"RT France" telekanalında fransız deputat və senatorların ermənipərəst mövqeyi pislənilib

24 Noyabr 2020 11:16 (UTC+04:00)

Fransanın "RT France" telekanalının xəbərlər proqramında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas Zaur Sadıqbəyli erməni əsilli vəkil Filip Kalfayanla debata çıxıb. SİA-nın xəbərinə görə, aparıcı Stefani de Murun qərəzli münasibətinə və professional jurnalistika prinsiplərini kobudcasına pozmasına baxmayaraq, soydaşımız Azərbaycanın haqlı və ədalətli mövqeyini tamaşaçıların nəzərinə çatdıra bilib.

Z.Sadıqbəyli qeyd edib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu hücumuna Azərbaycan ordusu əks-hücumla cavab vermək məcburiyyətində qalıb və 44 günlük müharibə zamanı öz ərazisində beynəlxalq qanunlar çərçivəsində hərəkət edib.

Azərbaycan dövlətinin siyasətinin mülki ermənilərə qarşı yönəlmədiyi, ordumuzun yalnız separatçı və quldur dəstələrinə, işğalçı Ermənistan ordusuna qarşı mübarizə apardığı bildirilib. O, deyib ki, istənilən normal ölkə Azərbaycan kimi hərəkət edərdi: "Heç bir ölkə öz ərazisində separatçıların olmasına, onların əllərinə silah alıb, torpaqların bir hissəsini zorla qoparmağa cəhd göstərməsinə icazə verməz".

Ermənistanın Fransadakı kütləvi isterikasına son qoyulmasının vacibliyini vurğulayan hüquqşünas ermənipərəst deputat və senatorların mövqeyini pisləyib, onların bu ölkəyə layiq olmadıqlarını qeyd edib.
Ermənilərin Kəlbəcərdən çıxarkən ekoloji vandalizm aktları törətdiklərinə diqqət cəlb edilib.

Tarixə ekskurs edən soydaşımız vaxtilə İrəvanın Azərbaycanın qədim torpağı olduğunu, Dağlıq Qarabağın heç bir vaxt ermənilərə məxsus olmadığını, ermənilərin bu ərazilərə gəlmə olduqlarını, dinc azərbaycanlılara qarşı etnik təmizləmələr və soyqırımı törətdiklərini faktlarla sübut edib, ermənilərin insanlığa zidd vəhşiliklərini təsvir edib.

Debatı aşağıdakı linkdən izləmək mümkündür: https://youtu.be/XTx8LMFYv9w