"Paşinyan məğlubiyyətini anlamaq istəmədi" Edmon Marukyan

24 Noyabr 2020 17:28 (UTC+04:00)

“Söhbət Qarabağ ətrafındakı 5 bölgənin təslim olmasından gedir. Razılaşsaydı, indi daha yaxşı bir sənədimiz olacaqdı”. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözlərii “Sputnik Ermənistan”-a müsahibəsində "Maariflənmiş Ermənistan" partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan söyləyib.

“Maariflənmiş Ermənistan”-ın lideri baş nazir Nikol Paşinyanın cəbhədəki fəlakətə səbəb olan həqiqi vəziyyəti araşdırmaq istəmədiyini diqqətə çatdırıb. O, qeyd edib ki, baş nazir Nikol Paşinyan bir çox cəhətdən Qarabağdakı müharibənin uzanmasına səbəb olan vəziyyəti ayıq və adekvat qiymətləndirə bilməyib.
Siyasətçi bir qədər əvvəl söyləyib ki, oktyabrın əvvəlində parlamentdəki qapalı iclas zamanı baş nazir cəbhədəki son dərəcə çətin vəziyyətdən danışıb. Deputatlar, nə üçün Rusiya prezidentinə vasitəçi rolunu oynamaq və müharibəni dayandırmaq istəyi ilə müraciət etmədiyini soruşduqda, Paşinyan dedi ki, bu gün də zəng edə bilər Putinə, amma Ermənistan müharibənin bitməsinə deyil, bir neçə günlük atəşkəsə ehtiyac duyur ki, orduni yenidən toparlayıb əks hücuma keçə bilsin. Marukyana görə, Paşinyanın bu mövqeyi heç yaxşı bir şeyə yol açmadı və nəticədə bu rüsvayçı itgilərlə ermənilər qarşılaşdı.

Marukyan o zaman da müharibədə bir dönüş yaratmağın mümkün olduğuna hamının səmimi qəlbdən inandığını söyləyib. O, qeyd edib ki, amma Ermənistanın tədricən məğlub olduğu aydın idi. Həmçinin nəzərə çatdırıb ki, deputatlar strateji müttəfiqlə aktiv təmaslara ehtiyac barədə israr etdikdə də baş nazir barışıq əldə etmək üçün hər hansı bir güzəştə getmək imkanını nəzərdən keçirməyib.

“Ancaq burada başqa bir məsələ diqqəti çəkir ki, ali komandan ona bildirilənləri başa düşmək istəmirdi. Bütün bunları anlamır və qəbul etmirdi. Vəziyyəti ayıq və adekvat qiymətləndirən lider dərhal mövcud təkliflərlə razılaşmalı idi. Söhbət Qarabağ ətrafındakı 5 bölgənin təslim olmasından gedir. Razılaşsaydı, indi daha yaxşı bir sənədimiz olacaqdı”, deyə Marukyan bildirib.

Partiya sədri danışıqlar prosesinin gələcəyindən danışaraq, danışıqların uğurlu nəticəsi üçün Paşinyana heç bir ümid bağlamadığını söyləyib. O, gec-tez Qarabağdakı müharibə şəraitinin tam hüquqi baxımdan araşdırılacağına, bütün səhv və çatışmazlıqların təhlil ediləcəyinə və bütün günahkarların cəzalandırılacağına inanır.