“Qarabağ füsunkar məmləkətdir” MƏQALƏ

25 Noyabr 2020 10:08 (UTC+04:00)

İlham Namiq Kamal

Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor

Qarabağ kiçik bir ərazi deyil. Azərbaycanın ən gözəl dilbər guşələri məhz Şuşa, Xankəndi, Füzuli, Xocavənd və digər azad olunmuş torpaqlarımıza təsadüf edir. Bu torpaqları yenidən görmək özü bir xoşbəxtlikdir. Biz o torpaqlarda çox olmuşuq və ən gözəl günlərimiz orada keçib. Hazırda Kəlbəcəri xatırlayıram, oranın təbiəti gözümün önündən getmir. O səfalı torpaqları hələ də unutmamışam. Burada dünyanın gözəlliklərini görmək fərqli bir duyğudur. Kəlbəcərdə çəkilişlərə gedirdik. İstisu mineral sularından içirdik və “İstisu” sanatoriyasında istirahət edərək çalışırdıq. Kəlbəcərdəki çəkilişimizdən böyük zövq almışdıq. Kəlbəcərlilərin istər sənətə və istər sənətkara gözəl münasibəti vardı. Nəinki Kəlbəcərdə, elə Qarabağda biz o ab-havanı hiss etmişdik. Bu torpaqlar mədəniyyətin ocağı idi. Qarabağda kifayət qədər mədəniyyət xadimləri yetişib. Şuşada, Xankəndində dövlət teatrı fəaliyyət göstərirdi ki, o torpaqlar sənət beşiyi hesab edilirdi. Həmin illəri, o xatirələri unutmaq olarmı? Hətta sizə deyim ki, “Qaynana” filmin premyerasını Xankəndinə keçirmişdik. Orda sənətə olan münasibət möhtəşəm idi. Həmin illər ermənilər də bizim tamaşalara, filmlərə baxmağa gəlirdilər və səlis Azərbaycan dilində danışmağı bacarırdılar. O torpaqlarda bizim gözəl günlərimiz, maraqlı xatirələrimiz olub. Bu gün yetişən gənc nəsil o gözəlliyi görməyib. Çox şükür ki, onlar da öz ulu babalarının yurdunu görəcək. Qarabağın gözəlliyini görmək, onun füsunkar təbiətində istirahət etmək böyük xoşbəxtlikdir.

Ali baş komandanımız İlham Əliyev öz çıxışında da bildirdi ki, biz bu torpaqları dirçəldəcəyik. Dövlətimiz bura sərmaya qoyacaq və orada yenidən yaşayış təmin ediləcək. Biz o torpaqlara yenidən qayıdacağq. Müdafiə Nazirliyinin mətbuata təqdim etdiyi işğaldan azad olunmuş ərazilərimizdəki çəkilişlərdə özünüz də şahidi oldunuz ki, o torpaqları necə bərbad günə qoyublar. Sanki düşmən bu torpağa 30 ildə yaşamağa yox, dağıtmağa gəlmişdi. Hər necə olur olsun, biz yenidən o torpaqları çiçəkləndirməli, quruculuq işləri aparılmalıyıq. Qarabağda yeni tamaşalar, təqdimatlar olmalıdır. Orda sənət adamları əsl mənada öz fəaliyyətini göstərməlidir. Hər birimiz bu günləri səbirsizliklə gözləyirik.

Düşünürdüm ki, biz əvvəl-axır o torpaqlara geri dönəcək və öz torpaqlarımızda yaşayacağıq. Məndə buna əminlik var idi. Dövlətimizə, ali baş komandanımıza inamım sonsuzdur. Bilirdim ki, dövlətimizin iqtisadi gücü də buna imkan verir. Var olsun Ali baş komandanımız İlham Əliyev, Azərbaycan ordusu və xalqımız.

Bu sevinci hər insan bir cür yaşayır. İnsan var hönkürüb ağlayaraq hissini büruzə verir. İnsan da var ki, qışqırır, rəqs edir və sair. Mənim yaşadığım hisslər fərqli idi. Bu çox sevindirici hisslər idi. Xəbəri aldım və o an gözümdən yaş süzüldü. İçindəki sevinc göz yaşları insanı mətinləşdirir. Mən bu mətin göz yaşlarının tərəfdaryam. Qoy hər zaman insanların gözündə sevinc göz yaşları axsın. Bu qələbə xəbəri bizi bir qədər ruhlandırdı. Bilirsiniz ki, döyüşdə həmişə güclülər qalib gəlir. Bu müharibədə də güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. 27-28 il əvvəl öz torpaqlarından didərgin salınmış yüz minlərlə soydaşımız öz dədə-baba yurduna qayıdacaq. Vətəndaşlarımız doğma Vətəninə qovuşmaq hüququ qazandılar. Şübhəsiz ki, bu qalibiyyət torpaq uğrunda döyüşlərdə öz canını əsirgəməyən, qanını onun üzərinə tökərək Vətəni bir az da ucaldan, müqəddəsləşdirən şəhid oğlanlarımızın, həyatını bu yolda əsirgəməyərək mərmi və güllə yarası alan igidlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Bizi Qarabağa, Qarabağı bizə qovuşduran ləyaqətli əsgər balalarımızın bu əməyi ən yüksək dəyərə, hörmət və ehtirama layiqdir. Bu uğurun memarı, aparıcı qüvvəsi olan Müzəffər Ali Baş komandan İlham Əliyevə, döyüşlərdə sərkərdəlik edən general və zabitlərimizə, birlik və həmrəylik nümunəsi göstərən xalqımıza çox böyük minnətdarlığımı bildirirəm.

O torpaqları bir kəlmə ilə təsəvvür etmək istəyirəm- “Qarabağ füsunkar məmləkətdir”. O günləri, o gözəlliyi sözlə ifadə etmək çətindir.