Qızıl Xaç Komitəsi Aminlə Bayrama baş çəkib - SON XƏBƏR

23 Noyabr 2020 13:06 (UTC+04:00)

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əsir düşən azərbaycanlı hərbçilər - Amin Musayev və Bayram Kərimovun geri qaytarılması üçün dialoqlar davam etdirilir. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova mətbuata açıqlamasında deyib.

İ.Hüseynova bildirib ki, saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəfləri ilə dialoq aparılır: "Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir. Əsir düşmüş azərbaycanlı hərbçilər - Amin Musayev və Bayram Kərimova baş çəkməsinə gəlincə, Komitənin əməkdaşları saxlanılan şəxslərə baş çəkib, konkret olaraq məlumat isə ailə üzvlərinə verilib, ictimaiyyətə açıqlanmır".

Xatırladaq ki, hərbi əsirlərimiz Amin Musayev və Bayram Kərimovun Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.