noyabrın 23-də Ağdama səfəri zamanı bildirib ki, iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik və siyasi müstəqillik də olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik: “Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik”.

Dövlət başçımızın dediyi kimi, çünki bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi: “Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

Azərbaycan qisası qiyamətə saxlamadı - Koçaryan-Sarkisyan ordusu məhv edildi!

Məhz Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin apardığı diplomatik, qətiyyətli siyasətinin, gücünün nəticəsidir ki, Koçaryan-Sarkisyan ordusu məhv edildi! Məhv edilməli idi də! Çünki bu ölkədə qanunun aliliyi heç vaxt təmin olunmayıb. Bu, Ermənistanda dövlət quruculuğunun olmadığının göstəricisidir. Bu ölkənin bir-birini əvəzləyən rəhbərliyi bir qayda olaraq “Ermənistanın güclü, qüdrətli ordusunun" olduğunu bildirib, onun "qəhrəmanlıqlarından" danışıblar.

Təbii ki, onların "qəhrəmanlıqları” Rusiya ordusunun yardımı ilə Qarabağı işğaldan başlayır. 1992-ci il fevralın 26-da Ermənistan hərbçiləril Rusiyanın 366 motoatıcı sülhməramlı alayı ilə birlikdə Xocalı soyqırımını törədiblər. Həmin vaxt ölkə prezidenti Ter-Petrosyan olsa da, Koçaryan və Sarksyanın da bu hakimiyyətə təsir gücü az deyildi. Qonşu dövlətin, yəni Azərbaycanın torpaqlarını işğal etməklə öyünən Ermənistan hakimiyyəti Qarabağda yalnız əliyalın dinc sakinləri qətlə yetirib. Bunu Serj Sarqsyan da etiraf edib. Tomas de Valın müəllifi olduğu «Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında» adlı kitabında S.Sarkisyanın dediklərinə istinadla yazılıb: “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”.

Prezident İlham Əliyev: “Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”

Bəli cinayətkarlar cəzasının almalı idi. Özü də Azərbaycvn dövləti, Azərbaycan Lideri, Azərbaycan əsgər və zabitləri qarşısında. Prezident İlham Əliyev Ağdam səfərində bir daha bildirib ki, Koçaryan, Sarkisyan əsgər və zabitlərimiz qaoşısında diz çökdülər: "Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!".

Azərbaycan əsgəri ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı

Bəli, Azərbaycan əsgəri ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı. Azərbaycan ordusu Sarksyanın qoşunlarının birinci dəfə dərsini 2016-cı ilin aprel döyüşlərində vermişdi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə isə həmin ordunu məhv etdi.

Beləliklə, Azərbaycan ordusu işğalçını Qarabağdan qovmaqla yanaşı, Koçaryan və Sarqsyanın dövlət quruculuğu ilə məşğul olmadığını da sübut edib, onların iç üzünü erməni ictimaiyyətinə və sponsorlarına göstərdi. Bir də məlum oldu ki, Ermənistan ordusu dinc sakinlərə quldurcasına hücum edən silahlı dəstələrdən, «əsgər payını» oğurlayan generallardan ibarətdir.

Bir sözlə, Azərbaycan ordusu öz torpaqlarını işğalçı Ermənistandan, onu müdafiə edən sponsorlar və havadarlarından azad etdi. Azərbaycan əsgəri Xocalı və başqa kəndlərdə ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı.

RƏFİQƏ HÜSEYNOVA