YAP Səbail rayon təşkilatında videoformatda konfrans keçirilib

21 Noyabr 2020 18:46 (UTC+04:00)
Noyabrın 20-də YAP Səbail rayon təşkilatında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində qazandığı Şanlı qələbələr və Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə videoformatda konfrans keçirildi. Konfransda Rayon Şurası və İdarə Heyətinin üzvləri, partiya veteranları və fəal gənclər iştirak etdilər. İlk öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciəti böyük coşqu və ruh yüksəkliyi ilə dinlənildi. Videkonfransa sədrlik edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqını müstəqil Azəbaycanın hərb tarixinə qızıl hərflərlə əbədi həkk olunan Vətən müharibəsindəki şanlı qələbələr münasibətilə ürəkdən təbrik etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən, düşməni Azərbaycan torpaqlarından "iti qovan kimi qovan" və şəhid olan Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla və dərin ehtiramla yad olundu, döyüşlərdə yaralanan hərbiçilərimizə Allahdan şəfalar arzulandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər tarixi yazdığını, XXI əsrdə yeni bir müharibə modelini təqdim etdiyini vurğulayan Ş.Hacıyev müzəffər Azərbaycan Ordusunun 44 günlük qələbə salnaməsinin dövlətçilik tariximizin son yüz ildə ən şərəfli və ən qürurlu səhifəsi olduğunu xüsusi qeyd etdi. Bildirildi ki, Azərbaycan xalqının milli oyanışı, özünəqayıdışı və milli fəxarət rəmzinə çevrilən İkinci Qarabağ müharibəsi ölkəmizdə olduğu kimi bütün Türk dünyasında da böyük coşqu və ruh yüksəkliyi yaratdı. Azərbaycan xalqının bütün nümayəndələri – ictimai mənşəyindən, siyasi mövqeyindən, dinindən, cinsindən, yaşından, tutduğu vəzifədən asılı olmayaraq Ali Baş Komandan, möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək əzəli düşmənimizin başını əzən "dəmir yumruğ"a çevrildi, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına nail olundu. Bu qələbə zaman-zaman ermənilərin uydurduqları yalanları, mifləri, "böyük ermənistan" xülyalarını da darmadağın etdi, onların alçaq, qorxaq, xəyənətkar, faşist və terrorçu xislətini və bütövlükdə "erməniçilik" ideologiyasının əsl simasını və mahiyyətini düyayaya nümayiş etdirdi. Vətən torpaqlarının mənfur düşmən tapdağından azad olunması və Azərbaycanın qətiyyətli, inamlı qələbəsi ilə yekunlaşan İkinci Qarabağ Müharibəsi Azərbaycan xalqının qalib, müzəffər, cəsur, mərd və qəhrəman bir xalq olduğunu bir daha sübut etdi, bütün şəhidlərimizin, mənfur ermənilərin Türk millətinə, Azərbaycan xalqına qarşı törətdikləri qanlı soyqırımların qurbanlarının qisasının alınmasını və müstəqil Azərbaycanın ərazi bütövlüyünün parlaq zəfərlərlə bərpa ediməsini təmin etdi. Ş.Hacıyev döyüş meydanında Azərbaycan Türkünün gücünü, qələbə əzmini, döyüş ruhunu nümayiş etdirən, Ali Baş Komandanımız başda olmaqla müzəffər Ordumuzun bütün komandanlıq heyətini, böyük qəhrəmanlıqlar göstərən Azərbaycan zabit və əsgələrini bir daha təbrik etdi və bildirdi ki, Azərbaycan xalqı əlində silah, hərb meydanında, əsl Türk oğluna xas olan böyük cəsarət və mərdliklə vicdan, namus borcunu ödədi və şanlı Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda yüksək fəxarətlə dalğalandırdı. Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik məharətinin nəticəsidir ki, 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu heç bir güllə atılmadan, heç bir əsgər yaralanmadan, qansız-qadasız məhz bu gün işğaldan azad olundu və Ali Baş Komandanımızın müharibənin ilk günündən irəli sürdüyü şərtə uyğun olaraq, işğal altında qalan son iki rayonumuz – Kəlbəcər və Laçın da təsdiqlənmiş qrafik üzrə 1 dekabr tarixinədək Azərbaycana geri veriləcəkdir. Dağlıq Qarabağ ətrafındakı 7 rayonumuzun, Hadrutun və Qarabağın incisi Şuşanın işğaldan azad olunması sözün əsl mənasında müzəffər Ali Baş Komandanımızın şəxsi şücaəti, cəsarəti, dünya rəhbərləri qarşısında həm hərbi meydanda, həm informasiya məkanında, həm də siyasi və diplomatik arenada nümayiş etdirdiyi bilik, məharət, qabiliyyət, zəka və müdriklik nəticəsində mümkün oldu. Sədr xüsusi vurğuladı ki, müharibə nəticəsində sanki bütün xalq, hər bir Azərbaycan vətəndaşı Liderimizi, Prezidentimizi bir daha yenidən kəşf etdi, Onun dahiliyinin, qətiyyətli xarakterinin, uzaqgörən strateq və böyük Komandan olduğunun bir daha şahidi oldu və İlham Əliyev rəşadətli, MÜZƏFFƏR SƏRKƏRDƏ olaraq Azərbaycan xalqının qəlbində özünün əbədiyaşar heykəlini ucaltdı. Ş.Hacıyev diqqətə çatdırdı ki, bu Vətən müharibəsi Azərbaycan xalqına böyük mənəvi qazanclar bəxş etdi. Azərbaycan xalqı bir yumruq kimi bir nöqtəyə vurmağı bacardı, Türk millətinin cəsur, qorxmaz boyu kimi özünü bir daha təsdiq etdi, milli ruhunu özünə qaytardı, erməni vandalizmini, körpə, uşaq, qadın, qoca qatili olan əzəli düşmənimizin əsl terrorist, faşist içüzünü dünyaya nümayiş etdirdi və ən əsası dostunu da, "dost" görünməyə çalışan ikiüzlü riyakarları da yaxşı tanıdı. Qeyd olundu ki, Azərbaycan xalqının bu taleyüklü günlərində qardaş Türkiyənin mənəvi, siyasi dəstəyini, qardaş-dost Pakistanın və Türk dövlətlərinin, TÜRKPA üzvlərinin, İsrailin, qonşu Gürcüstan və İran İslam Respublikasının, Ukraynanın, Rusiyanın neytrallığını qorumasını və bu məsələdə ədalətli mövqe tutmasını, Qoşulmama Hərəkatına üzv olan ölkələrin Azərbaycanı dəstəkləyən birmənalı mövqeyini, ATƏT-in Minsk Qrupunun ədalətli mövqe bildirən ölkələrinin dəstəyini biz heç vaxt unutmamalıyıq və tarixin bu dərslərindən müvafiq nəticələr çıxartmalıyıq. Azərbaycanda sarsılmaz Xalq-İqtidar-Ordu birliyinin mövcud olduğunu bir daha vurğulayan Ş.Hacıyev bildirdi ki, Azərbaycan üçün tamamilə yeni möhtəşəm dövr başlayır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı erməni vandallarının viran qoyduğu torpaqlarda Azərbaycanın mədəni irsini bərpa edəcək, kənd və şəhərlərimizi yenidən quracaq. Möhtərəm Prezidentimizin dediyi kimi: "Qarabağı cənnətə çevirəcəyik" və bütün bu işlərdə Yeni Azərbaycan Partiyasının üzvləri də sözsüz ki, yaxından iştirak edəcəklər. Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qurulan və Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik etdi. Qeyd olundu ki, əgər 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi və Onun xilaskarlıq missiyası olmasaydı Azərbaycan xalqı üçün bugünki bu qələbələr mümkün olmazdı. Ölkəmizdə ordu quruculuğunun, ümumiyyətlə bütün sahələrdə kompleks, sistemli inkişafın bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyuldu. Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən zərurətlər, 1988-ci ildən etibarən Azərbaycan xalqının meydan hərəkatları, milli azadlıq uğrunda mübarizəsi, Heydər Əliyevin Naxçıvan Muxtar SSR-də müstəqilliyin əldə olunması istiqamətindəki fəaliyyəti, Azərbaycanın 91 nəfər ziyalısının Heydər Əliyevə tarixi müraciəti və o mürəkkəb, ziddiyyətli dövrdə cəsur, ölkəsini düşünən, dövlətinə, torpağına biganə olmayan fədakar insanların mübarizəsi haqqında ətraflı məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın gələcək inkişaf taleyində həlledici rol oynadı və həm Heydər Əliyevin hakimiyyətdə olduğu 10 il, həm də Ulu Öndərin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri