ŞKTC-nin Prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edib

21 Noyabr 2020 14:23 (UTC+04:00)

Şimali Kipr Türk Cumhuriyyətinin başçısı Ersin Tatar Azərbaycanın Dağlıq Qarabağda əldə etdiyi uğurlarla bağlı ölkəmizə təbriklərini çatdırıb və Azərbaycan – ŞKTC əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə edib. SİA xəbər verir ki, Ersin Tatar qonağı olduğu TV 5 xəbər kanalına açıqlamasında "Azərbaycanın Qarabağdakı torpaqlarımızı geri alması bizi çox sevindirir" deyib və uzun illər sonrası işğal altındakı torpaqlarımızın azad edilməsini böyük uğur adlandıraraq, bu yolda şəhid düşənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Müharibə zamanı Azərbaycanda dinc əhaliyə yönəlik erməni vəhşiliklərinə dünya dövlətlərinin səssiz qalmasını qınayan ŞKTC Cumhurbaşqanı əcnəbi ölkələrin dini birlik və ortaq mənfəətləri üçün Türk dövlətlərinə haqsızlıqlar etməsinə izn verilməyəcəyini vurğulayaraq, "haqlı olduğumuz savaşları irəli aparmağa davam edəcəyik" ifadəsini dilə gətirib.

Güclü Türkiyə, böyük potensiala malik Azərbaycan və Şərqi Aralıq dənizində önəmli bir dövlət olan ŞKTC-nin ortaq gücünün önəmini vurğulayan E.Tatar deyib ki, hazırda bu birliyin olması keçmişdəkindən daha önəmlidir, çünki burada zəngin neft və qaz yataqlarının tapılması bu əməkdaşlığı şərtləndirir. Məşhur deyimi "Bir millət, üç dövlət" şəklində ifadə edən Tatar deyib ki, birlikdə böyük uğurlara imza atacağıq, yetər ki, bir-birimizə sahib çıxaq. Çıxışının sonunda Azərbaycana sevgilərini bir daha ifadə edən Tatar "Qəzamız mübarək olsun" sözlərilə açıqlamasına yekun vurub.