Etiraz aksiyaları davam edir Ermənistanda

23 Noyabr 2020 16:58 (UTC+04:00)

İtkin düşən hərbçilərin yaxınlarının etiraz aksiyası hələ də davam edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, itkin düşmüş hərbçilərin qohumları Ermənistan Müdafiə Nazirliyinin qarşısında mitinq keçirir.

Məlumatda qeyd olunur ki, etirazçılar müdafiə naziri ilə görüş tələb edirlər.

“44 gündür oğlumdan xəbərim yoxdur. Buna cavabdeh biri varmı? Valideynlər qəbul olunmasa, başqa addımlar atacağımızı xəbərdar edirik”, deyə Müdafiə Nazirliyinin girişində nazirlə görüşmək istəyən valideynlərdən biri xəbərdarlıq edib.

İtkin düşənlərin yaxınları bu məsələnin siyasiləşdirilməsinə imkan verməyəcəklərini, müdafiə nazirinə müraciət etmək üçün heç bir deputata və ya siyasətçiyə ehtiyac duymadıqlarını söyləyiblər. İtkin düşmüş hərbçilərin valideynləri təxminən üç saatdır ki, nəzarət məntəqəsində gözləyirlər, lakin hələ heç kim onları qəbul etməyib.
Xatırladaq ki, artıq bir neçə dəfədir belə etiraz aksiyası keçirilir. Əvvəlcə 16 noyabr tarixində müharibə zamanı itkin düşən hərbçilərin yaxınları Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan və keçmiş müdafiə naziri David Tonoyanla görüş tələb edərək Müdafiə Nazirliyinin qarşısına toplaşıblar. Sonra 21 noyabr tarixində itkin düşən hərbçilərin ailələri övladlarının xidmət etdikləri Eçmiadzin hərbi hissəsinə yığılıblar. Bu dəfə də bu şəkildə israrlı olduqlarını bəyan edirlər.

Başqa bir valideyn bir ay əvvəl oğlu ilə bağlı məlumatları Müdafiə Nazirliyinə göndərdiyini söyləyib və onların da bu məsələyə maraqsız olduqlarını dilə gətirib.

“Deyəsən uşaqlarımızın da, onların taleyinin də heç kim üçün dəyəri yoxdur. Hər şey gizlədilir və bu sadəcə qəbuledilməzdir”, deyə həmin valideyn etirazını bu şəkildə ifadə edib.

“Ermənistan hökumətində saat 16:30-da müzakirə keçiriləcək və Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi burada bütün məsələlərin harada, nə vaxt və hansı formatda müzakirə ediləcəyini sizə təqdim edəcəkdir”, deyə parlamentin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komissiyasının sədri Andranik Köçəryan bu gün mitinqi keçirən itkin düşmüş hərbi qulluqçuların yaxınlarına bu barədə məlumat verib.

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etirazlar hələ də davam edir.