“27 sentyabrdan etibarən Azərbaycanda başlayan Vətən müharibəsi dünyanın hələ də ikili standartlardan xilas ola bilmədiyinin əyani göstəricisi oldu”. Bu sözləri SİA-ya Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı ölkənin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək bütün dünyaya örnək olan həmrəylik nümayiş etdirir: "Artıq düşmənin son çırpınışlarını müşahidə edirik. İstər işğalçı və terrorçu Ermənistanın, istərsə də qondarma və quldur rejimin əli hər yerdən üzülüb. Hətta demək olar ki, artıq Dağlıq Qarabağ adlı qondarma qurum və onun qondarma prezidenti də daxil olmaqla mövcud deyil. Ermənistanın daxilində xaos və anarxiya baş alıb gedir. Bunu ermənilər özləri də etiraf edirlər. Onları hansı aqibətin gözlədiyi də məlumdur”.
“Prezident dəfələrlə deyib və bu, görünən bir həqiqətdir ki, əgər Ermənistan öz işğalçılıq əməllərindən zamanında əl çəkmiş olsaydı, bu gün onlar bu vəziyyətdə olmazdılar", deyən jurnalist qardaş Türkiyənin də bu məsələdəki fəaliyyətinə toxunub: “Xüsusən, bir rəhbər kimi Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana verdiyi mənəvi dəstək prosesin həllində müstəsna rol oynayır. Qardaş Türkiyə hər zaman öz mənəvi dəstəyi ilə Azərbaycanın yanında olub. Amma 27 sentyabrdan etibarən başlayan proseslərin Türkiyə - Azərbaycan münasibətlərində yeni bir dönəmin əsasını qoyuldu”.
Hacımusalı bu həmrəyliyi qardaş ölkənin hər yerində görməyin mümkünlüyünü sözlərinə əlavə edib: "Qardaş ölkədə istər dövlət rəsmiləri, istərsə də ekspertlər və analitiklər çox gözəl anlayırlar ki, dünya artıq yeni bir dönəmə qədəm qoyub və yeni dönəmdə Türk dünyasının müstəsna rolu olacaq. Bu missiyanın həyata keçməsi üçün isə heç şübhəsiz ki, bir an öncə Dağlıq Qarabağ münaqişəsinin həll olunması əsas şərtdir. Azərbaycan hazırda regionda vacib aktorlardan biridir və daha da yüksəlmək onun üçün yaranmış vacib şansdan istifadə etməkdə israrlıdır. Qardaş Türkiyə də regionda digər türkdilli ölkələrlə intensiv münasibətin açarının Azərbaycan olduğunu bilir. Qısa bir müddət sonra inşaAllah Dağlıq Qarabağ problemi həll olunduqdan sonra iki qardaş ölkənin regionda fərqli bir ab-hava yaradacağının hamımız şahidi olacağıq. Bunun regional aktoru Azərbaycandırsa, şübhəsiz mənəvi dəstəkçisi və zəmanətçisi Türkiyədir".