Lozanna Universitetinin professorları BSU-da mühazirələr oxuyacaqlar

17 May 2011 12:08 (UTC+04:00)

Xarici ölkə universitetləri ilə geniş əlaqələr yaradan Bakı Slavyan Universitetinin (BSU) əməkdaşlıq etdiyi nüfuzlu təhsil ocaqlarından biri də İsveçrənin Lozanna Universitetidir. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Lozanna Universiteti ilə BSU arasında hələ 2006-cı ildə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma əldə edilib. İmzalanmış müqavilə çərçivəsində BSU-nun bir qrup əməkdaşı Lozanna Universitetində, Lozanna Universitetinin bir neçə tədqiqatçısı BSU-da təcrübə keçmiş və elmi araşdırmalar aparıblar.

Bu dəfə isə Lozanna Universitetinin Slavyan dilləri kafedrasının müdiri, məşhur dilçi alim Patrik Serio və həmin universitetin ümumi dilçilk kafedrasının professoru Morteza Maxmudiana BSU-nun qonağıdırlar. İsveçrəli alimlərin bu dəfəki gəlişlərinin məqsədi BSU-nun tələbə və magistrantlarına, aspirant və müəllimlərinə "Linqvistik utopiyalarda dil obrazı", "Linqivistika elm kimi", "Avropada dil və millət: eksplissistik və inplissistik", "Sovet İttifaqında Sössür resepsiyası", "Dil, təşəkkür və cəmiyyət", "Voloşinov: ifadə olunmuş söz və işarələrin ikili təbiəti", "Lyubişşev, Tartu-Moskva semiotika məktəbi və üzvi bütövlük anlayışı" mövzularında mühazirələrin oxunmasıdır.

Qonaqların BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayevlə görüşü zamanı iki universitet arasındakı sıx əlaqələri nəzərə alaraq Lozanna Universiteti ilə BSU arasında əməkdaşlıq müqaviləsinin müddətinin artırılması barədə razılıq əldə edilib.