Bakıda fəhlə 9-cu mərtəbədən yıxılıb öldü

23 Noyabr 2020 10:02 (UTC+04:00)

Bakıda tikintidə daha bir ölüm hadisəsi baş verib. Binəqədi rayon prokurorluğundan SİA-ya verilən məlumatda bildirilir ki. noyabrın 21-də saat 11:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Rzayev Elşən Yusif oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tikilməkdə olan 9 mərtəbəli yaşayış binasının dam örtüyünün vurulmasına cəlb edilmiş fəhlə Rzayev Elşən Yusif oğlunun binanın damından yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.