Ermənilərin Kəlbəcəri tərk etdiyini BBC də təsdiqləyir - Evləri yandırırlar

13 Noyabr 2020 12:03 (UTC+04:00)

Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın birgə imzaladığı bəyannamə ilə işğalçı ölkə kapitulyasiya etdiyini bəyan etdi. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, noyabrın 15-dək Ermənistanın işğalçı ordusu və işğaldan sonra məskunlaşdırılmış ermənilər Kəlbəcər rayonunu tərk etməlidirlər.

Ermənilərin işğal etdikləri əraziləri tərketməsinə (deokupasiya) nəzarət mexanizmini sülhməramlı qüvvələr yerinə yetirir. Dünyanın məşhur media qurumu BBC-nin müxbirinin hazırladığı videoreportajdan da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvəglərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər.

Prezident İlham Əliyev bu faktı "İnterfax"a müsahibəsində bildirmişdi və uzaqgörənliklə xəbərdar etmişdi:

"Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur".

Tarix ermənilərin barbar, vandal olduqlarını bir daha sübut edir. Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edəndə azərbaycanlılara aid nə var idisə - evlər, həyət, ot tayası, meşələr, ağaclar - hər şeyi yandırıb külə çevirdilər. Bu gün həmin yerləri tərk etmək zorundadırlar, amma yenə də yandırırlar ki, bu torpaqların əsl sahibinə abad bir yer qalmasın. Videonu izləyək: