Qarabağın etnik tarixi son 200 ildə (XIX-XX əsrlər) - ANALİZ

6 Noyabr 2020 16:28 (UTC+04:00)

"Ruskaya Znamya" qəzetinin 1912-ci il tarixli, 18-ci nömrəsində rus ziyalıları yazırdılar: "Bu xalq (ermənilər- red) ən azğın, ən hiyləgər, ən pis və ən cinayətkarlardan biridir"

II HİSSƏ

Əvvəli burada

https://sia.az/az/news/politics/836156.html

Ermənilərin Osmanlı və İrandan son 2 əsrdə Qafqaza köçürülməsi və 1918-1920-ci illərdə Azərbaycan əraziləri (İrəvan, Zəngəzur və Göyçə mahalları) üzərində Ermənistan dövləti yaratmaları tarix elminə məlum faktdır. Lakin ermənilər təkcə bununla kifayətlənmədilər. Azərbaycanın Qarabağ bölgəsinə də köçən və məskunlaşan ermənilər çox keçməmiş orada da yerli əhalini didərgin salıb bölgəni ələ keçirməyə cəhd edirdilər. Erməni saxta təbliğatı dünyaya guya Qarabağda abirigen xalq olduqlarını yaymaqla məşğul olur, halbuki bunu təsdiq edəcək heç bir tarixi sənəd, fakt yoxdur. 1-ci yazıda qədim və orta əsrlərdə Qafqazda, o cümlədən Qarabağda mövcud olmuş etnik vəziyyət haqda məlumat verdik. Bəs son əsrlərdə Qarabağda etnik tərkib necə olub? Bu yazımızda buna qısaca aydınlıq gətirəcəyik.

Qarabağın əzəli Azərbaycan torpağı olması, ermənilərin bu ərazilərə təxminən 200 il əvvəl məqsədyönlü şəkildə yerləşdirilməsi bir çox rəsmi tarixi sənədlərdə də öz təsdiqini tapır. Belə arxiv sənədlərindən biri Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə olan Kürəkçay müqaviləsidir. Həmin müqaviləni 1805-ci il mayın 14-də Şuşalı və Qarabağlı İbrahimxəlil xan və Çar Rusiyasının generalı Pavel Sisianov imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Kürəkçay müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Ermənilər Azərbaycanın Qarabağ bölgəsinə Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra İrandan, Osmanlıdan köçürülərək yerləşdiriliblər.

A.S.Qriboyedov yazırdı ki, rus ordusunun tutduğu rayonlardan- Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.

1804-1813-cü illər Rusiya-İran müharibəsindən sonra bağlanan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1823-cü il məlumatına görə Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1,5 minini (7,5 faiz) erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.

1826-1828-ci illər Rusiya-İran müharibəsini yekunlaşdıran “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. Bu müqavilədən sonra (1828-ci ildən 1830-cu ilədək) İrandan 50 minədək erməni ailəsi köçürülüb Azərbaycan torpaqlarında, əsasən Qarabağda yerləşdirildi.

1829-cu ildə Rusiya ilə Osmanlı imperiyası arasında imzalanan Ədirnə sülhünə əsasən Osmanlı torpaqlarından Cənubi Qafqaza 90 minədək erməni ailəsi köçürülüb yerli müsəlman-türk əhalisinin ən yaxşı torpaqlarında yerləşdirildilər.

1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi illərində Cənubi Qafqaza daha 85 min erməni köçmüşdür. 1894-cü ildə Osmanlı Türkiyəsindən Cənubi Qafqaza 90 min, 1897-ci ildə isə 10 min nəfər erməni köçmüşdür.

1896-cı ildə Cənubi Qafqaza gəlmə ermənilərin sayı hesabına burada ermənilərin sayı 900 min nəfərə çatmışdır.

1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54.841 ailədən 18.616-nın erməni ailəsi olduğu göstərilir.

1908-ci ildə isə Qafqaza gətirilən ermənilərin sayı 1 300 000 çatmışdı. N.İ.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli sakini deyil və bizim tərəfimizdən köçürülmüşdür”. Şavrov qeyd edirdi ki, “Ermənilər Yelizavetpol (Gəncə- red) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ- red) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşdırıldı”.

19-cu əsrin sonunda Rus ziyalıları əvvəllər yalnız səthi yanaşdıqları ermənilərin Rusiyaya nə qədər təhlükə yaratdığını başa düşdülər. Ermənilərlə daha yaxından tanış olduqdan sonra rus ziyalıları dəhşətə gəldilər. "Ruskaya Znamya" qəzetinin 1912-ci il tarixli, 18-ci nömrəsində yazırdılar: "Bu xalq (ermənilər- red), ən azğın, ən hiyləgər, ən pis və ən cinayətkarlardan biridir". (RGIA, f.821, op.7, d.870, s. 293).

Görkəmli alman alimi Adam Metz özünün ermənilər haqda qənaətini daha qəti şəkildə ifadə edir: "... ermənilərin utanmaq və vicdan hissi yoxdur." ("K.Marks və F.Engels. Seçilmiş, cild 3, s. 131).

