"Paşinyanı seçən xalq getməsini tələb etməlidir" Qaqik Sarukyan

21 Noyabr 2020 11:55 (UTC+04:00)

Hökumət iki il yarımdır ki, dövləti Facebook vasitəsi ilə idarə edir və bu sosial şəbəkədəki feyk xəbərlərlə, çanlı yayımlarla vətəndaşları aldadır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistanın” partiyasının lideri Qaqik Sarukyan “Pressing” proqramı çərçivəsində Satik Seyranyana verdiyi müsahibəsində deyib.

Partiya rəhbərinin fikrincə, ölkə parçalanma, dağılma vəziyyətinə gətirilib və belə bir vəziyyətdə məsuliyyət yükünü götürməyə çox az adam razı olar.

“Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın istefası bir zərurətdir. Çünki hakimiyyətin başında duran şəxsin, ölkədəki ali komandanın bu qədər biabırçı məğlubiyyətə uğraması və danışıqlar aparması ilə yanaşı ölkəni idarə etməsi, vəzifəsində qalması halına dünyada heç vaxt rast gəlinməyib”, deyə Sarukyan ölkəsinin məğlubiyyətini isbtlayan sənədi Paşinyanın imzalaması barədə fikrini əsaslandırıb.

“Çiçəklənən Ermənistan”ın lideri və ölkənin ən varlı adamlarından biri, cəmiyyət üçün məqbul bir namizədi dəstəkləməyə hazır olduğunu gizlətməyib. Rəhbərlik etdiyi partiyanın bir sıra digər siyasi qüvvələrlə birlikdə bir neçə gündür ki, Qarabağla bağlı son razılaşmalara görə Nikol Paşinyan hökumətinin istefası tələbi ilə mitinqlər keçirdiyini də qeyd edib. O, həmçinin vurğulayıb ki, Paşinyan milli maraqlara xəyanət etməkdə günahlandırılır, amma bununla belə, ölkənin ən səlahiyyətli vəzifəsindən inadla yapışıb və utanc verici bir məğlubiyyətdən, eyni dərəcədə biabırçı razılaşmalardan, bu qədər qurbandan sonra öz vəzifəsindən həyasızlıqla ayrılmaq istəmir.
“Əgər kimsə mənə sual versə ki, bundan sonra danışıqlar aparmaq mümkündürmü, o zaman cavab verəcəyəm ki, bu mümkün deyil. Ən qısa müddətdə Nikol istefa etməli idi. O, hakimiyyətdə olduğu zaman hər dəqiqə Ermənistana qarşı işləyir. Xalq Paşinyanı seçdiyi kimi, eləcə də onun getməsini tələb etməlidir. Demirik ki, çevriliş olmalıdır, qan tökülməlidir. Xeyr, hər şey olduğu kimi sivil olmalıdır”, deyə partiya lideri erməni baş nazirin getməsində israrlı olduğunu nəzərə çatdırıb.

O, hökumətin yaxın altı ay üçün təqdim etdiyi yol xəritəsinin heç bir müsbət dəyişikliyə səbəb ola bilməyəcəyini qeyd edib. Sarukyana görə hökumətin tərkibinin dəyişdirilməsi də problemi həll etməyəcək.

“Bu gün konsolidasiya olunmalıyıq, çünki həqiqətən uçurumun astanasındayıq. Yalnız birlik və həmrəylik bizi məhv olmaqdan xilas edə bilər. Baş nazir vəzifəsinə cəmiyyət üçün məqbul olan bir namizəd varsa, mən özüm onu hər cür dəstəkləyəcəyəm və yanında olacağam. Mən özüm isə baş nazir olmaq istəmirəm”, deyə Q. Sarukyan əlavə edib.

Həbslər mövzusuna da toxunan Sarukyan, mitinqlərdən dərhal əvvəl bir çağırış aldığını da diqqətə çatdırıb.
“Mən dərhal onlara həbsimin Qarabağ məsələsini həll etməyəcəyini söylədim. Bir araya gəlib müzakirə etmək lazım idi, hər şeyi bilən insan yoxdur, təcrübəyə ehtiyac var dedim. İndi etdiklərinə görə cavab verməlidirlər. Danışıqlara getdilər, orada nəyin müzakirə olunduğunu soruşduq, cavab verdilər ki, burada nəyi müzakirə edəcəyimizə qərar verdik, insanlar bizə 90% inamlarını ifadə etdilər, buna görə biz qərar verəcəyik.
Çox yaxşı, bəs indi bunun üçün kim cavabdeh olacaq?! Hər şeyi müxalifətlə, xalqla müzakirə etmədən qərar verdilər. Ancaq əvvəllər hər şeyə xalqın qərar verəcəyi deyirdilər. Hakimiyyətə gələn kimi nə insanları, nə müzakirələri hesaba almırlar. Onlar çoxbilmişdirlər axı. Ancaq onların əslində, qanmazlığı və təcrübəsizliyi üzə çıxdı”, deyə Sarukyan bildirib.

Sarukyan əmindir ki, hadisənin qarşısını ilk növbədə Rusiya ilə münasibətləri gücləndirməklə almaq olardı. Onun sözlərinə görə, oktyabrın 29-da rus tərəfdaşlarından gəlmək və problemləri müzakirə etməyə, 3 saat ərzində atəşkəs əldə etməyə hazır olan bir məktub alıblar ki, bu qədər biabırçı məğlubiyyət olmasın.