Daşkəsənə qar yağıb Faktiki hava

17 Noyabr 2020 10:59 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv olub, Daşkəsəndə qar yağıb. Xidmətdən SİA-ya bildiriblər ki, düşən yağışın miqdarı Xaçmazda 96 (aylıq normanın 292 faizi), Astarada 6, Lerikdə 4, Lənkəranda 3, Ordubad, Yardımlıda 2, Ağdərə, Daşkəsən, Naxçıvan, Biləsuvar, Şahbuzda 1 millimetr təşkil edib.

Bakıda və Abşeron yarımadasında isə yağıntının miqdarı Binədə 57 (aylıq normanın 195 faizi), Maştağada 41 (aylıq normanın 108 faizi), Bakıda 38 (aylıq normanın 130 faizi), Sumqayıtda 15 millimetr (aylıq normanın 54 faizi) olub.

Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Belə ki, maksimal temperatur Bakı və Abşeron yarımadasında 12-14°, Aran rayonlarında 14-17°, dağlıq rayonlarda 0-4°, Naxçıvan Muxtar Respublikasında 10-12° isti təşkil edib.