Gözün aydın, xalqım, Şuşa alındı!

18 Noyabr 2020 16:02 (UTC+04:00)

Nazim Hüseynli,
“Oğuz yurdu” qəzetinin redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

“İrəli!” əmrini verib Komandan,
Vətən dardadırsa kim əsirgər can,
Hər yerdə yağıya qusdururuq qan...
Sərkərdə hayqırır: - Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Qələbə ulayır o Boz Qurdumuz,
Tapdaqdan qurtulur ana yurdumuz,
Yeni tarix yazır Şanlı Ordumuz,
Sərkərdə hayqırır: - Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Ürəyində cəngi, beynində cəngi,
Hərəsi bir aslan, pələngdi sanki,
Yaşa Şanlı Ordum! Gəldi o an ki
Sərkərdə hayqırır: - Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Düşmən məhv edilir, daim xar olsun,
Milli Ordumuza tanrı yar olsun,
Ali Baş Komandan İlham var olsun!
Sərkərdə hayqırır: - Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

Paytaxt etdiyiniz Yerevan bizim,
Gözəllər gözəli o Sevan bizim,
Zəngəzur, Dilican, Berd, Qafan,.. bizim,
Sərkərdə hayqırır: - Zəfər çalındı,
Gözün aydın, xalqım, Şuşa alındı!

8 noyabr 2020-ci il

DALĞALANIR BAYRAQ KİMİ O YUMRUQ!

O yumruq - bütövlük, birlik rəmzimiz,
İnkişaf rəmzimiz, dirlik rəmzimiz,
İmzamız, möhrümüz, varlıq rəmzimiz,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq - gücümüz, dronumuzdur,
O yumruq - bir olan zamanımızdır,
O yumruq - Kəbəmiz, Quranımızdır,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq düşmənin əzir başını,
Daş üstə yağının qoymur daşını,
Səfərbər eyləyir xalqı, qoşunu,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq - gücü dağ, Azərbaycandır!
O yumruq - Qarabağ Azərbaycandır!
O yumruq - hər bir çağ Azərbaycandır!
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruq - düşməni yerlə bir edər,
O yumruq - bir Günəş, yolu nur edər,
O yumruq - yurdumu bütöv, hürr edər,
Dalğalanır Bayraq kimi o yumruq!

O yumruğa Allah qüvvət, boy verir,
Bakı, Təbriz, Kərkük, Dərbənd,... hay verir,
Soydaşlarım - 60 milyon oy verir,
Dalğalanır Bayraq kimi o yumruq!

8 noyabr 2020-ci il