olmuşdur. Şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, partiyanın sıraları ildən-ilə həm kəmiyyət, həm keyfiyyət baxımından genişlənir, hazırda YAP üzvlərinin sayı 760000-dən çoxdur və Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən mütəşəkkil siyasi qüvvəsidir. Bu da təsadüfi deyildir, çünki partiyanın ilk Sədri Ümummilli Lider Heydər Əliyev olmuşdur, hazırda isə partiyanın sədri, müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Partiyanın Sədr müavini Birinci vitse-prezident xanım Mehriban Əliyevadır. Müstəqil Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazdıran görkəmli dövlət xadimlərinin rəhbərlik etdiyi partiyanın üzvü olmaq hər bir vətəndaşımız üçün böyük şərəf və qürur mənbəyidir. YAP üzvləri ölkəmizin ictimai-siyasi həyatında öz sözlərini bütün dövrlərdə deyiblər və bundan sonra da deyəcəklər. YAP Səbail rayon təşkilatının fəaliyyəti, xüsusilə 2020-ci ildə, pandemiya ilə mübarizə və müharibə dövründə görülən işlər haqqında Konfrans iştirakçılarına geniş məlumat verən Sədr bildirdi ki, pandemiya ilə əlaqədar respublika ərazisində tətbiq olunan xüsusi karanin rejimi dövründə Səbail rayonu ərazisində 200-dən çox aztəminatlı ailəyə, o cümlədən tənha, ahıl yataq xəstələrinə, şəhid ailələrinə, müharibə əlil və veteranlarına ərzaq, dərman, tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar göstərilmiş, rayon ərazisində genişəhatəli maarifləndirmə, məlumatlandırma işləri həyata keçirilmişdir. Müharibə dövründə döyüşlərdə yaralanmış və hazırda müalicə olunan hərbi qulluqçular Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi diqqət və qayğı mərkəzində saxlanılmış, partiya üzvləri, fəallar və könüllülərimiz əsgərlərimizi, cəbhə bölgələrini tez-tez ziyarət etmiş və Ali Baş Komandanımızla, Ordumuzla milli həmrəylik nümayiş etdirmişlər. Sədr bu istiqamətdə qarşıda duran və icrası nəzərdə tutulan işlər haqqında Konfrans iştirakçılarına məlumat verdi və hamını bu nəcib təşəbbüslərdə yaxından iştirak etməyə dəvət etdi. Ş.Hacıyev Ali Baş Komandanımızın, Azərbaycan Ordusunun şanlı qələbələri münasibətilə bir daha Konfrans iştirakçılarını təbrik etdi və Yeni Azərbaycan Partiyasının ölkəmizin gələcək sosial, iqtisadi, siyasi və mədəni inkişafında möhtəşəm tarix yazacağına dair əminliyini ifadə edərək, Partiyamızın növbəti ildönümü və yubileylərinin Şuşada və digər işğaldan azad olunmuş şəhərlərimizdə, rayonlarımızda keçirilməsini arzu etdi. "Ekspertlər" (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası) ərazi ilk partiya təşkilatının sədri Orxan Ağayev qələbələr, bayramlar münasibətilə konfrans iştiriakçılarını təbrik edərək bildirdi ki, Ali Baş Komandanın idarəçilik məharəti və hərbi şücaəti nəticəsində Azərbaycan xalqının məfkurəsi tamamilə dəyişdi, biz artıq mübariz, güclü, qalib xalqıq və bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Ağdamlıları və bütün Azərbaycan xalqını təbrik edən 132-134 saylı Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova bildirdi ki, Prezident İlham Əliyevin qazandığı şanlı qələbələr əsrlərin qələbəsidir, uzun illər Azərbaycan xalqının torpaq uğrunda verdiyi onminlərlə şəhidlərimizin qisasıdır. İlham Əliyev Azərbaycanın şanlı tarixini yazaraq, özü də xalqımızın tarixi qəhrəmanına çevrildi. Qeyd olundu ki, 132-134 saylı Təhsil Kompleksinin məzunları arasında həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşadılacaq və onların qəhrəmanlıq dastanı nəsildən-nəsilə ötürüləcəkdir. "Təhsil tədqiqatçılar" (Azərbaycan Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri, şəhid qardaşı Piralı Əliyev qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının milli ruhunu özünə qaytardı, qaçqınlarımızın, məcburi köçkünlərimizin, şəhidlərimizin qisasını mənfur düşməndən aldı, gözükölgəli xalqın başını ucaltdı. Ulu Öndər Heydər Əliyev Horadiz əməliyyatı ilə Birinci qayıdışın təməlini qoydu, İlham Əliyev isə Qarabağa Böyük qayıdışı reallaşdırdı. "Akademik Filarmoniya" (M.Maqomayev adına Akademik Filarmoniya) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov Azərbaycan xalqının şanlı qələbələrini təbrik etdi, şəhidlərimizin ruhu qarşısında ehtiramını bildirdi və Zəfər marşı ilə dönən qazilərimizin cəmiyyətimiz tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunmalarının vacibliyinə diqqət çəkdi. Bildirildi ki, Azərbaycan xalqı bundan sonra da bu qələbə ruhunu yaşatmalıdır. YAP Səbail rayon təşkilatının Sədr müavini Mehman İsmayılov Azərbaycan xalqına göz aydınlığı verərək Ali Baş Komadanımıza dərin minnətdarlığını ifadə etdi. Xüsusi qeyd olundu ki, hər bir azərbaycanlı bu gün yüksək fəxarət yaşayır, çünki, Azərbaycanın işğaldan azad olunan torpaqlarında müqəddəs azan oxunur, himnimiz səslənir, üçrəngli bayrağımız dalğalanır. Bu xalqımızın böyük xoşbəxtçiliyidir. 189-190 saylı orta məktəbin direktoru Ceyran Kuliyeva bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi dərin zəkalı, yüksək idarəçilik məharəti olan, polad iradəli sərkərdəsi var. Allahın təqdiridir ki, Qarabağın göz bəbəyi, alınmaz qala olan Şuşa şəhəri məhz 8 noyabr – Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə ailə həyatı qurduğu tarixdə işğaldan azad olundu. Bəlkə də bu böyük məhəbbətdən dünyaya gələn övladın valideynlərinin ruhuna bir hədiyyə idi. Nə qədər ki, Azərbaycan xalqına İlham Əliyev rəhbərlik edir, bu millətə zaval yoxdur. C.Kuliyeva qeyd etdi ki, əgər cənab İlham Əliyev bu zamana qədərki seçkilərdə 80-85%-lik dəstək alırdısa əminik ki, sevimli Prezidentimiz bundan sonra xalqımızın 100%-lik dəstəyini alacaq və xalqın ümummilli vahid istəyi ilə İlham Əliyev Azərbaycan xalqının əbədi Prezidenti olacaq. Azərbaycan xalqına zəfər yaraşır. Tarixi zəfərimiz mübarək! Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu tarixi qələbələr münasibətilə ürəkdən alqışladı və Azərbaycan xalqının işıqlı gələcəyinə dair arzularını ifadə etdi. YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, "91-lər"dən Hacan Hacıyev bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin imza atdığı bu şanlı, tarixi zəfərlər haqqında uzun illər, əsrlər boyu danışılacaq, Qarabağ müharibəsi tarixçilər, siyasi-hərbi mütəxəssislər tərəfindən geniş araşdırılacaqdır. Vurğulandı ki, Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü Azərbaycanın qızıl əbədi tarixinə çevriləcək. 239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova Azərbaycan xalqını tarixi qələbələr münasibətilə təbrik etdi. Məktəbin məzunları arasında qəhrəmanlıqla döyüşən, şəhid olan hərbiçilərimizin əziz xatirəsinin əbədi yaşadılması istiqamətində görülən işlər haqqında danışan S.Əzimova yaralı hərbiçilərimizə göstərilən diqqət və qayğını xüsusi qeyd etdi. "Vərəm həkimləri" (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel Hacıyeva Azərbaycan xalqına Böyük Qələbə sevinci bəxş edən Ali Baş Komandana, Azərbaycan hərbiçilərinə təşəkkür etdi və Azərbaycan xalqına bundan sonra da şanlı zəfərlər, xoşbəxt, firavan həyat arzuladı. Sonda Konfrans iştirakçıları Azərbaycan xalqını bir daha təbrik etdilər, "Yaşasın Ali Baş Komandanımız!", "Eşq olsun Azərbaycan Ordusuna!", "Qarabağ Azərbaycandır!" şüarlarını səsləndirdilər və Azərbaycanın şanlı qələbələrini alqışladılar.