Keçmiş amerikalı həmsədrin mövqeyi təəccüb yox, təəssüf yaratdı - AÇIQLAMA

23 Noyabr 2020 11:27 (UTC+04:00)

"Robert Bradke təxminən 2010-2012-ci illərdə Minsk Qrupunda ABŞ-dan həmsədr olub. Dünən "Amerikanın səsi"nə verdiyi müsahibə ilə Azərbaycanın uğurlarının dəyərini heçə endirməyə və çox pessimist əhvali-ruhiyyə aşılamağa çalışıb. Əgər bütün ABŞ administrasiyası da onun kimi düşünsə, Azərbaycanı və bizim regionda sülh üçün həqiqətən çalışan ölkələrin sırasında olan-qalan reytinqlərini də itirəcəklər. ABŞ həmsədri bəlkə elə bu düşüncədə olduğu üçün illərdi Qarabağ probleminin həllinin ölü nöqtədən tərpənməsinə zərrə qədər təsir edə bilməyib. Zatən bu düşüncə ilə Qarabağ problemi həll oluna bilməzdi". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert "Onun "əlamətdar"fikirlərindən ikisini qeyd edib: "1.Cənab Bradke hələ də iddia edir ki, bu münaqişə olduqca mürəkkəb münaqişədir: "Halbuki bütün dünya son ay yarımda əmin oldu ki, bu münaqişənin özü yox, onun həllinə yol açmalı olan dövlətlərin diplomatlarının düşüncəsi mürəkkəb imiş. Hər kəs münaqişəni həll etməyə yox, bu münaqişənin üstündə öz ölkəsinin çıxarılarını həyata keçirmək imkanları axtarırdı. Sübut olunub ki, münaqişənin adını "çox mürəkkəb münaqişə"qoymaqla illəri illərə vermək yox, sadəcə Ermənistana demək lazım idi ki, Azərbaycanın torpaqlarından get. Göründüyü kimi, münaqişə onu həll etmək istəyənlər üçün çox mürəkkəb yox, çox sadə imiş. Ancaq bu sadə yolla getməyə illər boyu Fransada və ABŞ-da olan erməni lobbisi imkan vermədi".

A.Quliyev nəzərə çatdırıb ki, Azərbaycan ordusu cəmi 44 günə münaqişənin nisbi ölçü ilə yanaşsaq 80 faizini həll elədiyi halda, cənab Bradke hələ də "mürəkkəb münaqişə" oyun terminologiyasından çıxmayıb: "2.Cənab Bradke deyir ki, mən indi də bu fikirdəyəm ki, münaqişənin hərbi həll yolu yoxdur, hərbi yolla dəyişdirilmiş indiki vəziyyət sonradan onun hərbi yolla yenidən dəyişdirilməsinə zəmin yaradır, qarşı tərəf özünə gələndən sonra hərb meydanında itirdiyini hərblə geri qaytarmağa çalışacaq".

"Fikir verirsinizmi, keçmiş həmsədr Ermənistana revanş yolu göstərir, belə bir ideoligiya formalaşdırır ki, indiki həll hərbi yolla başa gəldiyi üçün Ermənistan onu gələcəkdə hərbi yolla dəyişmək hüququna malikdir. Təəssüf ki, müsahibənin azərbaycanlı xanım aparıcısı Dilşad Əlyarlı ona "Azərbaycan məhz hərbi yolla torpaqlarını demək olar ki, işğaldan azad edib və hazırda qalan məsələlərin təminat altında siyasi həlli mərhələsinə çıxıb" deməyi "unutdu". Ən azı azərbaycanlı olduğuna görə Dilşad Əliyarlı bu xatırlatmanı ona etməli idi. Təəssüf."- deyə siyasi şərhçi vurğulayıb.