Rza Çalımbay: "Hazırda düşündüyümüz ancaq "Qarabağ"la matçdır"

23 Noyabr 2020 21:02 (UTC+04:00)

"Hazırda düşündüyümüz ancaq "Qarabağ"la matçdır. Bu, bizim üçün final oyunudur. Qələbə qazanacağımız təqdirdə iddiamızı davam etdirəcəyik. Futbolçularımız da bunu dərk edirlər".

SİA xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyun haqda danışarkən deyib.

O, Türkiyə mətbuatına açıqlamasında heyətlə bağlı problemlərinin olduğunu bildirib: "Ən böyük çətinliyimiz heyətlə bağlıdır. Belə vəziyyətdə həm avrokubok, həm də Superliqa matçlarına çıxacağıq. Müəyyən vaxtdan sonra daha yaxşı olacağıq. "Qarabağ" yaxşı komandadır. Öz oyunumuzu sərgiləyə bilməsək, bizim üçün çətin olacaq. İlk qarşılaşmadakı kimi oynasaq, matçı yaxşı nəticə ilə başa vura bilərik".

Xatırladaq ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.