Bu vəhşiliklərin hesabı Ermənistandan mütləq soruşulacaq" ÖZƏL-MÜNASİBƏT

24 Noyabr 2020 16:46 (UTC+04:00)

"Bu günlərdə Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi nəticəsində rəşadətli Azərbaycan ordusu torpaqlarımızı, əsir olan abidələrimizi azad etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizə, dini abidələrimizə diqqət hər zaman yüksək olub: "Azərbaycanda bir çox məscidlər təmir olunub. Heydər Əliyev Fondu davamlı bu istiqamətdə tədbirlər həyata keçirib. Dünən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri zamanı bu diqqət və qayğını, mənəvi dəyərlərimizə sıx baxlılığı bir daha müşahidə etdik.

Məlum olduğu kimi, döyüş meydanında ciddi məğlubiyyətlə üzləşən düşmən hər zamankı kimi, münaqişəyə milli və dini don geyindirməyə çalışdı. Belə cəhdlərdən biri də Şuşada kilsənin guya Azərbaycan ordusu tərəfindən hədəfə alınması ilə bağlı məlumatların yayılması idi. Onlar kilsəyə xələl gətirərək Azərbaycanı bu kilsəni dağıtmaqda günahlandırmağa çalışdılar. Bu cur yalanların təşkilində xüsusi bacarığa malik Ermənistanın xunta rejiminin bu cəhdi də fiaskoya uğradı. Beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkə və qarşılarına qoyduqları məqsədlərə nail ola bilmədilər.

Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qədim dövrlərdən Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Ölkəmizdə həyata keçirilən uğurlu və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən və ən tolerant ölkələrindən birinə çevrilib. Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Azərbaycanın bu uğuru beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.

Hamımıza məlumdur ki, Azərbyacandan fərqli olaraq bu gün Ermənistan monoetnik dövlətdir və bu ölkədə yaşayan digər dinlərin nümayəndələri davamlı təzyiqlə üzləşirlər. Dağlıq Qarabağda eləcə də, Ermənistanda Azərbaycan xalqına məxsus bütün dini abidələr dağıdılıb. Ermənistan siyasi hakimiyyəti üçün heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani sübutudur. Ermənistan törətdiyi bu vəhşiliklərə görə cavab verməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün bir sıra dairələr Azərbaycandakı xristian abidələrindən “narahatlıqlarını” ifadə edirlər. Bəs onlar ermənilərin məscidlərimizə qarşı etdikləri vəhşiliklərə görə niyə narahatlıqlarını bildirmirlər? Məgər məscidləri dağıtmaq, orada donuz, inək saxlamaq olar?

Sonda bir məqama da toxunmaq istəyirəm. Ermənilərin ən çox saxtalaşdırma apardıqları və dağıtdıqları Alban abidələridir. Ermənilərin Alban kilsələrinə sahib çıxmalarının və onların saxtalaşdırılmasının qarşısının alınması üçün Alban katolikosluğunun bərpasını və onların idarəçiliyinin Alban-udi icmasına verilməsi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Vahid idarəçiliyinə verilməyəcəyi təqdirdə bu kimi halların baş vermə ehtimalları daha çox olacaq. Azərbaycan bu vəhşiliklərin hesabını Ermənistandan mütləq soruşacaq. Ermənistan beynəlxalq hüquq qarşısında mütləq cavab verəcək".