Mərkəzi Gömrük Hospitalının həkim-neonatoloqu beynəlxalq konqresdə çıxış edib

23 Noyabr 2020 10:02 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının həkim-neonatoloqu Təranə Göyüşova 18-20 noyabr tarixlərində online keçirilən “Neonatologiyada yeniliklər” mövzusunda beynəlxalq konqresdə “Yenidoğulmuşların tranzitor halları” mövzusunda çıxış edib. Dr.Təranə Göyüşova çıxışında bildirib ki, yenidoğulmuş körpələrin yeni həyat şəraiti ana bətnindən - mayeli, isti və qaranlıq yerdən dünyaya – işıqlı, quru və soyuq yerə gələrkən meydana gəlir və körpələrdə tənəffüs, qan dövranı, bədən temperaturu şəraitə uyğunlaşmağa başlayır.Yenidoğulmuş uşaqlar doğuş anından nəfəs almağa başlayır və bu tənəffüsün tezliyi ilk həftədə dəqiqədə 30-dan 60-a qədər dəyişir.

Dr.Təranə Göyüşova yenidoğulmuşlarda istilik tarazlığının tranzitor pozulmasına da toxunaraq, deyib: “Körpələrdə temperaturun pozulması nəticəsində onların bədəni asanlıqla soyuya və qıza bilər. İstilik itkisinin artması olan hipotermiya doğum otağında düzgün qulluq olmadığı hallarda baş verə bilər . Bu isə körpələrin qeyri adekvat tənəffüs almasına, oksigenə ehtiyacın artmasına və qanda şəkərin düşməsinə gətirə bilər.Bunun tam əksi olan hipertermiya isə bədən temperaturunun 38 dərəcəyə qədər yüksəlməsidir. Bunun nəticəsində körpələrdə susuzlaşma və su tarazlığının pozulması halı yaranır. Digər tranzitor hal sadə eritema – dərinin fizioloji qızarmasıdır. Bu, adətən yenidoğulmuşlarda həyatlarının 1 və 2-ci günündə ilk çimizdirildikdən sonra baş verir. Birinci həftənin sonuna yaxın bu qızartı itir.Yenidoğulmuşların çoxunda görülən solğun qırmızı rəng əsasən alın, boynun ön tərəfi, burun kökü, göz qapaqları kimi daha çox orta xətdə yerləşən ləkələrdir. Körpələr bir neçə aylıq olunca müalicəsiz tam solmağa başlayır və körpənin bir yaşına qədər tam olaraq keçir. Bununla yanaşı yenidoğulmuşlarda fizioloji qabıqvermə də ola bilir. Adətən bu hal körpələrin həyatlarının 3-5-ci günü baş verir və 4-6 gün davam edir. Spesifik müalicə tələb etmir və qulluq zamanı adi yağla təmizlənir. Yenidoğulmuşlarda sarılığın olması da tranzitor haldır. Həyatının 1-ci həftəsində əmələ gələn bu sarılıq qaraciyərin ferment sisteminin natamam inkişafı ilə bağlıdır. Bu sistem hemoqlobini parçalayır və bilirubini xaric edir ki, onun miqdarı dəri rənginin saralmasına gətirir. Bəzi yenidoğulmuşlarda həyatının birinci həftəsində sidik rənginin dəyişməsi müşahidə olunur ki, bu da digər tranzitor hallar kimi 1-ci həftənin sonunda öz-özünə keçib gedir”, – deyə o, əlavə edib. Çıxışının sonunda Dr.Təranə Göyüşova iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.