Azərbaycançılıq ideyası: multimədəni cəmiyyət və ortaq dəyərlər - ANALİZ

18 Noyabr 2020 16:40 (UTC+04:00)

Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bu ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir

Hər bir millətin tarix boyunca inkişaf etmiş, qorunub saxlanmış milli-mənəvi dəyərləri var və o milləti də formalaşdıran da bu dəyərləridir. Bəzən bir cəmiyyətdə müxtəlif xaqlara görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə həmrəylik nümayiş etdirməkdir. Çünki bir milləti, cəmiyyəti var edən və daima ayaqda saxlayan da təkcə milli dəyərlər deyil, həm də ortaq mənəvi dəyərləridir. Bir sözlə, multikultural, multikonfessional cəmiyyət forması həm bəşəri, həm milli dəyərlərə malik olan yüksək insan cəmiyyəti formasıdır.

Azərbaycan cəmiyyətinin inkişafında multikultural zənginliyin rolu

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır, lakin milli-mənəvi dəyərləri də özündə birləşdirir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Bu tarixi ənənə XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri dövlət siyasətinin əsasını təşkil edib. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb.

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti olan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi və mədəni ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Azərbaycançılıq ideyasına uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” kimi qeyd olunub.

Mədəniyyətlərin qovşağında mədəniyyət körpüsü

Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir.

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür.

Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirildi. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar.

2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.

Təsadüfi deyil ki, 2016-cı il aprelin 25-27-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII qlobal forumu Bakıda keçirildi. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etdi.

VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Eyni zamanda, bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olan siyasətdir.

Dünyaya Azərbaycan nümunəsi

İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudiyyətidir. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.

Multikulturalizmin müxtəlif modelləri- ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir.

Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir. Ümumilli lider həmişə dövlət siyasətinin həyata keçirilməsində bu dəyərlərə əsaslanıb. Heydər Əliyevin daha da inkişaf etdirib təkmilləşdirdiyi, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycançılıq ideologiyası əsasən bu dəyərlərə söykənir. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan dünyada multikulturalizm və konfessional tolerantlıq nümunəsi kimi tanınıb.

26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev deyib: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.”

Azərbaycançılıq ideyası ortaq dəyərlərin məcmusudur

Ölkəmizdə multikulturalizm və tolerantlıq uzun əsrlərdir ki, alternativi olmayan həyat tərzinə çevrilib. Müasir dövrdə də Azərbaycanda həyata keçirilən siyasət dövlətin multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda heç kim dininə və əqidəsinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.

Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman dini dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb.

Beləliklə, bu gün respublikamızda hər bir vətəndaşın öz dini inancını qoruması, həmin dinin təbliğ edilməsi, dindarların rahat ibadətlə məşğul olma hüquqları Konstitusiya (18, 48-ci maddələr) ilə təsbit edilib və dövlət bu hüquqların təmin edilməsi üçün kifayət qədər optimal siyasət yürüdür. Azərbaycan cəmiyyəti dinin mənəvi dəyərlər sistemi olduğunu və onun siyasətə, dövlət işlərinə və sair bu kimi məsələlərə qarışdırılmamasının vacibliyini dərk edirlər. Bir sözlə Azərbaycanda etnik və dini fanatizmə cəmiyyətin münasibəti müsbət deyil.

Əlbəttə, ölkədə dini və ya etnik tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyin qorunmasında və inkişafında önəmli rol oynayır. Lakin, etnik və dini azadlıqlar insanların zərərli təriqətləri, seperatist qrupları müdafiə etməsinə səbəb olmamalıdır. Hansısa siyasi, etnik, dini, mədəni bağlılıq, cəmiyyət və dövlət maraqlarından üstün tutulmamalıdır. Azərbaycançılıq ideyası hər şeydən əvvəldə gəlməlidir.

Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bu ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir. Bu ortaq dəyərlərin birləşdiyi vahid ideologiyanın adı isə Azərbaycançılıqdır.

Lalə Mehralı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.