Brokhaus və Efron Ensiklopediyasına görə, 20-ci əsrin əvvəllərində azərbaycanlılar "demək olar ki, bütün indiki Ermənistan ərazisində məskunlaşmışdılar. Təkcə İrəvan vilayətində onların sayı təxminən 300 min nəfər və ya 37,5% idi. İrəvan şəhəri də daxil olmaqla vilayətin 7 mahalından 4-də azərbaycanlılar sayca üstünlük təşkil edirdilər. Burada əhalinin 49%-ni azərbaycanlılar, 48%-ni ermənilər, 3 %-ni digər xalqlar təşkil edirdi.

1905-ci ildə bölgəyə səfər edən səyahətçi Luigi Villari İrəvanın sayca üstün olan azəri əhalisinin ermənilərdən daha firavan olduğunu bildirir; torpağın çox hissəsinə onlar sahib idilər. (“Qafqazdakı Atəş və Qılınc”- Luigi Villari, London, T. F. Unwin, 1906: s. 267).

Erməni tarixçisi A.Boryan qeyd edirdi ki, 1918-1920-ci illərdə Ermənistanın daşnak hökuməti inzibati ehtiyaclar üçün deyil, "müsəlman əhalini qovmaq və mülklərini ələ keçirmək" üçün yaradılmışdır. (Amerikalı tarixçi Firuz Kazemzadə, PhD, Harvard Universiteti, "Zaqafqaziya uğrunda mübarizə, 1917-1921", Philosophycal Library inc., NY, ABŞ: 1951, s. 214-215).

Erməni tarixçisi George Burnutyana görə, 19-cu əsrin 1-ci rübündə müsəlmanlar (azərbaycanlılar- red) İrəvan Xanlığı əhalisinin 80%-ni təşkil edirdi, qalan 20%-i xristianlar (əsasən ermənilər) idi. (George A. Bournoutian. “Şərqi Ermənistan, Fars qaydalarının son onilliklərində, 1807-1828” Malibu: Undena Publications, 1982, s. 22, 165).

Beləliklə, 19-cu əsrin əvvəllərindən etibarən ermənilərin Qafqaza köçürülməsi ilə regionun etnik tərkibi dəyişməyə başlamışdı. 1905 və 1918-ci illərdə Qafqazda yerləşmiş ermənilər daşnakların rəhbərliyi ilə silahlanaraq yerli azərbaycanlılara qarşı soyqırımlar törətdilər.

1918-ci ildə Zaqafqaziya Seymi buraxılanda Seymdə birləşən Qafqazın 3 əsas xalqı, azərbaycanlılar, gürcülər və ermənilər müstəqil respublika elan etdilər, bu zaman ermənilərin üstünlük təşkil etdiyi mübahisəsiz əraziləri olmadığı üçün Azərbaycan Respublikası etnik qarşıdurmalara son qoyulması məqsədilə İrəvan quberniyasını özlərinə dövlət yaratmaları üçün ermənilərə güzəştə getdi. 1919-cu ildə isə Azərbaycan ordusunun Zəngəzurdan çıxarılmasından istifadə edən erməni terrorçu daşnak ordusu oraya girərək yerli əhalini qırmağa, qovmağa başladı və bölgəni ələ keçirib erməniləri ora məskunlaşdırdı.

1921-ci ildə Sovet dövründə isə Qafqaz respublikalarının sərhədləri müəyyənləşdirilərkən etnik çoxluqları nəzərə almağa başladılar və beləliklə Zəngəzur Ermənistanın tərkibində qaldı. Qarabağın dağlıq hissəsində isə ermənilərin yığcam yaşamaları nəzərə alınaraq Azərbaycan tərkibində muxtar vilayət yaradıldı.

Qarabağ erməniləri 1978-ci ildə Qarabağa köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert (Ağdərə) rayonunun Leninavan (Marağaşen) kəndində xüsusi abidə qoymuşdular.

Sovet dövründə dəfələrlə Qarabağın Ermənistana verilməsi məsələsi SSRİ rəhbərliyində qaldırılmış, lakin hər dəfə rədd edilmişdir. Nəhayət Qorbaçovun hakimiyyət başına gəlməsindən sonra, 80-ci illərin sonlarında Qərb ölkələrində yerləşən erməni lobbisinin və daşnakların təhriki ilə ermənilər Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün daha ciddi işə başladılar. Bununla bağlı SSRİ mərkəzi orqanları qarşısında məsələ qaldırdılar, lakin Sovet rəhbərliyi Konstitusiyaya- respublikaların sərhədlərinin dəyişməzliyi haqda müddəaya istinad edərək buna imkan vermədi.

Bundan sonra ermənilər terror və soyqırım siyasətinə əl atdılar və Ermənistanda yaşayan 250 minədək azərbaycanlı deportasiya edildi. SSRİ-nin dağılmasından sonra böyük dövlətlərdən də yardım alaraq Qarabağı tam şəkildə (15 min kv km) işğal etdilər. Bu işğal edilən ərazinin 70 faizində ermənilər ümumiyyətlə yaşamırdı. Qarabağda yaşayan 700 minədək azərbaycanlı öz doğma torpaqlarından qovuldu, 20 min nəfər öldürüldü.

Qarabağ münaqişəsi başlayanda Qarabağ bölgəsinin (aran və dağlıq hissə birlikdə) ümumi əhalisinin 76 faizini azərbaycanlılar təşkil edirdi, ermənilər yalnız 23 faiz təşkil edirdi (infoqrafik xəıritəyə bax-red).

(Davamı var)

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.